Qum adalarının generalları

27-05-2023, 22:32           
Qum adalarının generalları
Müstəqil Azərbaycan uğrunda həlak olmuş zabitlərimizəı ittihaf olunur!
Mən bu küçənin poçtalyonu olmaq istəməzdim: evlərin nömrələri tez-tez dəyişdirilir, bəzisini ha axtar, tapa
bilməzsən. Tikililərdən biri uçurulur, yeri illərlə boş qalır; başqasını yanındakı binaya qatıb eyni ünvan verirlər,
üçüncüsünü, əksinə, bölüb nömrələyirlər.
Ümumiyyətlə, bu küçənin qəribə taleyi, düz şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, hətta öz sakinlərindən
də gizli saxladığı sirləri var. Fəvvarələr meydanına çıxan Yusif Məmmədəliyev küçəsindən danışıram. Əvvəl adı
Voroşilov olub. Ondan qabaq Kooperativnaya. Lap başdan isə Staropolitseyskaya…
***
Bakı, 1920-ci ilin mayı, Staropolitseyskaya küçəsi. Aprelin sonunda XI Qırmızı Ordu Azərbaycana təcavüz edib,
rus qoşunu paytaxta girib və özü ilə yeniliklər gətirib. Küçənin Parapet bağına (indiki Fəvvarələr meydanı – A.Ə.)
yaxın tərəfində 15/17 nömrəli binada yerləşdirilmiş Fövqəladə Komissiya (FK) həmin yeniliklərdən biridir. “Qırmızı
terror”un mücəssəməsinə çevrilmiş Komissiyaya rəhbərlik XI Ordunun Xüsusi şöbəsinin rəisi Semyon Pankratova
tapşırılıb. Bolşeviklər onu “Həştərxanın qənimi” adlandırırlar. Ötən yaz matros Pankratov Həştərxanda “çörək”
tələbi ilə küçələrə çıxmış fəhlələri qanına qəltan edib. Onların mitinqini pulemyot atəşi və qumbaralarla dağıdıb,
sağ qalan tətilçiləri isə barjlara yığıb, hərəsinin boynundan bir daş asıb, dənizdə batırıb.
Çekistlər (FK-nın əməkdaşları – A.Ə.) devrilmiş Bakı hökumətinin, buraxılmış parlamentin üzvlərini, əsasən də
tutduqları müsavat zabitlərini 15/17 nömrəli evin zirzəmisinə doldururlar. Yerli və xarici diplomatlar, o cümlədən III
dərəcəli nazir Titus Filippoviç başda olmaqla Polşa səfirliyinin əməkdaşları da burada saxlanılırlar.
Bir neçə gündən sonra əfsanəvi general, Litva tatarı, müharibə qəhrəmanı, keçmiş Krım hökumətinin sədri və
Azərbaycan ordusunun Baş qərargah rəisi Məmməd bəy Sulkeviçi onların yanına gətirirlər.
Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin ümumi şöbəsinin müdiri Meçislav Rudzinski xatırlayır:
“Biz bir kamerada saxlanırdıq, söhbət edir, fikirlərimizi bölüşürdük. Əvvəl yerdə yatırdıq… Sonra taxçalar düzəltdik.
Çevrilişdən bir neçə gün sonra sübh tezdən çekistlər gəldilər, bəzilərini oyatdılar… Tələsirdilər, məhbuslara onları
hara apardıqlarını demirdilər… Mən Məmməd bəy Sulkeviçə yaxın yatırdım. O, fürsət tapıb, bir neçəmizin əlini sıxdı.
Əmin idi ki, güllələnməyə gedir… Deməliyəm ki, özünü çox ləyaqətlə, mərd aparırdı”.
Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Məmməd Əmin Rəsulzadə isə əmisi oğlu, parlament
üzvü Məhməd Əli bəyin hekayətini qələmə alır:
“O, qorxmaz general Məmməd bəy Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan
Məhməd Əli bəy söyləyirdi: “Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı
çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik.
O, qorxmaz general Məmməd bəy Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan
Məhməd Əli bəy söyləyirdi: “Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı
çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik.
Müstəqil Azərbaycan uğrunda həlak olmuş şanlı zabitlərimizin xatirəsinə

General Sulkeviçin özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam:
“Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm. Xudahafiz!”
Rudzinskinin sözlərinə görə, bu hadisədən sonra kamerada məhbusların əlinə bir qəzet keçir. “Əksinqilabi
fəaliyyətə görə” qətlə yetirilənlərin uzun siyahısında onlar Sulkeviçin də adını tapırlar.
General 1920-ci il iyul ayının 15-də elə FK-nın həbsxanasındaca güllələnir. “Azərbaycanın həqiqi diktatoru,
cəlladbaşı Pankratov idi, – deyə Rəsulzadə onun qatili haqqında yazır. – Pankratovun əmri fövqündə bir əmr yox
idi”.
