"Yer üzündə zənginlər üçün çalmaqdan böyük bədbəxtlik yoxdur" Ferens List

23-06-2023, 00:18           
"Yer üzündə zənginlər üçün çalmaqdan böyük bədbəxtlik yoxdur"
Ferens List (1811-1886) alman mədəniyyətinin yetirdiyi macar bəstəkarıdır. Fövqəl istedad sahibi idi. 9 yaşından krallar üçün çalıb. Ən böyük salonlarda konsrt verib, dövrün ən böyükləri, hətta imperatorlar belə onu ayaqda alqışlayıblar.
O, ifaçılıqda ikinci Paqanini sayılırdı.
Yeri gəlmişkən deyim: Listin "Hun Yürüşü" adlı simfoniyası var, həvəsiniz olsa dinləyin. Məhz HUN adına görə bu gün Avropa orkestrləri bu gözəl əsəri ifa etmirlər ?
Ferens List, ifasını ayaqda alqışlayan bir baronun qızına aşiq idi. Qız da onu sevirdi. Vermədilər. Dedilər, tayımız deyilsən. Kimsən axı, zümrəmizə aid olmayan bir musiqiçi.
Ferens həyatın acılarını parlaq salonlarda dadmışdı, acı təcrübələri vardı, bilirdi ki, sənət xidməti göstərmək (və ya qələm xidməti göstərmək), xidmət göstərilən tərəfindən adam hesab olunmaq anlamına gəlməz. Sayılmaq, süfrəsinin başında oturdulmaq, qohum olmaq mənasını daşımaz.
Sadəcə, xidmətçilikdir. Kimi bu qədərlə məmnun olar: ev(lər) alar, bağ alar, bahalı arabalarda gəzər, hökumət tərəfindən ödənilən uçaqlarda, otellərdə, səfərlərdə meyxoş olar, kimi də bu xidmətdə aldığı və yalnız özünə bəlli travmaları ömrünün sonuna qədər qəlbində daşıyar... adamına, adamın adamlıq halına baxır...
Ferens List böyük sənətçi olduğu qədər böyük adam idi. Zadəgan olmasa da nəcib idi, tez sınan idi, sındığını görə bilirdi, gördüyünü deyə bilirdi... onun nə kimsədən, nə özündən gizlənməyə ehtiyacı yox idi...
Yeri gəlmişkən bunu da deyim: Ferens Listin həyatında Azərbaycanla bağlı macəralı məqam var. Bunu "Səyyarə Xanım və Ferens List" adlı tarixi romanımda yazmışam...
Bu böyük bəstəkarın dünyaya bağışladığı sənət zirvələri ilə yanaşı ictimai fəaliyyətləri və hikmətləri də maraqlıdır. Onlardan biri də elə həmin fikirdir:
ZƏNGİNLƏR ÜÇÜN ÇALMAQDAN BÖYÜK BƏDBƏXTLİK YOXDUR
Əsli HUN olan bu soydaşımızın hikmətindən yola çıxaraq deyirəm:
- İqtidar olanlara züy tutmaqdan böyük bədbəxtlik yoxdur. Haqsız olana bəraət uydurnnaq üçün söz oyunu oynamağa məcbur olmaqdan böyük müsibət yoxdur.
Əlbəttə, özlərinə belə etiraf etməyə gücləri çatmaz, çünkü belə bir bədbəxtliyi etiraf etmək üçün Ferens List qədər nəcib olmaq lazımdır.
Beləcə, haqsızlara qələm xidməti göstərənlərə acıdım... qarşılığında nə alsalar belə... dəyməz...
Xidmət göstərdikləri belə onlarla qohum olmaq istəməz...
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.