Söyüdlü olaylarının kölgəsində - Bahəddin Həzi yazır...

21-06-2023, 20:05           
Söyüdlü olaylarının kölgəsində -
Hər hadisəyə ilkin reaksiya emosional olur. Ancaq zamanla rasional təhlil, soyuq başla dəyərləndirmə öz yerini tutmağa başlayır. Gədəbəyin Söyüdlü kəndinin sakinləri narahatdır. Sən demə, artıq iki aydır, bu məsələ var. Rəsmi açıqlamalardan bəlli olur ki, sakinlərlə dəfələrlə söhbətlər aparılıb, izah edilib və sair və ilaxır. Ancaq yenə də olan oldu.
Olanlar, əlbəttə, ürəkağrıdıcıdır; ərazidə etiraz aksiyası keçirilir. Oraya polis qüvvələri və Daxili Qoşun hissələri yeridilir. Etiraz aksiyasının iştirakçılarından dağılışıb getmək tələb olunur. Bu tələbin qarşılığında etirazçılar, xüsusilə, qadınlar polis işçilərini və Daxili Qoşun əsgərlərini daşa basır. Bu daşabasma əməliyyatında uşaqların da iştirakını videogörüntülərdən aydın izləmək olur. Qarşılığında polis güc tətbiq etməklə aksiyanı dağıtmağa çalışır. Bu zaman etirazçılara qarşı zorakılıq halları baş verir. Xüsusilı də, yaşlı qadının üzünə gözyaşardıcı qaz püskürdən polis əməkdaşının hərəkəti sosial şəbəkələrdə, ümumiyyətlə, cəmiyyətdə haqlı olaraq hiddətlə və qınaqla qarşılanır. Daxili İşlər Nazirliyi bununla bağlı ayrıca açıqlama verir, polis əməkdaşının aşırı güc tətbiqinin qəbahət olduğu qəbul edilir. DİN rəsmisi artıq araşdırmalara başlanıldığını, həmin polis işçisinin əməlinə hüquqi qiymət veriləcəyini deyir. Ancaq ərazidə etirazlar dayanmır. Gədəbəy rayon İcra hakimiyyətinin başçısı da sakinlərin yanına gəlir, onları dinləyir, vəziyyəti izah etməyə çalışır. Ancaq yerli sakinlər rəsmi şəxsi dinləmək belə istəmirlər. Başçı sakinlərlə dil tapa bilmir; özü də nitqində, camaatla və media ilə ünsiyyətində bir neçə səhvə yol verir.

Bu arada etiraz aksiyasının arxasında hansısa məkrli dairələrin, hətta xarici qüvvələrin dayandığı haqda versiyalar da ortaya çıxır. Bunu əsaslandırmaq üçün etiraz aksiyalarında şüarların xüsusi bir dizaynla, dağ rayonu üçün çox yüksək olan poliqrafik keyfiyyətlə hazırlandığını ayrıca vurğulayanlar da var. Həmin versiyaların nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik; bunu araşdırmaq, nəyin doğru, nəyin yanlış olduğunu aşkara çıxarmaq xüsusi xidmət və hüquq-mühafizə orqanlarının görəcəyi işdir. Biz media olaraq, sadəcə, jurnalist araşdırması aparmalıyıq və aparılacaq da.

