Vicdanın rəngi - Heydər Oğuz yazır...
30-07-2023, 00:03
Sabiq hakimlərdən biri zəng etmişdi. Məhkəməmlə maraqlandı. Dedim ki, hakim CM-nin 147.2-ci maddəsinə əsasən mənə 6 ay islah işləri kəsdi. Təəccübləndi. “Əlavə izaha ehtiyac yoxdur”, - dedi: - “sifarişli məhkəmə olub”.
Sən demə, CM-də yer almasına baxmayaraq, 147 ilə 148-ci maddələr işlək deyilmişlər. Avropa Şurası, BMT və sair beynəlxalq təşkilatlar Azərbaycandan bu maddələri Cinayət Məcəlləsindən çıxarmağı tələb etdiyindən, rəsmi Bakı da çarəni hakimlərə bu maddələrlə cəza kəsməməyi tapşırmaqda görüb. Hətta bir ara həmin maddələri Məcəllədən çıxarmağı da düşünürmüşlər. Nədənsə, bu istiqamətdə atılması planlaşdırılan addımlar yarımçıq kəsilib və o maddələr artıq ət kimi CM-nin boğazından sallana-sallana qalıb. Bununla belə, hakimlərə o maddə ilə gələn şikayətləri icraata götürməmək tapşırılıb. Ancaq sifarişli məhkəmələr olanda hakimlər məcbur qalıb bu maddə ilə hökm oxuyurmuşlar.
Həmsöhbətimi ən çox təəccübləndirən isə həmin maddənin mənə niyə tətbiq olunması idi. Dediyinə görə, daxili əmrə əsasən, jurnalistlərə bu maddə ilə iş açmaq ümumiyyətlə yasaqlanıbmış. Yalnız özünü yaxşı aparmayan və əməlində başqa bir cinayət tərkibi tapılmayan siyasilər bu maddə ilə yarğılanırmış.
Doğrusu, bu söhbəti eşidəndən sonra hakimin məşvərət otağından qayıdıb hökmü oxuyanda niyə qap-qara qaraldığının səbəbini anladım. Görünən bu idi ki, hakim öz qərarını asan qəbul etməyibmiş. Düzünü desəm, ona hörmətim artdı.
Mənə cəza kəsməynizə baxmayaraq, vicdanınızın rəngini üzünüzə yansıtdığınıza görə Sizə təşəkkür edirəm, Nərminə xanım.
Heyder Oguz