Azərbaycan türklərinin böyük oğlunun xatirəsinə: Nadir şah Əfşar kimdir?
20-06-2023, 17:25
Tarix əsasən 2 yerə bölünür: bir xalqların tarixi, bir də hökmdarları tarixi. Əslində xalqların tarixi zamanın axınına o qədər də təsir göstərmir. Amma hökmdarların, şahların bir sözü, fərmanı, hərəkəti ilə tarix də dəyişir, xalqın taleyi də
Bu gün sizə Azərbaycan-türk hökmdarı Nadir şah Əfşar haqqında danışmaq istəyirik, amma rəqəm və hadisələrlə başınızı yormadan. Onun adını çəkəndə sovet dövründən qalma bir vahimə bürüyür çox insanın canını: qəddar, oğlunun gözünü çıxaran, qanlar tökən hökmdar. Bu qədərmi? Bəs onun xidmətləri? Təbii ki, torpaqlarını genişləndirmək istəyən hökmdar rəhimli ola bilməz. Nadir şah Əfşar da elə. Avropa tarixçiləri tərəfindən Şərqin Napoleonu adlandırılan bu böyük türk imperatoru hər bir halda - bütün müsbət və mənfi xüsusiyyətləri ilə birgə bir qəhrəmandır. Bəs niyə onun qəhrəmanlığından daha çox zalımlığından bəhs edilib?
Sovetlər vaxtında uzun müddət milli qəhrəmanların, sərkərdələrin deyil, qaçaq-quldurun tarixlərini öyrədiblər. Məsələn, “Bizim xalq Həcər övladıdır, Nigar övladıdır, Koroğlu övladıdır” və s. Amma heç zaman inkan verməyiblər deyək ki, biz Türk övladıyıq, Türk şahları bizim babalarımız olub və qonşu dövlətlər vaxtilə bizim uzunmüddətli hakimiyyətimizdə olub. Əl-qərəz, hökmdarlarımız haqqında bizdə daha çox mənfi rəy yaradılıb.
Tarix əsasən 2 yerə bölünür: bir xalqların tarixi, bir də hökmdarları tarixi. Əslində xalqların tarixi zamanın axınına o qədər də təsir göstərmir. Amma hökmdarların, şahların bir sözü, fərmanı, hərəkəti ilə tarix də dəyişir, xalqın taleyi də, mədəniyyəti də, ərazilər də. Bax, belə hökmdarlardan biri Oğuz tayfalarından biri olan Əfşarlara, onların Qırxlı qəbiləsinə mənsub Nadir şahdır.
Nadir savadsız və təhsili olmayan bir oğlan idi. 14 yaşına qədər anası və qardaşı ilə birgə yaşadığı Xorasanda çobanlıq etmiş, qoyun-quzu otarmışdı. Onun əcdadları hələ Şah İsmayıl Xətai zamanında – 16-cı əsrin əvvəllərində Azərbaycandan Xorasana köçürülmüşdü. Baxmayaraq ki, Xorasan İranın fars vilayəti idi, bu adam fars dilini pis danışır, ərəb dilini isə heç bilmirdi. Azərbaycan türkcəsinin sadə tərəkəmə ləhcəsində, bəzək-düzəksiz danışırdı. Osmanlı sultanı 1-ci Murada (I Murad, hak. 1730-1754) da məktubu türkcə göndərirdi. Milli duyğusu olan bir hökmdar kimi Nadir şah məktublarında Osmanlı və Azərbaycan-İran türklərini bir-birinə doğma hesab edirdi.
Nadir şah uşaqlığından ölənəcən çox mürəkkəb dövrdə yaşamışdı. Bu, Səfəvilər dövlətinin tənəzzülə getməsi ilə bağlı idi. Bir tərəfdən I Pyotr Həmədana qədər gəlib çıxmışdı, bir tərəfdən İran və Ərəbistan yarımadası arasında yerləşən, Hind okeanına qədər yol alan Hörmüz boğazı, yəni Kəngər körfəzini (Türkiyədə Bəsrə körfəzi deyilir) portuqaliyalılar tutmuşdu, ölkənin o zamankı paytaxtı İsfahanı əfqanlar işğal etmişdi, Osmanlılar da Təbrizi almışdı. Qalmışdı köhnə paytaxt Qəzvin və bir neçə şəhər. II Təhmasibin adı şah qalmışdı, özü faktiki olaraq şah kimi heç bir qərar verə bilmir, ölkəni bu bəlalardan çıxara bilmirdi.
Bura qədərki qabiliyyətlərinə görə baş sərkərdə seçilən Nadir qanla gedən torpaqları qanla almaq qərarına gəlir. Heç bir danışığa zaman sərf etmədən qısa müddətdə Kəngər körfəzinin bütün sahillərini avropalılardan - portuqaliyalılardan alır, rəqibləri Bağdada qədər gedib sıxışdırır, Kərkükü, Süleynmaniyyəni qaytarır, bir güllə atmadan rusları Dərbənddən 200 km. o yana çıxarır. Əfqanları darmadağın edib paytaxt və onun ətrafından qovur, Cənub Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlılardan azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalır.
Bütün bu ərazilər çox az müddətdə - cəmi 9 il ərzində baş verir. Çox qısa zamanda tam fərqli istiqamətlərdə olan bu qədər torpaqları azad etmək Nadir şahın fenomenliyi - dahi sərkərdəliyi, fitri istedadı, diplomatiyası sayəsində idi. 200 il ərzində Səfəvi şahlarının görə bilmədiyi işi, yəni Şah İsmayılın rəhbərliyi ilə Qızılbaşların yaratdığı böyük bir ərazinin parçalarını bir araya gətirdi, bərpa etdi, təzədən birləşdirdi.
