Qızıl Meydanda keçirilmiş tarixi Qələbə paradı ilə bağlı ən maraqlı 10 fakt…
2-07-2023, 12:33
Ən yeni tarix. Maraqlı faktlar.
Parada bir həftə qalmış İosif Stalin məni öz bağına dəvət etdi. Hazırlığın gedişi ilə maraqlandıqdan sonra soruşdu:
- Georgi Konstantinoviç, neçə illərdir komandir maşınında gəzirsiniz, at çapmağı unutmamısınız?
İlk anda söhbətin nədən getdiyini anlamadım və çalışdım ki, həmişə olduğu kimi qısa və aydın cavab verim:
- Yoldaş Stalin müharibə illərində hərbi texnikada gəzsəm də, uşaqlıqdan öyrəndiyim at çapmağı hələ ki, yadırğamamışam. Elə cəbhələrdə də vaxt tapanda at çapmışam.
- Bu, yaxşıdır. Odur ki, Qələbə paradını siz qəbul edəcəksiniz. Parada komandanlığı isə marşal Rokossovskiyə həvalə edirəm.
- Yoldaş Stalin, bu böyük şərəfə görə sizə minnətdaram, ancaq paradı sizin qəbul etməyiniz daha yaxşı olardı.
- Mən artıq qocalmışam, siz mənə baxanda cavansınız, tapşırığı yerinə yetirin, əmr müzakirə olunmur. Bu, mənim son qərarımdır...”
Marşal Georgi Jukovun xatirələrindən...
78 il öncə, 24 iyun 1945-ci ildə dünyanın diqqəti SSRİ paytaxtının baş meydanına yönəlib. 800 illik tarixində Qızıl Meydan tarixin ən böyük hadisələrindən birinə şahidlik edib. SSRİ-nin Almaniya üzərində qələbəsininn şərəfinə keçirilən Qələbə paradı ən yaddaqalan bir hadisə kimi tarixin səhifələrinə silinməz hərflərlə həkk olunub.
Qələbə paradında 24 marşal, 249 general, 2536 zabit, 31116 əsgər və serjant heyəti iştirak edib. Qızıl Meydandan 1850 hərbi texnika keçib.
Hava şəraitinin yağıntılı olmasından Qələbə paradında aviamarş təxirə salınıb.
Qələbə paradını marşal Jukov qəbul edib, parada komandanlıq isə marşal Rokossovskiyə həvalə olunub.
Qələbə paradını açıq boz rəngli atın belində qəbul etmək Ali Baş Komandan İosif Stalinin təşəbbüsü olub.
Qələbə paradının ən maraqlı məqamlarından biri şinel geyindirilmiş itin marş sədaları altında Qızıl meydandan keçməsi olub. Bu keçid insanların sürəkli alqışları ilə qarşılanıb. “Culbars” adlandırılan bu öyrədilmiş it müharibə zamanı 7500 ədəd basdırılmış minanın tapılmasında istehkamçılara yardımçı olub. Qələbəyə çox az bir vaxt qalmış isə it yaralanıb. Bu haqda məlumatlı olan Stalin təşkilat komitəsinə əmr verib ki, öz şəxsi şinelini “Culbars”a geyindirib Qələbə paradında Qızıl meydandan keçməsini təmin etsinlər.
Parad zamanı nəzərdə tutulub ki, alman hissələri və birləşmələrinin, o cümlədən Hitlerin şəxsi bayrağı mavzoley qarşısında yerə atılmalıdır. Buna görə həmin bayraqlar Moskvaya gətirilib. Ancaq bayraqların sayı çox olduğundan cəmisi 200 alman bayrağı seçilib. Və bu bayraqların aparılması üçün xüsusi rota da yaradılıb.