Staropolitseyski küçəsi
Matros Pankratov yeni vəzifəsində cəmi bir neçə ay, amma çox “məhsuldar” işlədi. Ən ağır cəzaya məhkum
edilənlərin heç də hamısını “ölüm adaları” Narginə, Quma, Bullaya göndərmirdi, bir hissəsini sadiq köməkçisi
yoldaş Lyubka ilə birgə yerindəcə – elə həbsxananın həyətində, ya zirzəmilərində güllələyirdi. Bundan zövq alırdı.
Axırda iş o yerə çatdı ki, Azərbaycan kommunistlərinin rəhbəri Nəriman Nərimanov da belə vəhşiliyə dözmədi, rus
çekistin özbaşınalığından Moskvaya şikayət etdi. Yazdı ki, matros kimi istəyir, güllə qabağına qoyur, öz qərarlarını
hətta İnqilab Komitəsi ilə razılaşdırmağa lüzum görmür.
İyun ayında Pankratov AzFK-da səlahiyyətlərini “milli kadr” Baba Əliyevə təhvil verərək, XI Ordunun Xüsusi
şöbəsinə qayıtdı, Azərbaycanda rus işğalına qarşı üsyanların yatırılmasında xüsusi amansızlıq göstərdi, bir ildən
sonra isə Əzrayıl kimi Gürcüstanın sinəsinə çökdü…
Staropolitseyski zirzəmilərinin sirri barədə məlumatlara açıq mənbələrdə yalnız təsadüfən oradan sağ çıxan
məhbusların qısa xatirələrində rast gəlmək mümkündür. Ahıl yaşlarına qədər ömür sürmüş, uzun müddət qohumu
Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru olmuş Ramazan Xəlilov yaddaşını eşələyir:
“Keçmişdə “Vəhşi diviziya”nın unter-zabiti olduğum üçün məni 1920-ci ilin iyununda həbs etdilər.
Staropolitseyskidə həbsxananın ümumi kamerasında ay yarım saxlayandan sonra Nargin adasına göndərdilər…
Xüsusi şöbənin göstərişi ilə “əşyalarsız” yola yığışmaq əmri alanları isə bizdən uzaqda olmayan Qum adasına
güllələməyə aparırdılar”.
Azərbaycanın Gürcüstandakı diplomatik missiyasının əməkdaşı Əsgərov-Kəngərlinski bir çox Cümhuriyyət
generallarının, o cümlədən hərbiyyə naziri Mehmandarov və onun müavini Şıxlinskinin də FK-nın
Staropolitseyskidəki kamerasında hökm gözlədiklərini yazır:
“…Məni Bakıda FK-ya köçürdülər, məşhur Pankratovun əlinə keçdim. Burada bir yığın hərbçiyə rast gəldim. Onların
arasında ən kiçik rütbəli zabitlər də, bütün qərargah heyəti ilə birgə hərbi nazir general Mehmandarov da var idi.
Başımıza açılan oyunların, mənəvi işgəncələrin hamısını sadalamayacağam. Bircə deyəcəyəm ki, hərbi nazırımızə,
hörmətli ağsaqqalımıza ayaqyolu təmizləmək təklif olunanda, biz gənc zabitlər həmin işi onun yerinə görmək üçün
irəli atıldıq, lakin əvvəllər adi polis olmuş erməni gözətçi kobudluqla bizi geri itələdi, dedi ki, klozeti, saqqalı ilə də
olsa, Mehmandarov təmizləməlidir…”
Bu xatirələrlə yanaşı, bəzi arxiv materiallarını da araşdırdıqdan sonra belə nəticəyə gəlmək olur ki, bolşeviklər
ölümə məhkum etdikləri adamların heç də hamısını Xəzər adalarına diri göndərmirlərmiş. Görkəmli ziyalılarımızı,
generallarımızı gecələr birbaşa Pankratovun idarəsində qətlə yetirir, meyitlərini “cəza yerləri”nə daşıyırlarmış.
Orada onları adsız-nişansız qəbirlərdə basdırır, yaxud meyitlər şişib suyun üzünə qalxmasın deyə, boyunlarına yük
keçirib (matrosun tanış “xətti”!!!) dənizə tullayırmışlar…
***
Bakı, müasir dövr, Yusif Məmmədəliyev küçəsi. Yoldan ötənlər hər binanın qabağında dayanan, giriş-çıxışları
yoxlayan, zirzəmilərə boylanan kişiyə təəccüblə baxırlar. Şəhərdə yarışir-yarıqartal heykəlləri ilə məşhur “Qrifonlu
evin” eyvanından bir qadın onun hərəkətlərini diqqətlə izləyir.
