Xürrəmilər - Əbu Müslümdən Babəkə gedən yoil...

28-06-2023, 09:44           
Xürrəmilər - Əbu Müslümdən Babəkə gedən yoil...
Əməvi xanədanlığını (661 - 750) ortadan qaldırıb Abbasiləri (750 - 1258) hakimiyyətə gətirən əhli-beyt ideologiyası və məvali hərbi gücü oldu. Əhli-beyt ideologiyası ətrafında birləşən məvalilər (türklər və iranilər) "hakimiyyət peyğəmbər evinə", "xəlifəlik əhli-beytin haqqıdır" şüarları ilə hakimiyyəti ələ keçirdilər. Lakin əhli-beyt ideologiyası ilə silahlanmış məvalilərin gücü ilə iqtidara gələn Abbasilər əhli-beytə və məvaliyə heç bir haqq tanımadılar, üstəlik bu siyasətə etiraz edən məvali liderlərini amansız şəkildə edam etdilər. Edam edilənlərdən biri də məvali hərəkatın öndərlərindən biri Əbu Müslüm Xorasani oldu. Əbu Müslüm 755-ci ildə Abbasi xəlifəsi Mənsur tərəfindən edam edilincə, tərəfdarları Abbasi iqtidarına qarşı üsyana qalxdılar. Belə ki, həmin ildən etibarən Nişapurlu Məzdəki Sumbat, İshaq ət-Türki, Zərdüşt inanclarına bağlı Ustadı-Sis, örtülü peyğəmbər ləqəbli Müqənna və başqaları Xorasanda Abbasilər əleyhinə geniş ayaqlanmaya səbəb oldular. Bütün bu üsyanlar 783-cü ilə qədər geniş vüsət aldı və sonucda amansızlıqla yatırıldı.
Abbasi hakimiyyətindən narazı qalan müxtəlif inanc və təriqətlərə sahib xalq kütlələri də üsyançılara qoşulmuşdu. Belə ki, əhli-beytə bağlı olan qruplar, məzdəkilər, zərdüştlər, xaricilər və başqaları ideoloji cəhətdən birləşib ortaq bir inanc sistemi - xürrəmiliyi ortaya çıxardılar. Xilaskar Mehdi anlayışı bu inancın əsasını təşkil edirdi. İstər Nişapurlu Məzdəki Sumbat, istərsə də İshaq ət-Türki Əbu Müslümün ölmədiyini, Məzdək və Mehdi ilə birgə yaşadığını, zamanı gələndə geri dönəcəyinə inanırdılar. Hətta İshaq ət-Türki Əbu Müslümün Zərdüştün göndərdiyi nümayəndə olduğunu təbliğ edirdi. Müqənna tərəfdarları isə Xorasanda meydana çıxan Ravəndiyyə məzhəbinin alt məzhəblərindən biri olan Rizamiyyə məzhəbinə mənsub idilər. Onlara görə, İmam İbrahimin ölümündən əvvəl onun imamlığı, möcüzə yaratma qabiliyyəti xələfi Əbu Müslümə keçmişdi. Müqənna Əbu Müslümdə təcəlli edən Tanrının ruhunun Əbu Müslümdən ona keçdiyinə inanır və bunu silahdaşlarına təbliğ edirdi. Lakin yandaşlarından fərqli olaraq Müqənna tərəfdarları Əbu Müslümün fani olduğunu, zühur etməyəcəyini bildirirdilər.
Beləliklə, Abbasilərin hakimiyyətə gəldiyi dövrdən Xürrəmilər hərəkatına qədər Əbu Müslüm tərəfdarlarının xilafətə qarşı üsyan qaldıraraq 30 ilə yaxın zaman kəsimində xürrəmilər üçün ideoloji və hərbi-siyasi zəmin yaratdığının şahidi oluruq. Nəticədə, zərdüşt, məzdəki, şamanist, müəyyən qədər də şiə düşüncəsinin gəlişdirdiyi xürrəmilik adlanan dini-sosial hərəkatın əsası qoyulmuşdur. Bu hərəkat xilafətin bütün hərbi gücünün sarsılmasına və sonda parçalanmasına səbəb olacaqdı.
İrene Melikoff, Ebu Müslim. ELİPS kitap 2012
Elbrus Vahidov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.