Ağa Məhəmməd şah Qacar
10-07-2023, 12:38
1. Vaxtilə mən "Hun minilliyi" adlı əsərimdə çincə mənbələrdə adları keçən kao-çe tayfalarının qacarların əcdadı olduğunu dilə gətirmişdim. Bu ad çincə deyildi və onu çinlilər öz dillərində "hündür araba" mənasında işlədirdilər. Çinlilər oğuzların bir qoluna məhz bu adı vermişdilər. Səbəb isə bu idi ki, həmin tayfa arabalarla köç edirdi və həmin arabalar türk dilində qoşqu adlanırdı. "Kao-çe" sözü məhz "qoşqu sürənlər" mənasına gələn "qoşqar" adının çincə tələffüzü idi. Bu ad zamanla qoçqar, qaçar və qacar şəklini almışdır.
2. Ağa Məhəmməd şahın istəklərinə rədd cavabı verən Osmanlı dövləti (3-cü Sultan Səlim) bununla da Rusiyanı Qafqazdan uzaqlaşdırmaq üçün tarixi fürsəti qaçırdı. Bölgədə "Yeni Nadir şah"ın meydana çıxmasını istəməyən osmanlılar Ağa Məhəmməd şahın müttəfiqlik təklifindən boyun qaçırmaqla necə bir səhvə yol verdiklərini xeyli sonralar anlayacaqdılar. Belə ki, Rusiya ilə Osmanlı arasında ard-arda baş verən müharibələr (1806-12, 1827-29) sonuncu üçün ağır nəticələrə gətirib çıxardı. Belə ki, Osmanlılar Şimali və Qərbi Qafqazı, Krımı, Karpatları, Balkanları itirdi.
3. Ağa Məhəmməd şah dağılan bir ölkəni məhvdən xilas və yenidən inşa etmişdi. Maraqlıdır ki, əlinə qılınc alıb döyüşən ilk və son Qacar şahı da elə Ağa Məhəmmədin özü oldu. Varisləri saraydan, demək olar ki, çıxmadılar, eyş-işrətə meyllənib dəbdəbəli həyat sürdülər.
4. Ağa Məhəmməd şahın xələflərinə qoyub getdiyi və onlar tərəfindən mühafizə edilən bir miras da vardı - bu, ailədə Qacar qanının qorunması idi. Belə ki, Qacar taxtına çıxacaq şahzadələrin anası mütləq qaydada türkəsilli olmalıydı.
5. Qacar dövründə rəsmi dil türk dili idi. Diplomatik yazışmalarda, dövlət mərasimlərində və rəsmi qəbullarda, orduda bu dildən istifadə olunurdu. Bu dövrdə türk dilində çox sayda lüğətlər, divanlar, dərsliklər çap edilmişdi. "Ana dili" adlı ilk türkcə oxu kitabları da məhz Qacar dövrünün məhsuludur.
Əkbər Nəcəfin "Ağa Məhəmməd şah Qacar" kitabından