Ərazidə süni göl artıq 11 ildir ki, var. Sakinlər bu gölün onların həyatına və sağlamlığına ciddi zərər verdiyini iddia edir. Eyni zamanda ikinci gölün də tikintisinə başlanıldığı deyilir. İcra başçısı isə sakinlərlə görüşündə hər iki iddianın yanlış, hətta sosial şəbəkələrdə xüsusi məqsədlərlə yayılmış dedi-qodular olduğunu deyir. O, bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri göldən nümunələr götürəcək, ekspertizadan keçirəcək, su hövzəsində əhalinin sağlamlığı və təbiət üçün zərərli tullantıların, zəhərli maddələrin olub-olmadığı haqda rəy açıqlayacaqlar. Çünki gölün zəhərli olması haqda bu iddiaları irəli sürənlər hansısa rəsmi monitorinq nəticələrinə, ekspertiza rəyinə əsaslanmır. Sadəcə, gölün onların sağlamlığına ziyan vurduğunu söyləyir. Hətta xərçəng xəstəliyinin bu göl ətrafındakı kəndlərdə geniş yayıldığını da iddia edirlər. Rəsmi şəxs isə bu haqda statistikanın aparıldığını, onu açıqlamağa hazır olduqlarını bildirir. Hətta icra başçısı deyir ki, o özü də gölə yaxın yerdə yaşayır. Əgər belə bir təhlükə olsaydı, orada yaşamazdı.

Gölün insanlar və çevrə üçün doğrudan da təhlükəli olub-olmadığını biz də bilmirik. Çünki ərazidə deyilik, gölün suyunu ekspertiza edəcək olan da biz deyilik. Orada yayılmış xəstəliklərin tibbi statistikası ilə də tanış olmamışıq; hazırlanar, tanış olarıq. Rəsmi və obyektiv rəylər açıqlanar, ondan sonra bu məsələyə bir daha qayıdarıq. Ancaq qısaca da olsa, şəxsi rəyimizi yazaq.

Əvvəla, hansı səbəbdən olursa-olsun, polisin daşa basılması, əmrə tabe olan hərbi qulluqçulara xəsarət yetirilməsi, problemləri qara-qışqırıqla həll etmək cəhdləri qəbuledilməzdir. Eyni zamanda polisin və təhlükəsizlik qüvvələrinin də qanundan kənar - aşırı, yersiz güc tətbiqi də qınanmalıdır. Polis, bəli, vətəndaşı qanunun tələbləri çərçivəsinə qaytarmaqla mükəlləfdir. Və lazım gələndə güc də tətbiq edə bilir; buna onun qanunla ixtiyarı var. Hətta bu, polisin peşə borcudur. Öz xidməti vəzifəsini yerinə yetirərkən qanunu pozan polis əməkdaş(lar)ı, təbii ki, cəzalanmalıdır və cəzalanacaq da. Ancaq bu, o demək deyil ki, qanunu pozan vətəndaşa güldən ağır söz deyilməyəcək, “qaşın üstə gözün var” deyilməyəcək. Yox, elə olmayacaq. Elə olsa, dövlət dağılar. Həm polis, həm də vətəndaş dövlətin dağılmasına qarşıdır. Sadəcə, indiki anda, konkret situasiyada polislə vətəndaş qarşı-qarşıya gələrək özləri də istəmədən dövləti zədələyirlər. Burda, təbii ki, polisin məsuliyyəti daha böyükdür; o, dövləti qoruyarkən xalqa zərər verməməlidir. Çünki bu dövlət bu xalqa məxsusdur, xalq üçündür. Odur ki, bu məsələyə - baş verən hadisələrə dair hərtərəfli, obyektiv araşdırma aparılması, zorakılığa onun haradan və necə gəlməsindən asılı olmayaraq adekvat reaksiya verilməsi gərəkdir. Polisə daş atan vətəndaşın da, yaşlı qadının üzünə qaz sıxan polisin də cəzası var.

