TƏKLİK VƏ TƏNHALIQ
17-05-2023, 16:15
İlk nəzərdən mənasına görə çox yaxın anlayışlardır. Yalnız ilk nəzərdən. Bunu mən bir çoxlarından fərqli olaraq dərindən hiss etmişəm.
Həyatımın iki ilini təkadalıq kamerada keçirdim. Tək oldum. Amma tənha deyildim. Atam vardı. Anam vardı. Övladlarım vardı. Əziz bacım vardı. Dostlarım vardı...
Təklik çox ağır sınaq, işgəncə idi. Əmin edirəm ki, bəziləri üçün dözülməz işgəncə idi. Bəzilərinin bu sınağa dözə bilməyib sındıqlarının şahidi oldum. İndi başa düşürəm ki, onlar yəqin ki, tək olmaqla yanaşı həm də tənha imişlər...
Mən tək idim. Amma tənha deyildim. Məni sevən əzizlərimi, dostlarımı həyatımın təkadamlıq zindanda keçirdiyim iki ilinin hər dəqiqəsində, hər anında yamında hiss etdim.
İndi başa düşürəm ki, insanlar yalnız əzizləri, sevdikləri və onları sevənləri itirdikdə tənhalaşırlar. Hər itkidən sonra daha tənha olurlar. Ətraflarında onlarla, yüzlərlə, məinlərlə adam olsa belə...
Bu şəkil azadlığa çıxdığım ilk anlarda şəkilib. 2016-ci il martın 17-də. Artıq iki ildir ki, anamı itirmişəm....