ALLAH GEC EDƏR, GÜC EDƏR
26-05-2023, 10:34
Yaşı 70-ə yaxınlaşan bəzi akademik, doktor, ya professorların təzəliklə adam olmağa tamahları düşüb. Nə bilim, guya qara əməllərindən təngə gəlib adam olmaq istəyirlər. Bu yalnız xəyal ola bilər. Qatar çoxdan gedib.
Nə yazıq ki, özünün və vəzifələrə düzdürdüyü balalarının qara əməlləri və qanlı xəyanətləri onların adam olmaq şanslarını sıfra endirib. Bir dəfə də olsun, xalqın, dövlətin xeyrinə özlərinə “Dur!” deməyib, haqqı müdafiə etməyib, ortada yeyib, qıraqda gəziblər.
“Mənə nə?” prinsipi ilə ölkə idarəçiliyini viran qoyublar, korrupsioner məmura züy tutub dağıdıcılıq prosesinin aktiv iştirakçısına çevriliblər. Bu məsuliyyətsiz, acgöz və vicdansız alimlər dəstəsi özlərini təmizə çıxarmaq üçün bütün qara əməllərini dövlətin ən ali rəhbərliyinin məsuliyyətinə daxil edəcəklərini düşünərək rahatlıqlarına və harınlıqlarına zərrə qədər də korluq verməyiblər, qudurduqca qudurublar.
Onlar ört-basdlr əməliyyatında peşəkar artistlik sənətinə yiyələniblər.
Sən saydığını say, gör, fələk nə sayır. İndi vətənpərvərlik şeypurunu ağzlarına alıb ha üfürsələr də, dövlətçilikdən, ləyaqətdən, təmizlikdən, sədaqətdən dəm vursalar da, qara əməlləri və gizlətməyə çalışdıqları irili-xırdalı qanlı mülkləri dil açıb danışır və danışacaq, qudurmuş sahiblərinin başlarını əlhəqq daşına çarpdıracaq! Buna UCA RƏBBİN ƏDALƏTİNƏ inandığım qədər inanıram!
Idris Abbasov
Teref.az