– Nə axtarırsınız? – Qadın hökmlə soruşur. – Keçən dəfə də biri buralarda hərlənirdi. Nəsə itirmişdi, tapammırdı.
Polis çağırdıq.
“Polis məsələsi”ni yalan deyir, amma söhbətin nədən və kimdən getdiyini bilirəm. Bu, Elmlər Akademiyasının işçisi,
“Zerkalo” qəzetinin əməkdaşı Rəşad Rüstəmov (ruhu şad olsun) idi. AXC dövrünü araşdıran bir tarixçi kimi, ondan
özüm xahiş etmişdim. “Qrifonlu ev”in eyvanından bütün küçəyə nəzarət edən qadının sorğu-sualına məruz qalsa
da, Rəşadın işə çox köməyi dəymişdi.
Biz 15/17 nömrəli evi axtarırıq. 15 saylı bina 1920-ci ildə AzFK-nın yerləşdiyi məkan haqqında hətta ən ümumi
təsvirlərə belə uyğun gəlmir. “17” lövhəsi isə heç harda gözə dəymir. Növbəti, 19 nömrəli bina da bizə lazım olan
deyil, amma ipucu verir. Bu, ötən əsrin əvvəlində Rılski qardaşlarının sifarişi ilə, memar Ploşkonun layihəsi üzrə
tikilmiş gözəl bir mülkdür. Mən şəhərin həmin illərə aid planını əldə etmişəm, Staropolitseyskidəki ev və mənzil
sahiblərinin siyahısını çıxartmışam. 1920-ci ildə Rılskilərin mülkünün ünvanı “Staropolitseyski, 11” olub. Polşanın
Azərbaycanda ilk diplomatik nümayəndəliyi bu evdə yerləşib və Pankratov səfirliyin heyətini məhz buradan tam
tərkibdə öz idarəsinin zirzəmisinə köçürüb.
Beləliklə, əgər o zamankı 11 nömrəli binanın üstündə indi 19 yazılıbsa, axtardığımız 15/17 nömrəli evin də ünvanı
23/25-ə dəyişməlidir.
Şənbə günü camaatı əbəs yerə narahat etməmək üçün əvvəlcə səhvə yol vermədiyimizə əmin olmalıyıq. Üz
tutduğumuz 7 saylı Mənzil-kommunal sahəsində AzFK-nın bu aralarda yerləşməsi barədə eşitməyiblər, amma
binalar haqqında məlumat verirlər.
– Küçədəki 21-ci binanı bir bank alıb. Damından tutmuş zirzəmisinə qədər hər şeyi təzələyib. Ancaq 23 nömrəli
evin balaca, mənzillərin artırmaları ilə daraldılmış həyəti və boş zirzəmisi qalır. Çətin ki, oranın sakinləri sizə
binanın keçmişi barədə nəsə danışa bilsinlər, çoxu kirayənişindir, biri gedib biri gəlir…
Nəhayət, mən 1920-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının yerləşdiyi binalardan birinin önündəyəm. Fasad
rənglənib, küçəyə baxan mənzillər obyektlərə icarəyə verilib. Girişin sağını-solunu qərb üslubunda reklam lövhələri
bəzəyir: Sol əldə “Pab ənd Grill”, sağ əldə “Kaffehaus”. Arada uzun dəhlizli keçid var.
Həyətə daxil oluram. Şəhərin səsləri itir, bura sakitlikdir. Dar həyətdə heç kim yoxdur. Düz qarşımda dəmir qapılı
zirzəmiyə aparan köhnə pilləkən görürəm. Pillələri enirəm, qapını açır, fotoaparatın işığını yandırıb düyməsini
basıram.
Sonra içəriyə doğru bir-iki addım atıram və… dəhşətdən donuram.
Qaranlıqda göz-gözü görmür, nəfəs almaq çətindir, turşumuş nəm havada indiyədək mənə məlum olmayan zəif bir
qoxu da hiss edirəm.
Osvensim məhbusu Cina Tergelin möcüzəvi xilasdan 70 il sonra dediyi sözlər yadıma düşür: “Həbsxananın kabusqoxuları məni həmişə təqib edir”.
Bayıra atılıram və ikinci mərtəbənin eyvanında paltar asan, bir gözü məndə olan yaşlı qadını ipdən sallanmış
mələfələrdən yalnız indi seçirəm. Elə bilirəm, o da bayaq “Qrifonlu ev”in eyvanından baxan xanım kimi üstümə
çımxıracaq. Amma paltar sərən qadın kədərlə gülümsəyir:
– Dəhşətlidir, hə? Biz bu zirzəmini “lənətlənmiş yer” adlandırırıq. Çalışırıq, ora girməyək.
