TOTO KUTUNYO DÜNYADAN GETDİ...

23-08-2023, 13:44           
TOTO KUTUNYO DÜNYADAN GETDİ...
Əfsanəvi müğənni və bəstəkar, İtalia və dünya ulduzu Toto Kutunyo 80 yaşında öldü, dünya estradasının bir ulduzu da söndü. Onu 1980-cı illərdən tanımışam, amma bəstələdiyi mahnıları daha əvvəl eşitmişəm, sadəcə tanımamışam, bilməmişəm.
Totonun ilk məşhur, ciddi tanınmağa başladığı kart-viziti olduğu "L`İtaliano" mahnısıdır, maraqlı melodisiylə yanaşı eləcə sözləri var:
Lasciatemi cantare
con la chitarra in mano
lasciatemi cantare
sono un italiano
Buongiorno Italia!
Qoy mahnı oxuyum,
əlimdə gitara,
qoy oxuyum,
Mən italiyalıyam!
Sabahın xeyir, İtaliya!
Məsələn, Fransa və dünya meqaulduzu, Totodan dəfələrlə məşhur olan Jo Dassinin "Et si tu n'existais pas" (1975), "Salut"(197.) və "L'Été indien" (1975) adlı hitlərini Toto Kutunyo yazıb, daha bir italian bəstəkarı Paskuale Lositoyla həmmüəlliflikdə. Maraqlı budur ki, Toto mahnıların oxuduğu şerlərə bəstələməyib, yalnız melodilərini yazıb, Dassinin daimi əməkdaşlıq etdiyi iki şair bu melodilərə fransızca mətn uyğunlaşdırıblar, sonucda dünya estradasının yüz milyonlarla insanın zövqünü oxşayan inciləri yaranıb.
Buongiorno Italia con i tuoi artisti
con troppa America sui manifesti
con le canzoni con amore con il cuore
con più donne sempre meno suore
Buongiorno Italia
buongiorno Maria
con gli occhi pieni di malinconia
buongiorno Dio
lo sai che ci sono anch'io.
Sabahınız xeyir İtaliya sənətçiləri
afişalarda çoxlu Amerika
mahnıları ilə ürəkdən sevgiylə
daha çox qadın və daha az rahibə ilə
sabahın xeyir İtaliya!
sabahin xeyir Məryəm!
melanholi dolu gözlərlə
Sabahin xeyir Allahım
bilirsən ki, mən də burdayam.
Kiçik qardaşım Ramiz 1970-cilərin sonunda ya 1980-cilərin lap əvvəlində İtaliyaya turist səfərinə getmişdi, oradan sovet adamı və durğunluq illəri üçün görünməmiş, bir dünya müşahidə və təəssüratla qayıtmışdı, bir də xeyli pal-paltarla yanaşı rusca "plastinka" dediyimiz disk gətirmişdi. Bu bir həftə-on günlük səfər 800 sovet rübləsinə başa gəlmişdi, o dövr üçün böyük pul idi, amma gətirilənlərə görə puluna dəyərdi, hətta sərfəli idi. Bakıda-Moskvada tapılmayan geyim, ayaqqabı. Müqayisə üçün deyim ki, mən EA Riyaziyyat İnstitutunda baş laborant işləyirdim, maaşım 95 rüblə idi, normal dolanmaq olurdu. Ona görə mən də, Zöhrə də Ramizi dolayırdıq, cinlətmək üçün o vaxtlar eşitdiyimiz, kinayəli "Ну, посмотрел он Колизей, / За девять дней шестьсот рублей!" mahnısını oxuyurduq. Gətirilənlərin arasında Toto Kurunyonun mahnıları da vardı, ehtimal, amma hansılarıydı, dəqiq xatırlamıram.
Lasciatemi cantare
con la chitarra in mano
lasciatemi cantare
una canzone piano piano
Lasciatemi cantare
perché ne sono fiero
sono un italiano
un italiano vero
Qoy mahnı oxuyum
əlində gitara
qoy oxuyum
həzin mahnı
Qoy mahnı oxuyum
çünki fəxr edirəm -
Mən italiyalıyam
Əsl italyan!
Ramiz 17-18 yaşından başlayaraq, o illərdə də, sonra da qızların xoşuna gələn, populyar oğlan idi, Totoya da, baxdığımız ""Müqəddəs Yanuariy" əməliyyatı", "Tapançalı qız" ("Assunta") komediyaları, mafia haqqında realistik, qəddarlığıyla məni, 30 yaşlı adamı sarsıdan "Polis komissarının respublika prokuroruna etirafı" italia filmlərindəki gənclərə də oxşarlığı vardı, ona görə "neapollu bandit" qoymuşdum adını, etiraz eləmirdi, Zöhrə də gülürdü buna. Gənclik illəri...
Fransa, Avropa və dünya ulduzu Mirey Matyeni məşhurlaşdıran "Çao, bambino, sorri" mahnısını da Toto Kutunyo yazıb. Çao, bambino, sorri"nin sözləri fransız dilindədir, italian dilindəki "Ciao, bambino" - "Sağ ol, oğlan", istisna. "Sorry"ni də hamı bilir, beynəlxalq sözdür.
Tu te crois irrésistible
Avec ta moustache
Et tes talons de cowboy
Tu te prends pour Pancho Villa
Pour Buffalo Bill
Et moi pour une petite fille
Ciao, bambino, sorry!
Elə bilirsən çapqınsan?
Bığlarınla
Ya kovboy çəkmələrinlə?
Özünü Panço Villa sayırsan?
Ya Buffalo Bill?
Mən isə adi kiçik bir qızam?
Sağ ol, oğlan, bağışla!
Çox ehtimal, mahnı İtaliyadan Fransaya, Parisə qız ovuna gələn oğlanlara həsr olunan zarafatyana mahnıdır.
Totonun iki məşhur mahnısının klip linklərini şərh bölümünə atıram. Dediyim ən məşhur "L`İtaliano" mahnısının və nisbətən az tanınan, amma mehmanxanada bir gecəlik məhəbbət macərasını təsvir edən erotik klipi olan "Buona Notte" - "Gecəniz xeyrə" mahnısının.
Mirey Matyenin və Jo Dassinin hitlərinin linklərini də ora atıram
Əlvida, böyül bəstəkar və müğənni! Mahnıların, varlığın, ölümün də gəncliyimi xatırladır. Xatirən ürəymdə sonacan yaşayacaq. Vətəndən uzaq mühacirətdə gənclik xatirələrimi yazanda sənin melodilərini, ifanı dinləyirdim, dinləyəcəm də. Ruhun şad olsun!
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Çingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.