Kəngərlər
6-07-2023, 14:42
Azərbaycanda eradan əvvəl VII-VI əsrlərdə Qafqaz sıra dağlarından Urmiya gölünün həndəvərlərini də əhatə edən qüdrətli Oğuz-türk dövləti mövcud olmuşdur.
Təəssüf ki, bu dövlət haqqında az danışılır, biz bu stereotipi qırmaq qərarına gəldik.
Yazılı mənbələrin məlumatlarını təhlil edən İ.M.Dyakonova görə, skiflərin məskənini Manna torpaqlarının Şimal sərhəddində, Araz çayı rayonu və Şimala doğru Qərbi Azərbaycan (indiki Ermənistan) və Azərbaycanın Qərbində lokalizə etmək lazımdır. Q.Qeybullayev də skif hökmdarlığının lokalizəsini bu cür verir.
? Skif çarlığının mərkəzinin hansı şəhər olduğu da tədqiqatçılar arasında mübahisə mövzusudur. İ.M.Dyakonova görə bu dövlətin mərkəzi Gəncə şəhəri idi. Çünki Alban ölkəsinin tarixində deyilir ki, Gəncə şəhəri Sakaşendə yaranmışdı.
Yunan mənbələrində onun adı «skit çarlığı», Assuriya, yəhudi mənbələrində isə «İşquz çarlığı» olmuşdur. Farslar skitlərə tanış olduqları sakların adını şamil etmişlər.
Assur dilində skiflərin adı oğuz dastanında "Kitabi-Dədə Qorqud"da özlərini "İç Oğuz" adlandıran türk xalqının adını daha dəqiq əks etdirir. Türk ədəbiyyatının bu şah əsərindən aydın olur ki, qədim oğuzlar iki yerə bölünmüş, onlardan biri Azərbaycanda Xəzər dənizinin qərb sahilində yaşamış “İç Oğuz” (daxili oğuz) adlanmışdır. Digər hissə isə “Daş Oğuz” (xarici Oğuz) adlanır və Xəzər dənizinin şərq sahilində, Orta Asiyada yerləşirdi.
İşquzlar Azərbaycana eradan əvvəl VII əsrin başlanğıcında indiki Dərbənd keçidi vasitəsilə gəlmiş, ilk növbədə tez-tez Azərbaycan torpaqlarına talançı basqınlar edən Urartu dəstələrini ərazidən qovmuş, İşquz dövlət qurumu yaratmış, sonra Assuriyaya qarşı müharibə aparan Manna dövləti və Midiya ölkəsinə köməklik göstərmiş, hətta bu müharibədə həlledici qüvvə kimi çıxış etmişlər.
Assuriya dövləti tez bir zamanda qeyri-adi qüvvə ilə üzləşdiyini hiss edərək İşquz dövləti ilə danışığa girmiş, çar öz qızını İşquz başçısına ərə vermiş, qohumluq və ittifaq yaranmışdır. Bu müharibədə Manna öz itirilmiş torpaqlarını geri qaytarmış, midiyalılar Assuriyadan asılılıq dərəcəsini xeyli azaltmıĢdır. Ətraf ölkələr, birinci növbədə Assuriya tərəfindən bir dövlət kimi tanınan İşquzlar Ön Asiyada aparıcı rol oynamağa başlamışlar.
İşquzların üç başçısının adı çəkilir. Onları Ön Asiyaya gətirən İspaka (Oljas Suleymenov onun adını «izbilən», «qabaqgörən» kimi mənalandırmışdır və bəzi türk soylarında bu ada təsadüf edildiyini göstərmişdir), Partatua olan ikinci adın mənasını açmaq mümkün olmamışdır. Üçüncü ad isə az, ya çox dərəcədə hun şanyusu Metenin adı ilə səsləşən Madidir.
Madinin atası zənn edilən Partatua («Alp Ər-Tonqa» dastanında bu ad Peçeneq Kazan şəklində gedir) İşquzun Ön Asiyada sözü ötən bir dövlət kimi formalaşmasında xüsusi rol oynamışdır. Adı çəkilən bu üç çarın ən böyük işlər görəni Madi olmuşdur.
Onun hakimiyyəti illərində İşquz çarlığı imperiyaya yaxın bir quruma çevrilmişdir. Onun dövründə bütün İran yaylası İşquz dövlətinə tabe idi. İşquzlar Misirdən (Firon Psammatexdən), İsraildən, Suriyadan və s. ölkələrdən mütəmadi xərac alırdılar. Onlar həmin ölkələrə vaxtaşırı yürüşlər edirdilər.
Kiçik Asiyadakı qədim dövlətlər də işquzların təsir dairəsində olurdular. Madi özunün çevik, sürətli Hərbi yürüşləri ilə düşmənləri lərzəyə salırdı. Təəssüf ki, Madinin dastanlarda söylənilən böyük quruculuq işləri barədə tarixdə elə bir dəqiq məlumat yoxdur.
? İstinadlar: Altay Məmmədov, "Kəngərlər" əsəri
rizvanhuseynov.com