Səfəvi İmperiyası dövründə Qurban bayramı

29-06-2023, 10:09           
Səfəvi İmperiyası dövründə Qurban bayramı
Qarşıdan Qurban bayramı gəlir. Bu münasibətlə mənbələrdə əcdadın Quran bayramını dövlət səviyyəsində necə keçirildiyi haqda məlumatları toplamağa çalışdıq.
Səfəvi İmperiyası dövründə Qurban bayramı Səfəvi şahlarının fərmanı ilə qeyd edilirdi. İsgəndər bəy Münşi hicri 1016-cı (1607-1608) ildə təşkil olunan Qurban bayramı şənlikləri haqqında yazır:
? “Qurban bayramında yekşənbə günü əlahəzrət hümayun divanxana kənarında nəccarların taxta və sütunlardan düzəldib qamışla örtdükləri bir sarayda bayram hazırlığı görülməsi əmrini verdi. Müxtəlif qonaqlıqlar keçirildi.
Sərkərdələr məclisin baş tərəfində şahın əyləşməsindən ötrü şahanə bir taxt qurmuşdular. Əzəmətli sədrlər, üləmalar, əmirlər, vəzirlər və dövlət başçıları bargahın qapısı önündə əl öpmə şərəfinə yetməklərini, bayramı və o xoşbəxt günü təbrik etmək çağını gözləyirdilər”.
Oxşar mərasimlər imperiyanın digər şəhərlərində də qeyd olunurdu. 1624-cü ildə İsfahanda olarkən Şahın iştirakı ilə keçirilən Qurban bayramı tədbirlərini izləmiş rus taciri Y.A.Kotkov yazır: “Beləliklə, üç gün bayram etdilər. Heç nə etmir, alver etmir, kərənay və zurna çalır, qırmızı yumurtalar satırdılar. Bir-birinin əllərindən tutur və bir-birinin əllərindən öpürdülər”.
Sonuncu cümlədə söhbət bayram günü böyüklərin əllərindən öpülməsi adətindən gedir. Hansı ki, bir çox müsəlman ölkələrində hələ də bu adət qalır. Qeyd etmək lazımdır ki, rus tacirin qeydlərində bayram günü keçirilən mərasimlər detallı şəkildə qeyd olunur.
Fransız səyyahı J.Şarden Səfəvi ölkəsində qeyd olunan bayramları sadalayarkən 3 əsas bayramı qeyd edir.
“ ...Bayramlardan üçün təntənəli qeyd edilərək qorunur. Orucluğun ertəsi gün bayram edirlər. orucluğun xristianlıqdakı pasxa günü ilə eyni olduğunu bilirəm. İbrahim qurbanı və Əli tərəfdarlarının din yolunda şəhid olması günləri hörmətli bayramlardır”.
Səfəvi dövründə Qurban bayramında bir sıra mərasimlər qeyd olunurdu. Bunların arasında qurbanlıq heyvanın bəzədilib şəhərdə gəzdirilir, kəsim mərasimi təşkil olunur.
Bir qayda olaraq qurban günü paytaxtda dəvə kəsilməsi mərasimində Şahın özü də iştirak edir, Şah olmadıqda isə onu vəliəhd əvəz edirdi. Bölgələrdə isə valilər və nüfuzlu şəxslər qurban mərasimində birbaşa iştirak edirdi.
Səfəvi dövründə Qurban bayramı barədə daha bir mənbə hollandiyalı dənizçi Yan Steysdir.
1670-672-ci illərdə Səfəvi dövlətində olmuş holland dənizçi bayramla bağlı geniş qeydlər yazmış, xüsusən də paytaxtda qurban edilən dəvənin qurbangaha gətirilməsi və kəsilməsi, daha sonra onun ətinin əhali arasında bölüşdürüldüyü detallı şəkildə qeyd olunur.
Kənan Rövşənoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.