Kristalloqraf alim Xudu Məmmədovun həyatı…
4-08-2023, 13:16
Bu yazıda Xudu Məmmədovun təkcə fəlsəfi və sosial görüşlərindən, tarixi və siyasi baxışlarından və bütün bunların fonunda uzaqgörənliyindən bəhs etsək, onu tanımayanlar elə bilərlər ki, Xudu Məmmədov yalnız Azərbaycanın tanınmış filosofu və ya yazıçısıdır. Halbuki o bütün bunlarla yanaşı görkəmli kristalloqraf alim, təbii quruluş formaları və naxışlar arasında, həmçinin, elmi və bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı idi. Akademik Teymur Bünyadovun ifadəsi ilə: “Əgər Xudu Məmmədov alim olmasaydı, bəlkə də respublikada ən tanınmış rəssam, ən yaxşı ədəbiyyatçı, musiqiçi, ya da musiqi nəzəriyyəçisi olardı”.
Xudu Məmmədov 14 dekabr 1927-ci ildə Qarabağ mahalında – Ağdamın Mərzili kəndində ziyalı ailəsində anadan olmuşdur. Elm adamı və ictimai-siyasi xadim, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Milli Azadlıq Qərargahı Təşkilatının qurucularından olan Xudu Məmmədov həm ölkə daxilində, həm sovet blokunda, həm də sovet blokundan kənarda bir çox orden, medal, nişan və fəxri fərmanlarla təltif edilən bir alimimizdir.
Dünyanın elm nəhəngi kimi tanınan ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda belə demişdir: “Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!” Beləliklə, Xudu Məmmədov hələ 25 yaşında ikən alim tituluna layiq olduğunu sübut etmişdir. Həmçinin, məşhur qırğız yazıçısı Çingiz Aytmatov Xudu Məmmədovla bir yerdə olarkən belə demişdir: “Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!”
Xalq şairi Bəxtiyar Vahabzadə isə Xudu Məmmədovla bağlı xatirələrində bunları qeyd edir: “1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə.” Xudu Məmmədov bəlkə də ilk baxışda kiçik görünən, ancaq əslində böyük məna daşıyan bu arzusunun içində Allahdan diləyirdi ki, bir gün SRRİ dağılsın, sərhədlər açılsın, türk əsgərləri Azərbaycana gəlsinlər, Bakıda əli silahlı sərbəst gəzsinlər və Bakıdakı sonuncu kommunisti güllələsinlər…
Onda kimin ağlına gələrdi ki, bundan neçə illər keçəndən sonra Xudu müəllimin həmin arzuları çin olacaq, SSRİ dağılacaq, kommunist partiyası süqut edəcək, Azərbaycan Müstəqillik Aktını qəbul edəcək… Amma heyiflər olsun ki, Xudu Məmmədov o günləri görmədi, lakin o günləri görənlərdən fərqli olaraq o bütün bunları neçə illər əvvəl arzulamış və bununla da o günlərin tezliklə gələcəyinin xəbərçisi olmuşdu.
80-ci illərin sonları videomaqnitofonlar təzə-təzə ortaya çıxan dövrlərdə Xudu Məmmədov bir türk filminə diqqətlə baxır. Bunun səbəbini soruşanda isə o belə cavab verir: “Mən filmə baxmıram, filmdəki danışığa baxıram, onların istifadə etdiyi sözləri, söylədikləri deyimləri eşitmək istəyirəm, bizim eyni millət olduğumuzu göstərə biləcək ən yaxşı nümunə budur”.
Xudu Məmmədov elmi fəaliyyəti ilə yanaşı bayatıları ilə də tanınır. Onun bayatılarından biri də belədir:
“Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz”.
Xudu Məmmədov hər dəfə doğulub boya-başa çatdığı Ağdamın Mərzili kəndinə gedəndə həmkəndliləri onun başına toplaşar, hal-əhval tutardılar. Belə görüşlərin birində: “Əsl alim kimə deyilməlidir?” – deyə ondan soruşurlar. Xudu Məmmədov bu zaman belə cavab verir: “Əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona qiymət verərək, “Onun dedikləri elə mənim bildiklərimdir” desə, deməli, əsl alim odur. Yox, əgər “Mən heç nə başa düşmədim” desə, deməli, o əsl alim deyil”.
