Avstriya baronu olmuş Nadir Şahın oğlu - FOTO

11-08-2023, 19:24           
Avstriya baronu olmuş Nadir Şahın oğlu - FOTO
Fotoda Nadir şahın 1736-cı ildə anadan olan oğlu Mustafa Əli Mirzə xandır. Nadir Şahdan sonra taxt-tac ona qalacaq idi. Bunun üçün də 9 yaşında Hindistanın Dehli şəhərinə aparılır. Burda ona təlimlər keçirilir, dil öyrədilir, savaşın incəlikləri barədə dərslər deyilirdi. Onun Dehliyə gəlməsi Nadir Şahın buranı fəth etməsi ilə bağlıdır. (Bax: Constantin von Wurzbach: Semlin, Johann Joseph Freiherr von. In: Biographisches Lexikon des Kaiserthums Oesterreich. 34. Theil. Kaiserlich-königliche Hof- und Staatsdruckerei, Wien 1877, S. 82)

Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu. Nadir şahın şərqdə qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi.

Avropanı qorxuya salan bu qələbə xüsusilə ingilisləri narahat edirdi. İngilis tarixçisi Michael Axworthy yazır: “Nadirin Hindistan yürüşü və qələbəsi ingilislərin Şərqi Hindistan Şirkətinə oradakı real vəziyyəti, imperiyanın çox zəifliyini göstərdi və onları bu güc boşluğunu doldurmağa tələsdirdi” (Bax: Michael Axworthy. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.)

Məhz bu narahatlıq "Şərqin Napoleonu” və "İkinci Makedoniyalı İsgəndər” adlanan Nadir Şahın sui qəsdi ilə nətciləndi və o qətlə yetirildi. Onun ölümündən sonra Əfşarilər sülaləsində rəqabət döyüşləri baş verdi. – qardaşı oğlu Əliqulu xan Adil şah adıyla hakimiyyəti ələ aldı. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi.Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. O, Şahin oğlu Mirzə Əli xanın da ölümünə fitva verir. Lakin Nadir şah xəyanət nəticəsində öldürüləndən sonra şaha sadiq insanlar onun oğlunu qaçırıb İstanbulda gizlədirlər. (Bax: Ahmad Saberi, Ein persischer Prinz in Wien, in: TAWAN, Magazin des Vereins Iranischer Ingenieure/innen in Österreich, Wintersemester 2002/2003, pp---8)

İstanbuldan isə onu ilk olaraq Almaniyanın Habsburq (? Hamburq Teref.az) şəhərinə aparırlar. Burada onu qısa müddətlik həbs edirlər. Yerli məhkəmə sistemi onu “Fars” agenti olmaqda ittiham edir. Burada onunla bağlı aparılan araşdırmalar İmperatora göndərilir. Onun haqqında eşidən 1740-cı ildən, 1780-ci ilə qədər Habsburq sülaləsi mülklərini və 1745-ci ildən Müqəddəs Roma İmperiyasını idarə edən Mariya Tereza onu alman dili kursuna göndərir və onu iki aydan sonra övladlığa götürür. Sadəcə Əlidən bir tələbi olur. “Xristianlğı qəbul elə”. 25 yanvar 1756-cı ildə Roma Katolik Kilsəsi tərəfindən xristianlığa qəbul edilən Əli xanın bundan sonra isə bütün rəsmi sənədləşmə başa çatır və Nadir Şahın oğlu Mustafa Əli Mirzə xan Johann Joseph fon Semlin adını alır. (Bax: Adelslexikon. Genealogisches Handbuch des Adels. Germany. 2002 p. 293.)

O, Vyana Hərbi Akademiyasında hərbi xidmətə qəbul edilir. 1757-ci ildə İmperator Feldmarşalı Leytenant Ziqmund Fridrix fon Qabsburkun 42-ci Piyada Alayında gizir kimi işə götürülür. Yeddiillik Müharibədə o, 1759-cu ilə qədər Breslau və Hochkirchdəki mühüm döyüşlərdə fərqlənmək imkanı əldə etdi, burada iki dəfə yaralandı, bundan sonra kapitan rütbəsinə yüksəldi. Prussiyya ilə müharibədə əsir düşən igid şəhzadəni Prusiyya kralı şəxsən qəbul edir və onunla iki saat söhbət edir. (Bax: Genealogisches Handbuch des Adels, Adelslexikon Band XIII, Band 128 der Gesamtreihe, Limburg an der Lahn 2002, S. 293)

Müharibə bitəndən sonra baron titiulu alan şəhzadəyə Napelon Bonapart görüş təklif edir və İmperator ona Hindistan kralı titulunu və vəzifəsini vəd edir. Napoleonun səfiri Fon Semlindən İran taxtını ələ keçirməyə cəhd göstərməsini xahiş edərək ona hərbi dəstək təklif etdi. Fon Semlin təklifi rədd edərək, "Nə mən, nə də övladlarım Əfşar taxtını düşünmürəm. İran kralı olmaq hüququm olsa belə, onları bu yaşa qədər məni dəstəkləyən Müqəddəs Roma İmperatoru II Fransisə verirəm" deyir. (Bax: Francis Gerfen. Vienna: Scientific magazine. 1821. p. 186.)

Əli xan 1792-ci ildə türk əsilli Roza adlı xanımla ailə qurur. Onların İohann (Yəhya) və Yusif (Yusif) adlı iki oğlu olur. Onlar da sonra hər ikisi Avstriya ordusunda xidmət ediblər. (Bax: The Afshar Dynasty http://www.royalark.net/Persia/afshar3.htm)

Mustafa Əli Mirzə xan 90 yaşında Vyana yaxınlığındakı Mödlinqdə vəfat edib və öz evinin bağçasında dəfn edilib. Onun vəsiyyətinə uyğun olaraq dəfnində iştirak edən hər kasıba 5 gulden (avstriya pulu) ödənilirdi.O, ölümünə qədər öz türk adı olan Əli Mirzə Xandan istifadə edərək qanun layihələri imzalayıb.

Fotoda Vyanada adına və ailəsinə məxsus olan mülküdür. (Fon Semlin's house in District 2 of Vienna)

Zaur Əliyev,

dosent

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.