Nazim Hikmət - Ölümünün 61 ili

3-08-2023, 15:46           
Nazim Hikmət - Ölümünün 61 ili
Nazim Hikmət 1963-cü il, avqustun 3-də dünyadan köçüb - Moskvada. Rəsmi versia - infarkt. Rusiya, Moskva şairin həyatında, taleyində önəmli yer tutub, təsiri böyük olub. Burada kommunist olub, Rusiya Kommunist Partiyasına çox gənc ikən qəbul edilib. İlk şerlər kitabı da Türkiyədə yox, Rusiyada çıxıb. Dörd sevgilisindən, dörd həyat yoldaşından ikisi türk, ikisi rus olub.
Sovet Rusiyasına dəfələrlə gəlib-getsə də, sonuncu dəfə, 1950-ci illərin əvvəlində gələndə SSRİ, buradakı həyat heç gözləmədiyi halda onu məyus etdi. Səbəblər çoxdu – əvvəla, sevdiyi, təsirləndiyi avanqardist sənətçilər Mayakovski və Meyerhold nadir hallarda xatırlanır və artıq rəsmi bəyənilmirdi. Mayakovskini niyə sevdiyini bilirəm, müəllimi sayırdı, amma məncə, müxtəlif adamlar, müxtəlif çaplı istedadlar idi. Meyerhold başqa məsələ, Mayakovski intiharından az öncə, Parisdə keçmiş dostlarını, bolşevizmə baş əyməmiş yarıac rus mühacirlərini restoranda qonaq edəndə gözlənilmədən ağlamış, spirtin doğurduğu səmimyyətlə etiraf etmişdi: "Mən daha şair deyiləm. Mən ədəbi məmuram".
İkincisi, bütün yazarlar əsərlərində Stalinin adını çəkməliydilər, dünya proletarlarının böyük rəhbəri həmişə xatırlanmalı, təriflənməliydi.
Üçüncüsü, SSRİ rəhbərliyi Nazim Hikmətin əsərlərini – şer və pyeslərini, məqalələrini rus və başqa dillərə çevirsə, güclü təbliğ etsə də, əsərləri tərcümə zamanı bilərəkdən, siyasi nədənlərdən təhrif edilirdi. Bu, Nazim Hikməti qıcıqlandırırdı, təbii. Sovet rəhbərliyi, daha doğrusu ideologiyası bu nəhəng bədənli, nəhəng istedadlı, nəhəng istedadlı, nəhəng şəxsiyyətli insandan öz məqsədləri üçün istifadə edirdi - beynəlmiləlçi əqldəli, damarlarında qarışıq beynəlmiməl alman, polyak, türk qanı axan, dönməz kommunist, öz dəyərləri uğrunda on il türk həbsxanadlarda yatmış, əyilməmiş, sınmamış Nazim sovet təbliğatı üçün əla fiqur idi. Şairin bütün şerləri rus dilində, mükəmməl tərcümələrdə nəhəng tirajlarla çıxırdı. Amma bu gün Rusiyada onu Mayakın, Mayakovskinin yarısı, on, heç olmasa bir faizi qədər tanıyan, xatırlayan varmı?!.. Türkiyədə, Azərbaycanda isə kommunist olmasına baxmayaraq anılır, xatırlanır, sevilir - istedadı siyai baxışlarını və əqidəsini dəfələrlə üstələyən bütün şairlər, nasirlər kimi...
Bir dəfə şair dostlarına, özəlliklə də yaxın olduğu İlya Erenburqa demişdi:
“Yoldaş Stalinə böyük hörmətim var, amma onun günəşlə müqayisəsini qəbul edə bilmirəm. Bu, təkcə pis şeir deyil, bu zövqün pisliyidir“.
Belə söz özlüyündə təhlükəli olsa da, İlya Erenburqa demək lap təhlükəliydi - İlya Erenburq Stalinə yaxın idi. Amma Erenburq bu sözü sirr kimi saxladı, stalinizm bitəndən sonra yaydı.
Nazim Hikmətin sonuncu arvadı, "Soyuzmultfilm"də redaktor işləyən, dramaturq Veronika Tulyakova ilə eşq macərası və evliliyi maraqlıdır. Vera ailəli, bir qızı olmasına baxmayaraq, evli Nazim də onun atasından 3 yaş böyük olmasına baxmayaraq ilk görüşdən bir-birilərinə bir könüldən min könülə aşiq olmuşdular. Yaşı 50-ni keçmiş Nazim Hikmət əlində gül buketləri və şokolad, konfet qutuları Veranın işlədiyi "Soyuzmultfilm" kinostudiyasına gəlib getməyə başladı. Populyar şair və ictimai xadim, bir çox qadınların rəğbət bəslədiyi mavi gözlü divin duyğuları cavabsız qalmadı - 1960-da Nazim maşınını, bağını, mebelini, bütün varını üçüncü xanımı Qalinaya verdi, ərindən ayrılan Vera ilə birgə yaşamağa başladılar. Onların sevgisi cəmi üç il çəkdi, bal ayı qədər qısa. Nazim Hikmətin ölümündən sonra üzə çıxan şeri Veraya həsr olunub:
Gəlsənə dedi bana
Kalsana dedi bana
Gülsənə dedi bana
Ölsənə dedi bana
Gəldim
Kaldım
Güldüm
Öldüm...
Nazim Hikmət dünyasını dəyişəndən sonra Vera maraqlı xatirələr kitabı yazıb, bu öz yerində. Amma dünyada çoxmu qadın ölümdən sonra belə - inci kimi küçik və gözəl misralarda yaşayır?
Nazim Hikmətin İslamı qəbul etmiş, Osmanlıda general olmuş alman və polyak ana babaları haqqında yazmışdım, özü haqqında hələ geniş yazacam, indi vaxt-imkan yox, amma bir dəfə şairlə bağlı olmayan söhbətdə paylaşdığım şerini bir daha paylaşıram. Görün, 1962-də, ölümündən bir il altı gün öncə yazılan bu siyasi şer, - ixtisara saldığım antiamerika, antiimperialist notlarını çıxmaqla, - bu gün də necə aktual səslənir, özəlliklə Azərbaycan üçün?
Nâzım Hikmet vatan hainliğine devam ediyor hâlâ
Evet, vatan hainiyim, siz vatanperverseniz, siz yurtseverseniz, ben yurt
hainiyim, ben vatan hainiyim.
Vatan çiftliklerinizse,
kassalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
ben vatan hainiyim.
Yazın üç sütun üstüne kapkara haykıran puntolarla:
Nâzım Hikmet vatan hainliğine devam ediyor hâlâ.
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Cingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.