Parad zamanı hərbi orkestrin qəfil susması izdihamda qeyri-adi sükut yaradıb. Bir neçə saniyədən sonra təbillərin gurultulu səsi eşidilib və xüsusi rota alman bayraqlarını aşağı vəziyyətə gətirərək mavzoley tribunasının qarşısındakı daşların üzərinə atıblar. Birinci atılan bayraq isə Hitlerin şəxsi ştandartı olub. Həmin bayraqları gətirən sovet hərbçiləri əllərinə əlcək geyiniblər. Bu da təsadüfi deyil. Onlar əlləri düşmən bayrağına dəyməməsi üçün belə ediblər və sonra həmin əlcəkləri də yandırıblar.
Paradın səhərisi gün, iyunun 25-də Kremldə 2500 nəfərin iştirakı ilə qəbul keçirilib, ziyafət təşkil olunub.
Qələbə günü ilə bağlı maraq çəkən məqamlardan biri də odur ki, 1947-ci ilin dekabr ayının 23-də Stalinin təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən 9 may Qələbə günü iş günü elan edilib və həmin gün hərbi paradın və digər kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Hətta həmin rəsmi qərarda “Qələbə” sözü kiçik hərflə yazılıb. Bu müəmmalı qərarla bağlı tarixçilərin bir çox versiyaları var. Bu qərarla ölkənin iqtisadi durumundakı problemləri nəzərə alaraq təqvimdəki bir qeyri-iş gününü ləğv edib, zavod və fabriklərin bir gün artıq işləməsi məqsədi güdülürdüsə, bu yanlış versiyadır. Çünki həmin qərarın digər bəndində 1 yanvarın qeyri-iş günü elan olunması öz əksini tapıb.
Daha bir versiya müharibənin od-alovundan çıxmış keçmiş döyüşçülərin bir araya gəlməsi, həmrəyliyi Stalini bu məsələdə ehtiyatlı davranmağa vadar edib. Belə ki, keçmiş döyüşçülərin həmrəyliyi sayəsində hamını düşündürən və həm də qıcıqlandıran hədsiz itkilərin sayı məsələsi qalxa bilərdi. Bunun yararadacağı fəsadların isə nə qədər ağır olacağı aydın məsələ idi. Təbii ki, bu məsələ Stalini narahat etməyə bilməzdi. Çünki SSRİ tərəfindən müharibədə ölənlərin sayı ağılasığmaz fantastik rəqəmlərlə əks olunurdu və həmin dövrdə ictimaiyyət tərəfindən bu böyük itki Müdafiə Komitəsinin səriştəsizliyi kimi də qiymətləndirilib.
9 may Qələbə bayramı düz 20 il ərzində təqvimdəki digər adi iş günləri kimi hərbi paradsız və təntənəsiz qeyd edilib. Nəhayət 1965-ci ildə qələbənin 20 illik yubileyində Leonid İliç Brejnevin təşəbbüsü sayəsində 9 may Qələbə günü qeyri-iş günü kimi təqvimə düşüb və sovet vətəndaşları tarixi qələbəni böyük təmtəraqla qeyd etməyə başlayıblar.
Qeyd edək ki, Almaniya ilə SSRİ arasında müharibə1418 gün davam edib.
Müharibə dövründə SSRİ tərəfindən 27 milyona yaxın insan həlak olub.
Hərbi əməliyyatlar nəticəsində 15 milyona yaxın hərbçi və dinc əhali yaralanıb.
Müharibə illərində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavod, 65 min kilometr dəmiruolu xətti dağıdılıb. Ümumilikdə, SSRİ öz maddi sərvətlərinin üçdə birini itirib.
Müharibənin ən dəhşətli və ağır dövrlərindən 880 günü Leninqradda yaşanıb. Belə ki, Leninqrad 880 gün düşmən mühasirəsində qalıb. Bu ərəfədə 800 mindən artıq insan aclıqdan və soyuqdan həlak olub.
Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.
Müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 7 milyon nəfər müxtəlif orden və medallara layiq görülüb. Onlardan 11633 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.
Böyük Vətən müharibəsində 800 mindən artıq qadın iştirak edib. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibə illərində SSRİ-də 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minamyot istehsal olunub.
1945-ci ildə Berlində keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3.5 milyon adam, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib.
İlham Cəmiloğlu.