Üç ölkənin kəşfiyyatına işləyən nazir müavini – Stalin ona veriləcək cəzanı bir sözlə ifadə edib: “Güllələyin...”

25-10-2023, 15:08           
Üç ölkənin kəşfiyyatına işləyən nazir müavini –
Ən yeni tarix. Maraqlı faktlar.
1930-cu illərdə, SSRİ-də repressiyanın tüğyan etdiyi dövrdə İosif Stalinin “NKVD” rəhbərləri ilə mütəmadi olaraq “işgüzar” görüşləri keçirilib. Bu görüşlər çox da uzun sürməyib. Sovet liderinə siyahılar təqdim olunub, Stalin onları nəzərdən keçirdikdən sonra öz qərarını verib. 1938-ci ilin mart ayında isə həmişə təmkinli görünən Stalin “NKVD” başçısı Nikolay Yejova səsinin tonunu qaldırmaq məcburiyyətində qalıb:
Yoldaş Yejov, siz artıq üçüncü dəfədir ki, bu şəxsin adını mənə təqdim edirsiniz. Üç ölkənin kəşfiyyatına işləyən bir adam haqqında niyə tərəddüd keçirirsiniz və hər dəfə bu adam haqqında hansı tədbirin görülməsini niyə məndən soruşursunuz? Güllələyin...
Maraqlıdır, Stalinin qəzəbinə səbəb olan şəxs kim olub?
Nikolay Yejov Leonid Zakovski ilə bağlı Stalinə üç dəfə məxfi qovluq təqdim edib. Amma hansısa səbəblərdən bu qovluqlar Stalinin diqqətindən yayınıb. Nəhayət, Yejov Stalinlə görüşündə Zakovski haqqında ona şifahi məlumat da verib və yuxarıda qeyd etdiyimiz kimi Stalin Zakovski ilə bağlı öz qərarını verib.
Qeyd edək ki, cəmi iki sinif oxumasına baxmayaraq Leonid Zakovski SSRİ-nin xüsusi xidmət orqanlarında ən yüksək vəzifələrdə xidmət edib. O, ən çətin istintaq işlərinə cəlb olunub. Yuxarı instansiyalar yaxşı biliblər ki, Zakovski nəyin bahasına olursa-olsun lazım olan adamdan lazım olan ifadəni ala biləcək. Belə ki, o, istintaqın gedişində dindirmə prosesindən tutmuş, işgəncə verməyə qədər şəxsən özü iştirak edib. Çox nadir hallarda Leonid Zakovski ittiham olunan şəxsdən istədiyi ifadəni ala bilməyib. Belə məqamlarda isə o, rezin əlcəkləri ilə öz işgəncə metodlarını həyata keçirib.
Milliyətcə latış olan Leonid Zakovski 1894-cü ildə Latviyanın Skrunda şəhərində anadan olub. Ailənin yoxsul olması onun normal təhsil almasına imkan verməyib. Zakovski iki sinif oxuduqdan sonra qazanc dalınca gedib. O, dəmirçi sexlərində fəhləlik edib.
Yeniyetməlik yaşlarından bolşevik hərəkatına qoşulan Zakovski 1917-ci ildə yaşayış yerini Petroqrada (Sank-Peterburq) dəyişib, oktyabr inqilabının fəal iştirakçılarından biri olub. Məhz onun başçılıq etdiyi dəstə şəhərin telefon stansiyasını ələ keçirib.
Leonid Zakovskinin inqilabi fəaliyyəti nəzərə alınaraq “ÇK”-da (fövqəladə komissiya) xidmətə qəbul edilib, vətəndaş müharibəsi illərində onu ən “qaynar” nöqtələrə ezam ediblər və o, bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlib.
1926-cı ildə Zakovski Sibir Hərbi Dairəsində xüsusi şöbənin rəisi vəzifəsinə təyinat alıb. 1928-ci ildə Stalin Sibirə səfər edəndə sovet liderinin bu bölgədə təhlükəsizliyini təmin etmək də məhz Zakovskiyə həvalə edilib və həmin səfər zamanı onun Stalinlə şəxsi tanışlığı başlanıb.