Beləliklə, Nadir şah baş sərkərdə olmaqla bir çox idarəetmə onun əlində idi və da şahı hakimiyyətdən uzaqlaşdırıb əvvəlcə kiçik yaşlı son Səfəvi şahı III Abbasın hamisi olur, daha sonra isə 1736-cı eldə Muğanda qurultay keçirir və guya təkidlə şah elan edilir, tacqoyma mərasimi olur. Niyə guya? Bu qurultayda Nadir şah hakimiyyətdən o qədər imtina edən təsiri bağışlayır ki, bəziləri həqiqətən onun şah olmasına etiraz edirlər, amma sonradan bu etiraz edənlər bir-bir yoxa çıxarılır. Qurultaya gələnlər və səs verənlərə isə erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır.
Bu və bu kimi hakimiyyət çevrilişlərinin bizim kimi sadə insanlar üçün qəribəliyi olsa da, tarix üçün canlı şahmat oyunundan başqa bir şey deyil. Amma, gəlin görək, Nadir şahı hakimiyyətə yalnız özünü layiq bilməsinə hansı səbəblər var idi və ya olacaqdı? Yəni, əziz dinləyicilər, Nadir şahın xidmətləri nələr idi?
Azərbaycanı tam birləşdirdikdən – bütöv halına gətirdkdən sonra Nadir şah Əfşar ölkənin sərhədlərini böyütmək – imperiya yaratmaq fikrinə düşür. Əvvəlcə Əfqanıstana yürüş edir, sonra Hindistana. Dehlini tutur, Buxara və Xarəzmi ələ keçirir.
Hindistana sonuncu dəfə Əmir Teymur səfər etmişdi, Dehliyə qədər girmiş, amma bütövlükdə Hindistanı ala bilməmişdi. Amma Nadir şah Hindistanı ələ keçirir, o zamankı pulla ona hər il 700 milyon rupi xərac verirlər. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "Kuhi-nur" ("nur dağı") adlanan daş da vardı.
Beləliklə, bağlanan müqaviləyə görə isə Hind çayının sağ qolu, yəni qərb tətəfi bütövlüklə Əfşarlar dövlətinin ərazisinə qatılır. Bunu ilk dəfə Azərbaycanlı hökmdar edir, yəni Nadir şah Əfşara qədər heç bir İran şahı birbaşa okeana açıq çıxış etməmişdi.
Hindistan yürüşündən sonra Nadir şah paytaxt Məşhədə qayıtmır. Heratda dayanır, müharibə hazırlıqları görür və Çin sərhədinədək indiki Orta Asiya ərazisini – Türküstanı tutur, bundan sonra Məşhədə qayıdır. Amma paytaxtda da rahat durmur. Deyirmiş “Mənim paytaxtım at üstündədir”. Bir aydan artıq otura bilmirdi paytaxtda. Bu, onun səhvlrindən biri idi.
Nadir Rusiya ilə müharibəni düşünür. Rus çarı ona məktub göndərərək “Gəl birləşək, bir yerdə Osmanlı imperiyasını məhv edək” deyir. Amma Nadir şah ona: “Mən təkbaşına bir addım atdım, Hindistanı tutdum, bir addım da atsam, dünyanı tutaram” yazır. Yəni “İstəsəm, sənsiz belə Osmanlını tutaram” demək istəyir.
(Nadir şah gəlib Terek çayının kənarında durur, Krasnodar vilayətinə az qalmış. O zaman ingilislər söz vermişdilər ki, ona kömək edəcəklər.)
Amma Nadir şahın Rusiyaya hücum etməməsinin səbəbi Osmanlı sərhədlərindən narahatlığı idi. Çünki Osmanlı sultanı I Murad hücum etməyəcəyinə dair təminat vermirdi. (1738-ci ilin dekabrında Nadir şahla Osmanlılar arasında bağlanmış müqavilədən sonra) O, Sultana məktub yazaraq türklərlə türkmanlar arasında doğmalıq olduğunu bildirir və özünü birmənalı olaraq ikincilərə, yəni türkmanlara aid edir.
Burda qeyd edək ki, Nadir danışıqları türk dilində, yəni cağatay - şərqi türk ləhcəsində idi. Osmanlı sultanı 1-ci Murda yazdırdığı məktubunda Nadir şah deyirdi: “Ya gəl birlikdə Rusiyanı tamamilə müsəlmanlaşdıraq, ya da mənə təminat ver ki, Şərq sərhədlərinə hücum etməyəcəksən.” Osmanlı sultanı buna təminat vermir.
Bu həm də o zaman olur ki, Nadir şah psixi sarsıntılar keçirmişdi: oğlu ona sui-qəsd etmişdi. Dərbənddən 48 km. aralıda oğlunu çadırına gətirtdirir, günahını sübut edib gözlərini çıxartdırır. Bu səbəb və digər tərəfdən Osmanlı sultanının ona belə bir cavabı Nadir şahı Rusiyanı almaq fikrindən daşındırır. Oğlunun sui-qəsdindən sonra ruhi sarsıntı keçirən Nadirin əsəbləri daha da korlanır, bir-birinin dalınca daha artıq ölüm fərmanları verir.
Təbii ki, Nadir şahın xidmətləri çox böyükdür. Təkcə onun hərbi nailiyyətlərinə görə, müasir İtaliya yazıçıları, 18 əsr tarixçiləri Nadir şah Əfşarı Şərqin Napoleonu adlandırıblar.
Sevda Mirzə və Sina Avşar.
Teref.az