Cümhuriyyətimiz rus-erməni qatillərin və milli bolşeviklərin əli ilə boğulduqdan bir neçə gün sonra...- İndi anlaşılırmı ki, qaliblər niyə məğlublarla savaşırlar?
21-06-2023, 00:05
Elçi Bəyin 85 illiyinə həsr edirəm...
1920-ci ildə... Cümhuriyyətimiz rus-erməni qatillərin və milli bolşeviklərin əli ilə boğulduqdan bir neçə gün sonra...
Nəriman Nərimanov rus silahının gücü ilə Azərbaycana gəlir. İlk çıxışını mayın 16-da Təzəpir məscidinin önündə edir.
Deyir: Ey camaat! Biz komissiya yaratmışıq, bir neçə aydan sonra sizə hesabat verəcəyik. Onda biləcəksiniz ki, bu antiazərbaycançı, antimüsəlman musavatçı-cümhuriyyətçi xainlər sizi necə aldatmışlar. Onların... dövlət malını talan etdikləri, rüşvətxorluqları, oğurluqları haqda hər şeyi açıb göstərəcəyik. Biz indi onların Azərbaycandan oğurladığı varidatın haq-hesabını aparırıq. Komissiya yaratmışıq, cümhuriyyətçilərin talanı ifşa ediləcək.
Əlbəttə, mitinqçilər alqışladılar... talançılar tanınmalıdır...
Nərimanovu Azərbaycana hakimiyyətə Lenin göndərmişdi. Bir neçə il sonra, əl-ayağa dolaşdığını görüb elə həmin Kreml bu "uzaqgörən dövlət adamını" öldürmək üçün Bakıdan Moskvaya apardı.
Azərbaycanda rəhbər olduğu həmin bir neçə ildə komissiya Nərimanovun xüsusi göstərişi ilə var gücü ilə işlədi, ələk-vələk elədi və sonda... yaratdığı komissiya Nərimanovu məyus etdi.
Bu təftiş Nərimanovun nəyinə lazım idi? Zatən, qalib idi...
Bu məqamda məsələ siyasi deyil, psixolojidir. Nərimanova bəraət lazımdır. Adam daşnakları Azərbaycanda hakimiyyətə gətirmiş Leninə dəstək verib. Özü bilməsə də şüuraltısı bilir.
Artıq Cümhuriyyəti yenməklə sakitləşə bilmir. Özünə mənəvi təsəlli axtarır. Bu təsəlli həm şəxsinə lazımdır, həm tarixə iz atmaq istəyir, həm də toplumun kollektiv ağlını təskin etmək üçün idi.
O, cümhuriyyətçiləri ləkələməklə öz natamamlıq kompleklərini doyurmaq, milli dövləti devirmək kimi cinayətkar əməllərinə bəraət uydurmaq istəyirdi. O, ağıllı adam idi, özünü görürdü və olduğu kimi görünmək onu hürküdürdü. Azərbaycanı "talançı, rüşvətxor, xain, antimilli ünsürlərdən" qurtaran qəhrəman obrazı yaradırdı öz xəyalında. Və bu xəyalı obrazı topluma sırımaq istəyirdi.
Amma olmadı. Ziddi oldu!
Görünür, Nərimanov cümhuriyyətçilərimizi nə qədər dərindən tanısa da, çoxları ilə bir müddət yoldaş olsa da onların siyasi əxlaqı barədə təsəvvürü yox idi. Və ya sıravi bir böhtançı idi.
Böhtançı olmaq üçün isə Nərimanov boyda dövlət adamı olmağa gərək yox idi. O səviyyədə böhtançılara biz hər gün fb-də rast gəlirik.
Hər gün Elçi Bəyə "nərimanov komissiyaları"nın 30 ildən bəri ortaya çıxara bilmədiyi "Təzəpir nitqi" yağdırırlar.
Nərimanov kimi leninçi bolşeviklərin hələ də davam edən üslubu budur: dəlil tapmırsansa... böhtan at... və atmaqdadırlar...
Qayıdaq konumuza... Nərimanov bir dövlət adamıdır. Xidmətləri var. Tariximizdə yeri danılmazdır... hələlik heykəli də var Bakıda... amma bolşevikdir. Milli varlığımızın, azadlığımızın, süverenliyimizin düşməni olan rus bolşevizminin, talançı, irticaçı rusizmin, daşnak hegemonluğunun bayraqdarıdır.