Sibirdə qəddarlığı ilə ad çıxaran Zakovski “NKVD” üçlüyünə daxil edildikdən sonra həbs olunanların və güllələnlərin sayı 72 faiz artıb. Təkcə 1930-cu ilin iki ayı ərzində onun imzası ilə 898 nəfər həbs olunub ki, onlardan 347 nəfəri güllələnmə cəzasına məhkum edilib.
Zakovski üçün ittiham olunanların təqsirinin sübuta yetirilməsi vacib sayılmayıb. O, həbs olunanlarla qısa və konkret danışıb, onların qarşısına şərt qoyub: ya ittihamnaməyə qol çəkməli, ya da yerindəcə güllələnməlidir. Sözsüz ki, ittiham olunanlardan çoxu Zakovskinin istədiyi ifadələri veriblər, çünki belə olan halda onların güllələnməyi uzun müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bununla da, Zakovskinin siyahısında antisovet fəaliyyətinə görə həbs olunanların sayı digər bölgələrdən daha çox olub və bu “göstərici” onun gələcək karyerasında mühüm rol oynayıb.
1932-ci ildə Leonid Zakovski Sibirdən Belarusiyaya göndərilib. O, Belarusiya Hərbi Dairəsinin xüsusi şöbəsinə rəhbərlik edib. 1934-cü ildə isə ona daha yüksək vəzifə, Belarusiya Daxili İşlər Komissarlığına (nazirliyinə) rəhbərlik etmək həvalə olunub. Zakovski bu vəzifədə bir neçə ay işləyib.

Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Sergey Kirov qətlə yetiriləndə “NKVD” başçısı Henrix Yaqoda Zakovskini təcili Moskvaya çağırıb və Leninqradda qayda-qanun yaratmaq üçün onu “NKVD”-nin Leninqrad vilayət idarəsinə rəis təyin edib.
Çox qısa müddətdə Zakovski SSRİ-nin şimal paytaxtını repressiya mərkəzinə çevirib. O, vilayətə yeni təyin olunmuş birinci katib Andrey Jdanovla birlikdə vəzifə təyinatlarının ilk ayında, 11702 nəfər “xalq düşməni”ni vilayətdən sürgün ediblər.
Daha çox sərt tədbirlər həyata keçirməklə Zakovski daha böyük vəzifələrə yüksəlib. 1938-ci ilin yanvarında o, “NKVD”-yə müavin ( nazir müavini), eyni zamanda “NKVD”-nin Moskva vilayət idarəsinə rəis vəzifəsinə təyin edilib. Bu yüksək vəzifə ona düşərli olmayıb.
1938-ci ilin mart ayında Nikolay Yejov Zakovskini üç ölkəyə, Almaniya, Polşa və İngiltərə kəşfiyyatına işləməkdə ittiham edib. Eyni zamanda Yejov Stalinə bildirib ki, Zakovski “NKVD” daxilində antisovet latış təşkilatının yaradıb.
Yejovun Stalinə məruzəsindən sonra Zakovski ilə bağlı əlavə araşdırmalar aparılmayıb. Sovet lideri ilə “NKVD” rəhbərinin görüşündən sonra elə həmin gün axşam saatlarında Zakovski iş kabinetində həbs edilib.
İstintaq dövründə Zakovski özünü müdafiə etməyə çalışmayıb, o, xarici kəşfiyyat orqanları ilə əməkdaşlığını etiraf edib. Məhkəmə prosesində də Zakovski hakimdən əfv istəməyib, son söz hüququndan da istifadə etməyib. Məhkəmə Zakovskini ən ağır cəzaya, güllələnmə hökmünə məhkum edib.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.