DEPUTAT MADƏR MUSAYEV ÖLDÜ

15-07-2023, 00:07           
DEPUTAT MADƏR MUSAYEV ÖLDÜ
Müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə dalbadal millət vəkili təyin olunan 35 il stajlı deputat Madər Musayev 75 yaşında vəfat etdi.
Onu aşağı-yuxarı otuz yaşımdan tanıyırdım, 1970-ci illərin sonunda, 80-cilərin əvvəlində 8-ci mikrorayonda yaşayan qaynatama qonşu köçən zamandan.
4-5 yaşlı uşaqlarımız yaşıd idi, bir yerdə oynayırdılar, ona görə qısa, səthi kontaktlarımız olub. Yaxşı təsir bağışlayırdı, ziyalı olmasa da, nəzakətli, hörmətcil bir adam. O vaxtlardan varlı idi, Binəqədidə ən böyük mağaza müdiri olduğunu eşitmişdim. Maşınını sürücüsü sürürdü, sovet vaxtı nomenklatur vəzifə tutmayan adam üçün bu böyük şey idi, geniş maddi imkanlarından xəbər verirdi.
Sovet vaxtının imkanlı ticarət işçilərinin çoxu nəzakətli, hörmətcil adamlar idi, hər halda ağıllıları. Yekəxana, təkəbbürlü olanlar tez vurulurdular, ona görə.
Həbib Müntəzir yazır ki, Bakının Binəqədi rayonunda "Obyektlər kralı" hesab olunurdu. Olar, niyə də olmasın?
Maraqlıdır, pulu, var dövlətinin çapı önəmli dərəcədə artandan, dəyişəndən sonra xasiyyəti də, özü də dəyişdimi?
"Şöhrət" və "Şərəf" ordenləri alan bu biznesmen-deputat hansı ictimai-siyasi əməllərinə görə təltif olunub? Nə kimi siyasi fəaliyyəti olub? Susmaq və hakimiyyətə yarınmaq, dediyini eləməkdən başqa? Hamını təltif edəndə ona da orden-medal veriblər, yoxsa sadəcə təltif olunmaq istəyib, xahiş edib, hörmət edib, sözünü yerə salmayıblar?
Sovet vaxtının "zavmağı", zavmaq təfəkkürlü adamı deputatlığın əslində nə olduğunu, vəzifələrini bilirdimi? Bəlkə də bilirdi, amma özünəməxsus qaydada, öz təfəkkürünə uyğun...
Tanınmış yazıçı, dostum Firuz Mustafa yazıb yadıma saldı ki, Madər məlim 35 il ərzində parlamentdə cəmi bir dəfə çıxış edib - "hansısa qanunun qəbulunda düzgün bir irad bildirdi: işverən yox, işəgötürən yazın" dedi". 35 il susmağın fonunda həqiqətən də yaddaqalan çıxışdır. Sovet illərində "işverən" hüquq-mühafizə işçilərinə, milis-prokurora deyirdilər, o vaxtın məhkəmələrində yalançı şahidlər, üzəduranlar ya yox idi. ya da yox dərəcəsində idi. İndi geniş yayılmış, məhkəmədə Tofiq Yaqublunun üzünə duran yalançı zərərçəkmiş və şahid, provokator Elxan Cəbrayılıv və arvadı Cəvahir kimiləri yox idi, hər halda eşitməmişdim.
1980-cilərin sonundan görüşməmişik.
1995-in deputat seçkilərində deputatlara AzTV-də pilsuz çıxış imkanı verilmişdi, çox adam yaxşı-pis çıxış edirdi, çıxışı əvvəldən çəkdirib kasseti göndərmək də olardı. AzTV demokratik düşərgənə deputatlarının çıxışlarını imkan daxilində pis göstərməyə çalışırdı, Hikmət Hacızadəyə zəng edib bunun qarşısını necə almaq yollarını dedim. Deputat çıxışlarını TV-də izləyəndə M.Musayevin də videosunu gördüm. Binəqədi məscidinin görüntüləriylə bəzədilmiş, əsasbelə kadrlardan ibarət bir video, xeyirxahlıq, yaxşılıq haqqında kadrarxası mətn..
Görəsən, müstəqillik illərində, biznes imkanları xeyli artandan sonra necə işləyib? Kiminsə haqqına giribmi? Bilmirəm.
Uşaqlarına, varislərinə qoyub getdiyi var dövlətdən, mülklərdən başqa həyatda nə qazanıb? Nə edib, nə iz qoyub? Bilmirəm, amma həyatını bilmək, öyrənmək, olduğu kimi yazmaq istərdim, maraqlı olardı. Obyektiv. Ölkə belə adamlarla doludur, onun kimi maddi imkanlar qazanmasalar da.
Чингиз Султансой
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.