Yuskanın ermənisi

31-07-2023, 10:49           
Yuskanın ermənisi
Səhv etmirəmsə, 1991-ci il idi. Naxçıvan Xalq Cəbhəsinin çayxanasında oturub çay içə-içə ölkənin vəziyyətini müzakirə edirdik. Bir də gördük Yuska adlı bir adam əlində avtomatla içəri girdi və bağırmağa başladı: "Hanı mənim ermənim? Verin mənim ermənimi!"
Soruşduq, ay Yuska, nə olub, niyə belə qəzəblənibsən? Yuska cavab verdi ki, onda olan məlumata görə, cəbhə bölgəsində ələ keçirdiyi ermənini əsirlərin mübadiləsi çərçivəsində Ermənistana təhvil veriblər. O da öz ermənisini tələb etməyə gəlib.
Yuska taksi sürücüsü idi. Bir çoxları kimi, o da işini-gücünü ötürüb Xalq Cəbhəsinə qoşulmuş, əlinə silah alıb torpaqlarımız uğrunda mübarizəyə atılmışdı. Bir gün Sədərəyə döyüşə gedərkən yolunu azmış Ermənistana keçmişdi. Qarşısına bir düşmən maşını çıxmış və onlarla atışaraq ermənilərdən birini öldürmüş, birini də əsir götürüb Naxçıvana gətirmişdi. İndi isə "onun ermənisini" Ermənistana qaytarmışdılar və bu xəbər Yuskaya çatanda cin atına minib hövlnak özünü Xalq Cəbhəsinə yetirmişdi.
Yəqin ki, Yuska ləqəbli bu qəhrəman indi dünyasını dəyişmiş olar. Allah ona qəni-qəni rəhmət eləsin. Rəhmətliyin sözü olmasın, Qarabağ bizimdirsə, deməli bu diyarda yaşayan ermənilər də bizimdir. Hətta onlara Konstitusiyamızda bütün vətəndaşlarımız üçün nəzərdə tutulan hüquq və təhlükəsizlik qarantiyası da veririk. Özümüzdən biri sayır, bütün xəyanətlərini bağışlayır, öpüb gözümüzün üstünə qoyuruq. Ağdamdan Xankəndinə yol açıb humanitar böhrandan çıxmalarına, bizimlə qaynayıb qarışmalarına (son zamanlar buna reinteqrasiya da deyirlər) şərait yaradırıq. Elədirsə, bizim ermənimizi İrəvan, yaxud Moskva və ya Paris niyə yemləməlidir? Biz özümüz bəyəm ölmüşük?
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.