Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı

31-05-2023, 00:10           
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı
Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatında olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədib Vaqiflə yanaşı İran hökmdarı Ağa Məhəmməd şah Qacarında obrazını yaratmışdır. Əsərdə Səməd Vurğun Ağa Məhəmməd şah Qacarı M.P.Vaqifə əks qütbdə yaratmışdır. Hər iki tarixi şəxsiyyət bir-birinə qarşı qoyulmuşdur. Ədib Ağa Məhəmməd şah Qacarı əsərdə əsas lakin, mənfi surət kimi təqdim edir. Ağa Məhəmməd şah Qacar Vaqiflə mədəniyyət, torpaq, xalq, millət, dil, söz, ədəbiyyat, mədəni irs savaşına çıxır. Vaqif dərin zəkası hesabına Ağa Məhəmməd şah Qacarın bütün sözlərinə cavab verib, ona yerini göstərə bilir. Səməd Vurğunun Ağa Məhəmməd şah Qacarı əsərində qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə kin bəsləyən biri kimi təqdim etməsinin bir səbəbi də Vaqifə olan hədsiz sevgisi idi. Ağa Məhəmməd şah Qacar əsərdə öz hirsinə qalib gələ bilməyib, dünyanın hər gözəlliyini qəbul etməyən, yalnız qılınc gücünə güvənən biri kimi təsvir olunur. Onun tanrısı qılınc və qan olur. Bu səbəblərdə Ağa Məhəmməd şah Qacara hamının qəzəb və nifrətini qazandırır. O, çox günahsız qanların axmasına bais olmuşdu. Səməd Vurğun Ağa Məhəmməd şah Qacarı əsərdə etiqadsız və etibarsız biri kimi göstərir. Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacarın dilindən tez-tez təkrar edilən bu sözlər onun insan qanına susadığının, bəşəriyyətə fəlakətlər gətirməyinin başlıca göstəricisidir. Dramda Qacarın bu qədər çox qəddar təsvir olunmasının əsas səbəbi kimi onun Şuşaya hücumunu, şəhəri əsarəti altına almasını göstərmək çox düzgün olardı. Ədib Qacarın əsl niyyətinin soymaq, talamaq, qan tökmək, ona qarşı çıxanları əsir götürmək, torpağı ələ keçirmək olduğunu böyük dramaturq qələmi ilə yazıya almışdır.
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə birxanimandır!..
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!


Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar özünün nəsil-nəcabəti ilə daim öyünür. Ədib isə Qacarı şərəfsiz, məsləksiz bir fateh kimi təqdim edir. O, Şuşanı əsarəti altına ala bilsədə, oranı tabeliyində saxlaya bilmir. Qarabağda at oynatmaq istəyən Ağa Məhəmməd şah Qacar burada öldürülür. Səməd Vurğunun İran padşahına nifrətini onun hər misrasında görmək olur. Ədibin bu nifrətinin səbəbidə odur ki, Ağa Məhəmməd şah Qacar Şuşada ədalətsizlik edir, qan tökür, başqalarının torpağını işğal edir. Qacarın bu dedikləri onun əsl simasını oxucuya çatdırır:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ,
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də yer üzünün bir Allahıyam.
Gərək biz qoymayaq daşı daş üstə,
Atın yığın-yığın leşi baş üstə!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır!..
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı ədalətsiz, qəddar, cani, insan qanına susayan, bəşəriyyətə fəlakətlər gətirən, etiqadsız və etibarsız biri kimi təqdim olunub. Səməd Vurğun əsərindəki Qacarı öz təxəyyülünə uyğun olaraq elə canlandırmışdı. Ədib bu yaratdığı Qacar obrazı ilə ədəbiyyatda bir çox yeniliklər etdi. Səməd Vurğunun “Vaqif” dramındakı Ağa Məhəmməd şah Qacar obrazını təhlil edərkən, onun yazıldığı zamanı və şəraiti nəzərə almaq lazımdır. Əlbəttə ki, Səməd Vurğunun yaşadığı zamanda hər hansı şahı tərif etmək qeyri- mümkün idi. Belə ki, əsər Sovet dönəmində Azərbaycan SSRİ-nin işğalı altında olan zaman yazılmışdı. Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacar Azərbaycana düşmən mövqeyində dayanan, hədsiz dərəcədə zülmkar, vicdanını tamami ilə itirmiş, bütün bəşəriyyətə nifrət edən, yalnız qan tökməkdən həzz alan bir hökmdar kimi təqdim olunub. Ədib qəddar şahın simasını onun öz dili ilə ifşa edir. Səməd Vurğun əsərdə tipi öz dili ilə ifşa edib, onun xarakterini oxucuya tipin öz dili ilə çatdırır.
Ana qarnındakı o qandanam mən...
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandıır.
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın Azərbaycanlı olduğunu dönə-dönə bildirir. Lakin Qacar vətəninin Azərbaycan və soyunun isə türk olmasını heç cür qəbul etmir. Qacar İran torpağının yetişdirdiyi Firdovsilər ilə bütün əsər boyunca fəxr edir. Ümumilikdə, Qacar türk dilini, millətini sevməyən, farspərəst bir hökmdar kimi təsvir olunub. Əsərdə Ağa Məhəmməd Şah Qacarın niyyətinin Qarabağ xanlığını tabe edib, buranın millətini farslaşdırmaq olmağı fikri təsdiqini tapır. Səməd Vurğun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın öldürülməsini tarixi reallıqlardan tam fərqli olaraq qələmə almışdır. Ədib Qacarın ölümünə öz təxəyyülünə uyğun yanaşmışdır. Səməd Vurğun Ağa Məhəmməd Şah Qacarın M.P.Vaqifi və oğlu Əli bəyi edam etdirdiyi zaman üsyançı Eldarın dəstəsinin onları xilas etməsinin təsviri ilə əsərinin baş qəhrəmanının faciəli ölümünü qələmə almır. Qacarla qılınc davası edən Eldar şahı yaralayır və qapıçı Qacarı arxadan vurub öldürür. Səməd Vurğunun “Vaqif” dramının sonluğunu belə yazmasının bir səbəbi də sovet idealogiyası idi. Əsərdə xeyiri təmsil edən Vaqif şərə, yəni Qacara qalib gəlməli idi. Əsər Şah Qacarın obrazını mənfi şəkildə təqdim etməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında xüsusi mövqeyə sahibdi
Atakişiyeva Həcər
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.