Görkəmli alim Xudu Məmmədov haqqında araşdırma apararkən onun uzun müddət Azərbaycan Televiziyasında yayımlanan “Elm və həyat” verilişinin aparıcısı olduğunu öyrəndim. Ancaq yaşım yol vermədiyi üçün mən həmin verilişləri xatırlamıram. Buna baxmayaraq, həm mənim kimilərin, həm də gələcək nəsillərin Xudu Məmmədovu, onun düşüncə dünyasını daha yaxından tanıması üçün həmin verilişlərin olduqca mühüm olduğunu düşünürəm. Bu minvalla böyük ehtimal ki, Azərbaycan Televiziyasının arxivində olan həmin verilişlərin Youtube və digər sosial media platformalarına yüklənməsi alimin dərin təfəkkürünün və onun geniş dünyagörüşünün tanınması baxımından çox faydalı bir iş olacağını düşünürəm. Bundan başqa, Xudu Məmmədovun tələbəsi olmuş akademik Səlahəddin Xəlilov sözügedən bu “Elm və həyat” verilişinin formatının günümüzdə adətən bayağı verilişlərlə doldurulan televiziya kanalları üçün də bir nümunə olacağını qeyd etmişdir.
Yuxarıdakı şəkil Xudu Məmmədovun xatirəsinə həsr olunan “Dünya, səndən kimlər keçdi” sənədli filmindən alınmışdır.
Xudu Məmmədov 80-ci illərdə Ağdamda bir məclisdə Zəlimxan Yaquba belə deyir: “Mən ictimai sifariş verirəm, saz haqqında əsər yazmalısan. Bu, xalqın sifarişidir. Bəxtiyar Vahabzadə “Muğam” poemasını (iri həcmli nəzm əsəri) yazandan sonra saz haqqında da yazmaq istəyirdi. Ancaq mən dedim ki, Bəxtiyar, sən saz haqqında yazma, çünki sən onu bilmirsən, saz haqqında da yazan tapılar. İndi mən görürəm ki, saz haqqında əsərin müəllifini tapmışam və o adam sənsən…” Beləcə, Zəlimxan Yaqub “Saz” poemasını Xudu Məmmədovun xahişi və təkidi ilə yazır. Zəlimxan Yaqub sonralar bu haqda belə deyirdi: “Fəxr edirəm ki, mən “Saz” poemasının müəllifiyəm. O poemanın da araya-ərsəyə gəlməsinə görə böyük alimimiz Xudu Məmmədova minnətdaram”.
Xudu Məmmədov həm rəssam, həm musiqiçi, həm jurnalist, həm də şair idi. O, “Naxışların yaddaşı”, “Qoşa qanad” kimi məhşur kitablarında elm və sənəti birləşdirib qoşa qanad kimi təqdim edirdi. Ağdam şəhərinin mərkəzində yerləşən məhşur “Çay evi”nin ideya və layihəsi də bu böyük insanın hərtərəfli sənətkar olmasına bir sübutdur. “Çay evi”ni isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alınmışdı. Ümid edək ki, 30 illik işğaldan sonra azad edilən Ağdam şəhərinin yeni planına şəhərin simvollarından birinə çevrilmiş bu “Çay evi” də salınsın və öz yerində yenidən inşa edilsin.
Haşiyə çıxaraq burada bir qeyd düşmək istəyirəm… Hər dəfə “Xalqlar Dostluğu” metrostansiyasından keçəndə bu adı buraya verənlərin dilində bu ifadənin nə qədər cılız və riyakar səsləndiyini düşünürdüm. Bu yazını hazırlayanda Xudu Məmmədovun 1988-ci ildə lentə alınmış bir görüşünə (“Dünya, səndən kimlər keçdi” sənədli filmində) rast gəldim. Sanki Xudu müəllim məhz bu məqamdan bəhs edirmişcəsinə belə deyirdi: “Dostluq haqqında şüarlar səsləndirmiş, boyalı sözlər demişik. Daha doğrusu, dost olmaq əvəzinə dostluqdan danışmışıq”. “Xalqlar dostluğu” ifadəsi əslində öz-özlüyündə həm doğru, həm də arzu edilən bir ifadədir. Quranda keçən: “Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq…” (Hucurat, 49/13) ayəsində bir mənada xalqların, millətlərin mehriban yaşamasının vacibliyindən bəhs edilir. Ancaq sovet hakimiyyətinin dilində səslənən “xalqlar dostluğu” şüarının nə qədər içi boş olduğuna elə yaxın tariximiz şahidlik edir. Axı hansı dostluqdan söhbət gedə bilərdi ki, bu sözləri bizə aşılayan sovet hakimiyyəti böyük bir Qarabağ problemini öz əlləri ilə böyütmüş, boya-başa çatdırmış, sonra da bizə “miras qoymuşdu”. Ancaq şərəf tariximiz kimi bu problem yalnız 30 ildən sonra 44 günlük İkinci Qarabağ Müharibəsində əsgər və komandirlərimizin qəhrəmanlıqları, şəhid və qazilərimizin qanları ilə öz həllini tapdı.