Hakimiyyət dövründə erməni silahdaşlarının etdikləri cinayətlərə kiçik (sayılmaz) etirazlar bildirsə də... artıq gec idi. Uduzmuşdu, ömrünü uduzmuşdu. Mart Qırğını boyda yerə-göyə sığmaz cinayəti - qətliamı görmüş və yenə o yoldan çəkilməmiş, bolşeviklərlə və daşnaklarla əlaqəsini daha sıx tutmuşdu.
Məncə, Nərimanovun xidmətləri arasında ən mühüm yer tutan məsələ - komissiya yaradıb cümhuriyyətçiləri təftiş etdirməsidir.
İnanın, danılmaz xidmətdir...
Çox sağ olsun...
Onun bu xidməti tariximizdə mühüm iz qoymuşdur. Nərimanov cümhuriyyətçilərimizin dövləti əxlaqını tarix qarşısında isbat etmişdir. Aylarla, illərlə işləyən komissiya qovluqları arxivlərə boş yerləşdirmişdir...
Nərimanovun Təzəpir məscidindəki iftira dolu nitqindən və yaratdığı komissiyadan sonra hər şey aşkar olmuş, kimin kim olduğu həmin gün üçün olmasa da gələcək üçün aydınlaşmışdır. Nərimanovun əli ilə tarixə dövlət adamı olmağın, dövlət əxlaqı daşımağın misilsiz örnəkləri olan məktublar, sənədlər bəxş edilmişdir.
Nərimanov isbat etmişdir ki, cümhuriyyətçilər dövlətin cibindən bir qara qəpik belə götürməmişlər. Əksinə, ən qiymətli olanı - ömürlərini vermişlər Cümhuriyyətə...
Nərimanov sübut etmişdir ki, cümhuriyyətçilər misilsiz bir dövlət əxlaqına sahib idilər.
Nərimanov sübut etmişdir ki, cümhuriyyətçilər böyük dövlət adamları idilər. Milli hədəf, milli iradə, milli əxlaq sahibləri idilər. Gözləri tox, özləri ləyaqət, şərəf sahibləri olan münəvvərlər idi cümhuriyyətçilər.
Cümhuriyyətçilər rus istibdadına qarşı ən böyük mübarizlər idilər, onlar Dünyanın bu gün Ukraynada gördüyü işin təməlini qoyanlardan idilər.
Nərimanovun komissiyası sübut etmişdir ki, özünün Təzəpir nitqi böhtandır, utanmazlıqdır.
Və nə yazıq ki... bu ölməz "nərimanov böhtançılığı" hələ də davam edir. Nərimanov... aylarla, illərlə işləyən komissiyalardan, boş qalmış qovluqlardan heç nə tapmayan, ümidi böhtana qalmış xələfləri ilə hələ də ömrünü davam etdirir.
Yəni, bütün tarixi şəxsiyyətlərimiz kimi Nərimanov da diridir və bizimlədir.
Bir sual da maraq doğurur: rus süngüsü ilə hakimiyyətə gəlmiş Nərimanov Təzəpir məscidində, millət qarşısında niyə yalan danışır, niyə cümhuriyyətçilərə şər, böhtan atırdı?
Məncə, hakimiyyət zor gücünə dəyişsə də cümhuriyyətçilərin nüfuzu indi olduğu kimi o dövrdə də xalq arasında çox yüksək idi. Nərimanov çevrilişin qalibi olmuşdu. İqtidara sahib olmaq artıq onun üçün keçilmiş mərhələ idi. İndi o, cümhuriyyətçilərin xalq arasında olan nüfuzuna dözmürdü. Və cümhuriyyətçilərin ad-sanına, şərəfinə qarşı savaş açmışdı.
İndi anlaşılırmı ki, qaliblər niyə məğlublarla savaşırlar?
Qaliblər niyə məğlublardan əl çəkmirlər?
İndi anlaşılırmı ki, niyə hələ də Elçi Bəyin şəxsiyyəti, siyasəti və hakimiyyəti haqqında şər-böhtan dildən düşmür?
İndi anlaşılırmı ki, həm şanlı Cümhuriyyətimizin bərpası, həm də boş qalmış "nərimanov qovluqları" Elçi Bəyin adını tarixə qızıl hərflərlə nədən yazıb...
Bu... rahatsız edir...
Mehriban Vezir
Teref.az