YAXŞI İNSANLAR XƏBƏRSİZ GEDİR
19-06-2023, 12:24
Bu sözləri hansı əsərdən oxuduğumu xatırlamıram.Ancaq moderator.az saytının Baş redaktoru, tanınmış jurnalist və dəyərli mərhum dostumuz Zülfüqar bəyin dünyasını dəyişdiyini eşidəndə ilk xatirladığım bu sözlər oldu.
Zülfüqar bəy peşəcə jurnalist idi və redaktorluq fəaliyyətində bu peşədən gələn xüsusiyyətləri qorumağa çalışırdı.Onun redaktoru olduğu saytdakı yazılara diqqət etsəniz milli maraqlarla yanaşı informasiyanı çatdırmaq mədəniyyəti elementlərini də görmək mümkündür.
Zülfüqar bəy oxucu auditoriyasına sayğılı yanaşırdı və təqdim etdiyi yazılarda bu faktlarla da təsdiqlənirdi.
Zülfüqar bəy saytın ətrafına istedadlı müəlliflər toplaya bilirdi və bu da onun böyük uğurlarından biri idi.
Zülfüqar bəy bu keyfiyyətləri bir zamanlar “Əkinçi”nin ətrafına yazıçı N.Vəzirovu, Ə.Goranini və digər ziyalıları toplayan H.Zərdabi ənənələrinin, “Kaspi” qəzetində Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin dəyərli yazılarını oxuculara təqdim edən redaktor Ə.M.Topçubaşovun, “İrşad” qəzetində M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin,H.Vəzirovun yazılarının getməsinə şərait yaradan Ə.Ağaoğlunun, M.Ə.Sabir, A.Səhhət, Ə.Qəmküsar kimi istedadların yazılarına yaşıl işıq yandıran “Molla Nəsrəddin” jurnalının Baş redaktoru C.Məmmədquluzadənin redaktorluq xüsusiyyətlərini yaşatmağı bacaran bir jurnlist idi.
O, cətin məqamlarda belə saytdakı yazıları məddahlıq elementlərindən qorumağa çalışırdı.Vacib və aktual mövzuları isə tərəddüd etmədən oxuculara təqdim edirdi.
Bu gün təəssüflər ki, Zülfüqar bəy sıralarımızda yoxdur.Lakin onun yaddaşlarımızda yaşayacaq bir adı və jurnalistlik istedadı qalmaqdadır.
Ondan yadigar qalan bir oğlu Hüseyn isə BDU-nun jurnalistlika fakültəsində təhsil alır.Deməli Zülfüqar bəy bizimlə birlikdədir.
Nasiman Yaqublu
Teref.az