SSRİ-yə qarşı 1962-ci ildə qurulmuş Milli Azadlıq Qərargahının ərsəyə gəlməsi də məhz Xudu Məmmədov və tarixçi, yazıçı Oqtay Eldəgəzin (Rəfili) adı ilə bağlıdır. Xudu Məmmədov 1990-cı ildə (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti tərəfindən milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görülmüşdür. Onun xatirəsi sonrakı illərdə də yad edilmiş, 2017-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasında Xudu Məmmədovun 90 illik yubileyi qeyd edilmişdir. Qeyd edək ki, paytaxtımızın ən böyük küçələrindən biri də Xudu Məmmədovun adını daşıyır.
Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından biri və şəxsi həkimi olan Məhəmməd Kəngərli 1969-cu ildə Türkiyədə Xudu Məmmədova üçrəngli bayrağımızı hədiyyə etmiş, o da bu bayrağı gizli şəkildə Azərbaycana gətirmişdir. Bəlkə də, Xudu Məmmədovun vaxtilə gizli şəkildə Türkiyədən gətirdiyi bu üçrəngli bayrağın müstəqil Azərbaycanın hər tərəfində dalğalandığını görmədən vəfat etməsini bəziləri vaxtsız ölüm kimi qiymətləndirə bilər. Ancaq bu gün biz hələ də onun haqqında danışırıqsa, deməli, o hələ də yaddaşlarda, xalqın arasında, bizimlə birgə yaşayır.
Xudu Məmmədovun 20 illik dostu olan alman əsilli müsəlman tədqiqatçı-yazıçı Əhməd Şmide (Achmed Schmıede) onun vəfatından bir müddət sonra Bəxtiyar Vahabzadənin dəvəti ilə Bakıya gəlmiş və məzarı başında Yasin oxumuşdu. Bu zaman alman alim Əhməd Şmide belə demişdi: “Mən ilk dəfə Xudusuz Azərbaycana gəlmişəm. Mən bu səfərə hazırlaşarkən düşünürdüm ki, görəsən, Xudunun mövcud olmadığı Azərbaycanda onunla mənim ortaq dostlarımızın günləri necə keçəcək? Ancaq Bakıda hara getsəm, onunla ortaq dostlarımızla harada görüşsəm, Xududan izlər, Xududan xatirələr gördüm”.
Xudu Məmmədovun 20 illik dostu olan alman əsilli müsəlman tədqiqatçı-yazıçı Əhməd Şmide (Achmed Schmıede) onun vəfatından bir müddət sonra Bəxtiyar Vahabzadənin dəvəti ilə Bakıya gəlmiş və məzarı başında Yasin oxumuşdu. Yuxarıdakı rəsm alman əsilli müsəlman tədqiqatçı alim Əhməd Şmide (Achmed Schmıede) və Bəxtiyar Vahabzadənin Xudu Məmmədovun qəbrini ziyarət edərkən çəkilən video lentdən alınmışdır.
Xudu Məmmədov nə Qarabağın işğalını, nə də azadlığını gördü. Amma ilk hadisələrin şahidi olmuşdu. Ömrü boyu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu ilə yaşayan Xudu Məmmədov Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi, ermənilərin torpaqlarımıza əsassız iddialarının artdığı bir vaxtda 15 oktyabr 1988-ci ildə (61 yaşında) Bakı şəhərində dünyasını dəyişdi.
Fraza jurnalı,
Nazim Mustafayev