Şəddadi yox Şadlı dövləti
5-08-2023, 00:05
Bu gün Azərbaycan, Türkiyə, Rusiya və bəzi ölkələrin tarix kitablarında ciddi yanlışıqla Şəddadilər dövləti adı keçir. Guya Şəddadilər kürd mənşəli Sünni Müsəlman sülalə olmuşdur ki, 951-1199-cu illərdə Ermənistan və Arrannın müxtəlif ərazilərini idarə etmişdir. Kim bu Şəddadilər adını elmi dövriyyəyə gətirib və məhz onun kürdlərlə bağlayıb?
Bu adı çəkən tarixçilər istinad kimi İbn Qüteybənin "Kitab ül Məarıf"ı, Yaqut əl Həməvinin "Mücəm əl Buldan"ı, ibn Hallikanın "Vəvayatul Ayan"ı, Şərəfxan Bidlisinin "Şərəfnamə"sini istinad kimi göstərirlər. Lakin onların ciddi təhriflərə uğradığını da etiraf etmirlər. Bu barədə digər istinadlar axtarmadan Azərbaycanın ən qədim eli olan Şadlıları Şəddadilər kimi qələmə verirlər. Xüsusilə İngiltərə — Rusiya şərqşünası Vladimir Minorski iddia edir ki, guya Şəddadilər burda eramızdan əvvəl da yaşamış kürdlərin ulu babalarıdır. Onun yazılarını oxuyandan sonra sadəcə bir həqiqətə vardım: başdan ayağa yalan və heç bir ciddi mənbəni qoyaq kənara yazılı qaynaq və daş abidə üzərində bir damğa göstərmədən bu fikirləri irəli sürməsi regionda türk kimliyinin silinməsinə xidmət etməkdən başqa bir şey deyildir.
Birinci qeyd edim ki, Şadlı tayfası Qərbi Azərbaycan və Naxçıvan ərazisində yaşayıblar və onlar Xəzər xaqanlığı dövründə bu böyük dövlətə tabe idilər. Türk soylu olan bu tayfa Xəzər xaqanın böyük oğlu və xaqanlığa namizəd olan vəlihədlərə xidmət edirdilər. O dövrdə isə böyük bir coğrafiyaya hökm edən Xəzər xaqanlığı ərəblərin hücumlarına qədər bura Şadlı torpaqları kimi olub və ərəblər bura gələndə onların yanında olan səlnaməçilərin qeydlərindən sonra bəzi ərəbdilli yazılı qaynaqlara Şadın ölkəsi kimi düşmüşdür. Türk tədqiqatçısı Prof. Dr. Veli Saltık yazır : “935-ci ildə Şadılılar Araz və Kür çayları arasında, antik dövrdə "Antopatan”adlanan coğrafi bölgənin quzeyində yerləşən və daha sonra "Aran” adlanan bölgədə, 951-1064-cü illərdə hökmüdar olmaqla, 1174-cü ilə qədər bir dövlət qurdular” (Bax: Saltik, Veli. Sadiler ve Kockiriler. Kuloğlu Matbaacılık, Ankara 2011)
Şadılılar istər Xorasan bölgəsində, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadılı adı vermişlər. Sonradan ərəblərin qeyd etdiyi kimi guya Şadlılar ulu babası Səədin ərəb kökənli olub və İmam Həsənin soyundadır, bunu fars qaynaqları yazıblar və çox təəssüf ki, Osmanlı tarixçiləri də ona inanıb yazıblar. Tarixçi alim, dostum, Azərbaycan tarix elmində ilk dəfə olaraq Urartuşünaslıq sahəsində geniş tədqiqatlar aparan Ramin Əlizadə yazır: “Biz tarixə nəzər salsaq ərəb işğalından sonra regionda bir çox yerlərə ərəblərin hakim olmasını görə bilərik, lakin bu regionda hakimlərdən birinin Səəd olması haqqında istər yazılı qaynaqlarda, istərsə də numizmatik materiallarda məlumatlar yoxdur”
Sonradan bu adlar bir az təhrif olunsada "Şidli”, "Şadılı”, "Şatırlı”, "Şəddadi” adlarını saxlamışlar. . İstər arxeoloji abidələri, yazılı qaynaqları, istərsə də numizmatik materialları araşdırarkən biz daha çox Şadlı sözünə rast gəlirik nəinki Şəddad. Şədadilər Şadlı sözünün dil üslubuna görə yaranmış adıdır. Orjinalda Şadlı dövləti, rus-osmanlı-fars dilinə yazılanda şəddadi kimi yazılıb, bəlkə də qəsdən edilib ki, Şadlı tayfasının qədim soyunu silsinlər tarixdən.
Şəddadi ("Şadlı" sözü ərəbcə "Şədd" kimi tələffüz olunmuşdur, "ad//at" isə ərəbcədə başqa dillərdən alınma sözlərə artırılan cəm şəkiçisidir). (bax: Mенда Бейлу. M. 1975, səh 49)
Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur.
Vedibasar bölgəsində şadılı boyunun tarixi çox qədm çağlara aiddir. Urmu hövzəsində isə şatırlı tayfalarının tarixi miladdan öncə VIII əsrə aiddir. Belə ki, Şatir-araqa (Şatiraraya da oxunur) və Şatiru adlı bölgələr barədə e.ə. 777-ci və 780-ci illərə aid urartu dilində yazılmış tarixi qaynaqlar vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid asur qaynağı da təsdiq edir. Assur – Urartu mətnləri isə I minildə qeydə aldıqları şad titulu və şad, şadlı tayfalarından bəhs edir. (Bax: И.M.Дьяконов. Ассиро Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", №2-3, 1951, səh 10)
Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir. Onlar Şadlıların bir qolu olaraq VII əsrdə Mərkəzi Asiyaya ordan da Göytürklərin torpaqlarına və Çinə mühacirət edib burda məskunlaşıblar. (Bax: Joo-Yup Lee. Turkic Identity in Mongol and Post-Mongol Central Asia and the Qipchaq Steppelocked. https://oxfordre.com/.../978.../acrefore-9780190277727-e-443)
Hətta Əmir Teymur Osmanlıları məğlub edəndən sonra Çingiz xan soyundan özünü saydığı üçün Anadoluda məskunlaşıb və “qaratatar” adı ilə bilinən monqol tayfasmı Orta Asiyaya aparması haqqmda məlumatlar mövcuddur (Bax: Nizaməddin Şami. "Zəfər-namə". — Bakı: Elm, 1992. — 40 s.)
Yekun olaraq qeyd edim ki, bu gün bəzi ölkələrin tarix kitablarında yazılan Şəddadilər kürd dövləti deyil, orjinal adı Şadlı dövlətdir, qədim türk xalqıdır, Azərbaycan, xüsusilə Qərbi Azərbaycan ərazisində tarixən yaşayıblar. Dədə Qorqud dastanında adı qeyd edilən Bayandur xan da tayfaya aid olub. Şəddadilər adı isə Şadlı adının sonradan təhrif edilmiş formasıdır. Bu tayfanın türk olmasının sübutu isə Orhon abidələrdir. Orda isə konkret yazılıb:
İki oğluma yabğu (və) şad adı verdim.
Yeddi yüz kişini (döyüşə) aparanın böyüyü Şad idi.
Zaur Əliyev, dosent
Teref.az