Kremllə razılaşdırılmayan əməliyyat – Ruzvelt və Çörçill bu əməliyyatla Stalinə hərbi güclərini nümayiş etdiriblər.

23-08-2023, 15:04           
Kremllə razılaşdırılmayan əməliyyat –
Ən yeni tarix. Maraqlı faktlar.

İkinci Dünya müharibəsi tarixinin statistikasında ən dəhşətli rəqəmlərdən biri də 1945-ci ilin 13-15 fevral tarixləri ilə bağlıdır. Məhz həmin tarixdə, ABŞ və Britaniya qoşunları 48 saat ərzində Almaniyanın böyük şəhərlərindən biri olan Drezdendə genişmiqayslı hərbi əməliyyat keçiriblər. İki günlük əməliyyat zamanı12 min yaşayış binası, 24 bank, 24 sığorta şirkətlərinin binaları, 31 ticarət köşkü, 6470 mağaza, 640 müxtəlif təyinatlı anbar, 31 mehmanxana, dövlət qurumlarına məxsus 63 inzibati bina, 3 teatr, 18 kinoteatr, 19 xəstəxana, o cümlədən 8 hospital, 19 poçt binası, 39 məktəb, xarici ölkələrin 5 konsulluq binası, yüzlərlə istehsal müəssisələri tamamilə sıradan çıxıb. Həmçinin şəhərin su kəmərləri, ehtiyat su hövzələri, rabitə və elektrik xətləri, yanacaqdoldurma stansiyaları, dəmiryol və tramvay xətləri yararsız vəziyyətə düşüb. İnsan itkilərinin sayı isə 200 mini keçib.
Sözü gedən əməliyyatla bağlı maraqlı faktlardan biri odur ki, ABŞ və Britaniya bu əməliyyatın keçirilməsini müttəfiqləri olan SSRİ ilə razılaşdırmayıblar. Bu da öz növbəsində Kremlin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Almaniyanın böyük şəhərlərində hərbi əməliyyatların keçirilməsi hər üç müttəfiq tərəfindən planlaşdırılıb. Bu cür hərbi əməliyyatlar hazırlananda əsas hədəf hərbi sənaye obyektləri, Vermaxt qoşunlarının dislokasiya məkanları, silah-sursat anbarları və s. seçilib. Drezden isə daha çox tarixi abidələr, memarlıq nümunələri, muzeylərlə fərqlənib. 1945-ci ilin fevral ayında Yalta konfransında Almaniyaya son həmlələr planlaşdırılanda ümumiyyətlə bu şəhərin adı çəkilməyib. Əsasən Berlin və Leypsiqə hava hücumu nəzərdə tutulub, həmin əməliyyatların ABŞ və Britaniya tərəfindən keçirilməsi razılaşdırılıb. Konfransdan üç gün sonra isə razılaşmadan kənara çıxılaraq Drezdenə hava hücumu başlanıb.
Fevralın 13-də ilk olaraq Britaniya hərbi hava qüvvələri Drezdenə hücum edib. 850 təyyarə gecədən başlayaraq səhərə qədər şəhərin bütün sahələrinə üç min tondan artıq bomba atıb. Səhər saatlarında ingilis təyyarəçiləri Drezden səmasını tərk etdikdən sonra onları ABŞ təyyarələri əvəzləyib. 320 təyyarə Drezdenə daha 2 ton bomba atıb. İki sutka ərzində Drezden daha üç dəfə bombalanmaya məruz qalıb. Diqqət çəkən məqamlardan biri odur ki, Amerika və Britaniya təyyarəçiləri şəhəri bombalayanda konkret hədəf seçməyiblər. Yəni, təkcə hərbi obyektlərə bomba atılmayıb. Drezden ətraf qəsəbələri ilə birlikdə girişdən çıxışa qədər yerlə yeksan edilib. Kütləvi qırğınlar və çoxsaylı dağıntılarla nəticələnən əməliyyat zamanı ABŞ və Britaniyanın itkiləri cəmi səkkiz təyyarə olub.
Şahidlərin söylədiklərinə görə bombalandıqdan sonra Drezden tanınmaz hala düşüb, hətta sonralar yerli sakinlər öz yaşadıqları küçələri belə tanımaqda çətinlik çəkiblər.
Almaniyada rəqs məktəblərinin yaradıcısı Qret Palukka həmin dəhşətli anları belə xatırlayıb:
“Mən həyatımda belə dəhşətli hadisə görməmişdim. Bizim evimiz şəhərin mərkəzində idi. Binamızda yaşayanların hamısı həlak oldu. Onlar qorxularından evdən qaça bilmədilər. Mən binanın zirzəmisində gizlənmişdim. Amma düşünürdüm ki, bu zirzəmi əsl sığınacaq deyil və hər saniyə bura düşəcək bomba məni məhv edə bilər. Zirzəmidən çıxıb ətrafdakı yanğınların arası ilə qaçmağa başladım, küçələr meyitlərlə, yaralı insanlarla dolu idi. Göydən atılan bombalar isə tükənmək bilmirdi. Düz iki il mən bu səhnələri gözümün önündən çəkə bilmirdim. Yatanda həmin hadisələr yuxuma girirdi, qışqıraraq oyanırdım...”

Maraqlıdır, müharibənin son aylarında Drezdendə belə bir əməliyyatın keçirilməsi ABŞ və Britaniya üçün hansı zərurətdən doğub?
Araşdırmaçıların qənaətinə görə ABŞ və Britaniya bu dəhşətli səhnəni yaratmaqla Almaniyanın təslim olmasında H.tleri tələsdirmək məqsədini güdüb. Bu qənaət inandırıcıdır. Amma on minlərlə dinc əhalini məhv etmək müharibənin yazılmış və yazılmamış qanunlarında sözsüz ki, yolverilməzdir. Ortaya çıxan ikinci bir sual ABŞ və Britaniyanın niyə məhz Drezdeni seçməsidir. Tarixçilərin bu məsələdə də qənaətləri inandırıcıdır. Belə ki, alman faşizmi üzərində qələbədən sonra Drezdenin SSRİ-nin nəzarətində olacağı da Ruzveltə və Çörçilə əvvəlcədən məlum olub. Müttəfiqlər belə düşünüb ki, bomba görməyən şəhəri kommunistlərin liderinə “bəxş” etmək “ağılsızlıqdır”.
Bütün bunlarla yanaşı, Drezdendə görünməmiş bombalanma əməliyyatı ilə ABŞ və Britaniya bütün dünyaya, o cümlədən SSRİ-yə, onun rəhbəri Stalinə öz güclərini nümayiş etdiriblər.
SSRİ rəhbərliyi rəsmi olmasa da qeyri-rəsmi müttəfiqlərinin bu əməliyyatına sərt reaksiya verib. İosif Stalin isə ABŞ və Britaniya qoşunlarının keçirdiyi bu əməliyyatı insanlığa qarşı hərbi cinayət kimi qiymətləndirməkdən çəkinməyib. Stalin onu da yaxşı dərk edib ki, siyasi baxımdan əks qütbdə olan ABŞ və Britaniya bu əməliyyatla öz hərbi güclərini göstərməyə çalışıblar.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.