İkincisi, ölkədə sabitliyə və təhlükəsizliyə təhdidlər var və bu təhdidləri təkcə rəsmilər deyil, sadə vətəndaşlar da nəzərə almalıdır. Əgər o ərazidə torpaqlar sakinlərə məxsusdursa, o toraqlardan dövlət ehtiyacı üçün, strateji xammalın hasilatı və ya başqa bu kimi qanuni dövlət mənafeləri üçün istifadə edilirsə, bu işləri görənlər mümkün olduğu qədər yerli sakinlərin də maraqlarını təmin etməli, zədələməməlidir. Bununla da dövlətlə xalq arasında, vətəndaşla polis arasında münaqişələrdən bacardıqca qaçmaq olar. Əgər bu göl əhalinin sağlamlığını pozursa, təbiətə zərər verirsə, o şirkət əlavə vəsait ayırıb ekoloji və eləcə də, sosial-maarifləndirici proqramlar həyata keçirməlidir. Hansısa məkrli dairələrin, xarici qüvvələrin təxribatçı, pozucu əməlləri üçün boşluq buraxmalı deyilik. Elə Gədəbəydəki bu olayların da arxasında xarici qüvvələrin qızışdırıcı-təxribatçı fəaliyyətinin olduğunu heç vaxt istisna etməyək. Bu planlarda, bildiyimiz kimi, polis xüsusi olaraq hədəfdədir, ən azı o üzdən polis vətəndaşlarla ünsiyyətdə həmişəkindən də korrekt olmalıdır.

Və sonda. Gədəbəydə qızıl mədənləri bu günün-dünənin məsələsi deyil; ötən əsrlərdən bu var. Burada xeyli yerli sakin işləyir, yüksək maaşlar alır. Bu mədənləri işlədən şirkətin gətirdiyi sərmayələr paytaxtdan uzaqda yerləşən Gədəbəy kimi ucqar dağ rayonunun inkişafında xüsusi rol oynayır. Biz dəfələrlə o bölgədə olmuşuq və bilirik. Yerli camaat özü də bunu bilir və qəbul edir. O baxımdan son insidentin öz-özünə ortaya çıxmasını düşünmək də yanlışlıq olardı. Camaat qəbul etməlidir ki, bu şirkət orada öz işini görür və görməlidir. Şirkətin üzərinə düşən - camaatın həyatına və sağlamlığına, eləcə də, dolanışığına zərbə vuracaq hallara, əməllərə yol verməmək öhdəliyidir.

Hazırda çox həssas dönəmdən keçirik. Yaxın-uzaq xaricdə bizə düşmən kəsilmiş qüvvələr var. Kimlərsə Qarabağda, sərhədlərimizdə uduzduğu savaşı öz ölkəmizin daxilinə - öz aramıza keçirmək istəyir. Kimlərsə öz geosiyasi və sair maraqlarını yeritmək üçün fürsət axtarır. O məqsədlə də həssas nöqtələrə toxunaraq ya olmayan yerdən münaqişə yaradır, ya kiçik narazılıqları böyük konfliktlərə qədər böyütməyə çalışır, ya da olan ixtilafları daha da alovlandırır. Hamının hər şeydən tam razı qalacağı bir durum yoxdur. Bu, illüziya olardı. Belə bir dünya yoxdur! Ancaq yaranan anlaşılmazlıqları, narazılıqları, hətta açıq müstəviyə keçmiş münaqişələri həll etməyə gücümüz də çatar, ağlımız da, müdrikliyimiz də. Elə deyilmi?

İnsanlar haqqını tələb edəcək – buna kimin nə sözü ola bilər ki?! İnsanlar doğru saymadıqları, zərər gördükləri hallara, qərarlara etiraz edəcək. Bu, təbiidir. Ancaq bunu qanun və normal davranış qaydaları çərçivəsində həyata keçirəcək. Qanunu pozana qarşı güc də tətbiq ediləcək (ki, qaçılmazdır). Elə bunun özü də yenə qanundan qırağa çıxmayacaq. Budur əsl axtardığımız dövlət düsturu. Bu dövləti qurmaq üçün can verdik, qanımız axdı. Bunca şəhidi nahaqdan vermədik biz. Bu qədər qurbanlar verib, əziyyət çəkib qurduğumuz dövləti hansısa qıraq qüvvələrə, ya da daxili fitnə-fəsadlara yedirtməyəcəyik ki!

Bahəddin Həzi, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.