Brejnevin yaşamadığı, ancaq 24 saat mühafizə olunduğu mənzili.

10-08-2023, 14:58           
Brejnevin yaşamadığı, ancaq 24 saat mühafizə olunduğu mənzili.
Ən yeni tarix. Maraqlı faktlar.
18 il SSRİ-yə rəhbərlik edən Leonid Brejnev özündən əvvəlki sovet liderlərindən sadəliyi, “xeyirxah”lığı ilə fərqlənib. Mövcud dövrdə bu “sadə”liyin arxasında dayanan zənginliyi sıravi vətəndaşlar çox da hiss etməyiblər. Düzdür, Brejnevin hədiyyə həvəskarı olması haqqqında çox söz-söhbətlər dolaşıb, hətta lətifələr də qoşulub. Amma baş katibin var-dövlət hərisliyi ilə bağlı əsl həqiqətlər çox-çox sonralar üzə çıxıb. O da məlum olub ki, siyasi tədbirlərdə, xarici səfərlərdə Brejnevin yanında nadir hallarda görünən həyat yoldaşı Viktoriya Petrovna var-dövlət hərisliyində baş katibdən heç də geri qalmayıb...
Brejnev baş katib olduğu dövrdə əsasən, Moskva ətrafında yerləşən Zareçyedəki bağ evində yaşayıb. 1974-cü ildə bu bağ evində əsaslı yenidənqurma, təmir və bərpa işləri aparılıb. Brejnevə yeni bağ evinin tikilməsi təklif edilsə də o, Zareçyedə yaşamağa daha çox üstünlük verib. Bununla yanaşı, baş katibin Moskvanın mərkəzində, Kutuzov propektində geniş mənzili də olub. Bir neçə il ərzində qonşu mənzillər də bu mənzilə qatılaraq daha da genişləndirilib. Ailə Moskvanın mərkəzində 123 kvadratmetrlik bir mənzilə də sahib olub ki, Brejnev bu mənzilin mövcudluğundan sonralar xəbər tutub...

Baş katibin bağ evində qeyri-rəsmi ziyafətlərin birində Moskvanın birinci katibi Viktor Qrişin Brejnevin şərəfinə qədəh qaldıranda nitqini aşağıdakı kimi yekunlaşdırıb:
Əziz Leonid İliç, sizin böyüklüyünüz sayəsində komandanız həmişə mehriban şəraitdə fəaliyyət göstərir, mən inanıram ki, bu ənənə həmişə davam edəcək. Biz arzu edirik ki, yaxın günlərdə bu bağ evində komandanızla birlikdə Viktoriya Petrovnanın ad gününə toplaşaq.
Brejnev Qrişinin təklifini təbbəssümlə qarşılayıb:
Siz onu Vityadan (Brejnev həyat yoldaşını çox vaxt məhz belə adlandırıb) soruşun.
“Birinci xanım”, təbii ki, ad günü ziyafətinə razılıq verib. Amma təklikdə Qrişinin qarşısına bir şərt qoyub. O, Moskvanın birinci katibindən mənzil istəyib. Moskvanın “sahib”i üçün baş katibin həyat yoldaşının xahişini yerinə yetirmək çox sadə bir məsələ olub. Üç gündən sonra şəhərin mərkəzində, dövlət məmurları üçün inşa edilmiş binada dördotaqlı mənzilin açarları Viktoriya Petrovnaya təqdim edilib.
Viktoriya Petrovna bu mənzili sadəcə əlavə bir mənzilə sahib olmaq üçün istəməyib. O, bu mənzili Brejnevə verilən qiymətli hədiyyələri saxlamaq üçün istəyib. “Birinci xanım” bütün hədiyyələri bu mənzilə daşıtdırıb, hər bir qiymətli əşyanın üzərinə övladlarının və nəvələrinin adlarını yazıb, yəni əvvəlcədən hər kəsin payını müəyyənləşdirib. Daxili işlər naziri Şelokov bu mənzilin mühafizəsini təşkil edib, mənzil bütün sutka ərzində milis nəzarətində olub.

Dövlət adamlarının yaşadığı binada Brejnevlər ailəsinin mənzilə sahib olması qonşulara heç bir narahatlıq yaratmayıb. Əksinə, binanın kommunal xidmətlərinə xüsusi diqqət yetirlib, təmizlik işləri yüksək səviyyədə aparılıb, bina milis tərəfindən sutkanın 24 saatı mühafizə olunub. Ay ərzində mənzilə bir neçə dəfə təştif buyuran Viktoriya Petrovna da öz səxavətini qonşulardan əsirgəməyib. Həmin binada Brejnevlər ailəsi ilə qapı qonşusu olan Lyudmila Vlasova 1990-cı illərdən sonra jurnalistlərə verdiyi müsahibədə “birinci xanım”la bağlı xoş təəssüratlarını bölüşüb:
“Mən həmin dövrdə Ümumittifaq Həmkarlar Komitəsində işləyirdim. Günlərin birində işdən evə qayıdanda milislər məni giriş qapısında saxladılar. Mən özümü təqdim etdim, əllərindəki siyahıya baxdıqdan sonra məni içəri buraxdılar. Sonradan mənə məlum oldu ki, binaya yeni “sakin” köçüb. Daimi sakinlər üçün heç bir problem yaranmırdı, gələn qonaqlar isə ciddi yoxlanırdı. Nəhayət, günlərin birində Viktoriya Petrovna ilə tanış oldum. O, çox mehriban bir qadın idi. Məni evlərinə dəvət etdi, çaya və şirniyyata qonaq oldum. Onların mənzili geniş idi. Amma yaşayış üçün heç bir şərait yaradılmamışdı. Mənzil səliqəli bir anbarı xatırladırdı. Viktoriya Petrovna bu binada az-az görünsə də, qonşularla xoş münasibət yarada bilmişdi. Hətta bir dəfə mənim xahişimi də məmnunluqla yerinə yetirdi. Həyat yoldaşım Lixaçov adına Avtomobil Zavodunda (ZİL) baş mühəndis vəzifəsinə keçmək istəyirdi. Amma ona bu vəzifəyə keçməkdə zavod rəhbərliyi əngəllik yaradırdı. Mən bu məsələni Viktoriya Petrovnaya danışdım. Elə səhəri gün həyat yoldaşım baş mühəndis vəzifəsinə təyinatla bağlı əmrin aldı. Bu evdə nələrin saxlandığını mən bilmirdim. Amma təkcə onu bilirdim ki, tez-tez evə böyüklü-kiçikli yüklər daşınırdı. Onların üstü səliqə ilə bağlanmışdı. Həftədə iki dəfə iki xidmətçi qadın mənzili səliqəyə salırdılar, təmizlik işləri ilə məşğul olurdular...”
Viktoriya Petrovna bu mənzilə uzun illər “yük” daşıtdırıb. Onların dəyəri bu gün də heç kimə məlum deyil. Məlum olan odur ki, Brejnevin vəfatından sonra həmin mənzil və mənzilə yığılan “yük”lər sabiq “birinci xanım”ın əlindən alınıb və baş katibin həyat yoldaşı ömrünün son illərini acınacaqlı bir vəziyyətdə yaşayıb.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.