– Niyə “lənətlənmiş”?..
– Deyilənlərə görə, Bakını alan bolşeviklər tutduqları müsavatçıları burda saxlayıblar, çoxunu güllələyiblər.
Uşaqlıqda anamız bizi qorxudurdu ki, orda ruhlar gəzir. Bir də bizə deyirdilər, o zirzəmi əyri-üyrü yollarla dənizə
qədər uzanır, dərin quyuları var, azıb qalarsınız, ya quyuya düşərsiniz, heç kim tapmaz.
– Düzü, mən orada genişlik hiss etmədim, havası da çox ağırdır, qapalı yerdir.
– Yəqin, qonşu binanı təmir edəndə ustalar aranı kəsiblər.
– Həyətinizin başqa sakinləri ilə də danışmaq olarmı? Bəlkə, yenə nəsə deyə bilərlər?
– Siz kimsiniz ki?
– Mən? Sizin zirzəminin sirrini öyrənmək istəyən birisiyəm. Jurnalistəm.
– Yox, – qadın çiyinlərini çəkib boş ləyənini qoltuğuna vurur. – Qonşular bura təzə gələnlərdir. Mən
söylədiklərimdən artığını eşitməyəcəksiniz.
23 nömrəli evdə mənzil sahibi Sevil xanım əməkdaşımız Ülviyyə Şahinə “Lənətlənmiş zirzəmidən” danışır
***
Həyətə girdiyim dəhlizlə geri qayıdıram və… Staropolitseyski küçəsinə düşürəm. Generallar, polkovniklər,
kapitanlar, poruçiklər son paradda olduğu kimi cərgə ilə qarşımdan keçirlər. Hamısını əsgəri qaydada
salamlayıram. Onlar nəsillərin əbədi ehtiramına layiqdirlər! Çünki bu zabitlər bir əsr əli tüfəng görməmiş millətin
oğullarından ən qısa zamanda nizami ordu yaratmağa müvəffəq olublar. İki illik Cümhuriyyət dövründə üç hərbi
kampaniya keçiriblər, hər üçünü uğurla başa vurublar! Guya Türkiyənin köməyinə tələsən 70 minlik rus ordusu
namərdlik edib üzünü Bakıya döndərəndə onların böyük əksəriyyəti hələ də uzaqda, Qarabağda vuruşurdu. Odur ki,
ələ keçən yüksək rütbəli Azərbaycan zabitlərini tələm-tələsik FK-nın zirzəmilərinə dolduranda, generalları
güllələyəndə bolşeviklər nə etdiklərini yaxşı bilirdilər.
İşğalın ilk ilində birbaşa FK-da və Xəzər adalarında çekistlər Hərbiyyə nazirliyinin 497 zabit və əməkdaşını qətlə
yetirdilər. Onların arasında 12 şanlı generalımız da var idi: Həbib Səlimov, Murad Gəray Tlexas, Məmməd Sulkeviç,
Əbdülhəmid Qaytabaşı, İbrahim Usubov, Əliyar Haşımbəyov, Əmir Kazım Mirzə Qacar, Feyzulla Mirzə Qacar… Hələ
Qarabağda, Gəncədə, Zaqatalada, digər bölgələrdə üsyanlar zamanı öldürülən nə qədər əsgər və zabitimiz oldu…
Hansı zamanda, hansı küçədə olduğumu anlamaq üçün bir də arxaya dönüb, binanın üstündəki lövhəyə baxıram:
“Yusif Məmmdəliyev, 23-29”. Sol əldə “Pab ənd Grill”, sağ əldə “Kaffehaus”. Arada uzun dəhlizli keçid…
Keçmiş həbsxanalarda kafelər, kameralarda meyxanalar açmaq indi dəbdədir, bir növ, kreativlik əlamətidir. Ancaq
məntiq və mənəviyyat çərçivələri də uçurulub dağıdılmamalıdır axı! Odur, 23 nömrəli evlə üzbəüz boş bir sahə var.
Hələlik ondan maşın dayanacağı kimi istifadə edirlər, amma şübhəm yoxdur ki, artıq kiminsə beynində burada da
bir bank, yaxud VİP-restoran tikmək planı yetişir. Bəlkə bu dəfə tarixə ehtiram hissimizi gəlir qazanmaq
ehtirasımızdan üstün tutaq, cibimizə yox, ruhumuza xidmət edək? Bəlkə o boş sahədə müsəlman dünyasında ilk
demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin “qırmızı terrorun” qurbanı olmuş şanlı zabitlərinə
abidə ucaldaq, Fövqəladə Komissiyanın keçmiş binasını isə “lənətlənmiş zirzəmisi” ilə birgə “ON İKİ GENERALIN
MUZEYİ”nə çevirək?
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.