“Asfalt” – 3 ay davam edən əməliyyata Kremldən ŞOK REAKSİYA.
1-11-2023, 12:29
Ən yeni tarix. Maraqlı faktlar.
Bir sıra Avropa ölkələrində olduğu kimi, II Dünya müharibəsi illərində nasist Almaniyası Norveçdə də çoxsaylı əsir düşərgələri yaradıb. Təkcə bu ölkədəki düşərgələrdə SSRİ-dən 100 mindən artıq hərbi əsir saxlanılıb, onlardan 13 min nəfəri əsirlik dövründə aclıqdan, xəstəlikdən, işgəncələrdən həyatlarını itiriblər.
Norveçdəki əsir düşərgələri digərlərindən heç nə ilə fərqlənməyib: eyni rejim, eyni işgəncələr, eyni saxlama şəraiti. Həlak olan əsirlər düşərgənin yerləşdiyi ərazilərə uyğun olaraq 100-dən artıq qəbiristanlıqda dəfn olunublar.
1951-ci ildə Norveç hökuməti tam məxfi şəkildə keçiriləcək “Asfalt” əməliyyatı haqqında qərar qəbul edib.
Keçiriləcək əməliyyatda ayrı-ayrı qəbiristanlıqlarda dəfn olunan sovet hərbçilərinin cənazələrinin qalıqlarının çıxarılaraq eyni məkanda, Norveç dənizindəki adada dəfn olunması nəzərdə tutulub.
Norveç rəsmilərinin məqsədi heç də humanistlikdən, həlak olmuş sovet döyüşçülərinin vahid məzarlığını yaradaraq memorial kompleks açmaqdan irəli gəlməyib. Müharibədən sonra diplomatik və ya beynəlxalq təşkilatlatların xətti ilə sovet vətəndaşlarının Norveçə səfərləri, ayrı-ayrı qəbiristanlıqlarda həlak olmuş döyüşçülərin məzarlarını ziyarət etmələri və bu səfərlərin zaman-zaman daha da çoxalması Norveç hökumətini narahat edib. Narahatlıq yaradan əsas səbəblərdən biri o olub ki, norveçlilər bu məqsədlə ölkələrinə gələn sovet vətəndaşlarının Norveçdə kəşfiyyat şəbəkəsi yaradacaqlarından qorxublar.
Müharibədən sonra Norveçlə SSRİ arasında aparılan danışıqlarda həmin məzarların normal vəziyyətdə saxlanılması, qəbiristanlıqlarda fərqləndirici daşların və abidələrin qoyulması razılaşdırılıb. “Asfalt” əməliyyatı bu razılaşmanın bütün bəndləriniı pozub.
Əməliyyat gecə saatlarında həyata keçirilib və 3 ay davam edib. Əməliyyata cəlb olunanlar məxfiliyin saxlanılması ilə bağlı xüsusi sənədlərə imza atıblar.
“Asfalt” əməliyyatı zamanı qəbirlər açılarkən qəbiristanlıqlarda qoyulmuş kiçik abidələr, qəbirin üstündə olan taxtadan və dəmirdən qoyulmuş işarələr, o cümlədən dəfn olunanın tanınması üçün yazılmış ad və soyad, rəqəmlər əks olunmuş dəmir lövhələr dağıdılıb.
Əməliyyatın sona çatmasına bir-iki həftə qalmış qərb mətbuatında “Asfalt” əməliyyatı haqqında yazılar dərc olunub. Norveç sakinləri ölkələrində keçirilən əməliyyat haqqında ilk dəfə başqa ölkənin mətbuatından xəbər tutublar.
“Asfalt” əməliyyatının keçirilməsi birmənalı qarşılanmayıb. İlk kəskin reaksiya verən elə Norveç vətəndaşlarının özləri olub. Xüsusilə, düşərgələr yerləşən ərazilərdə yaşayan sakinlər etiraz aksiyaları keçiriblər, “Asfalt” əməliyyatını vandallıq və vəhşilik kimi qiymətləndiriblər. Onu da qeyd edək ki, müharibə illərində Norveçdəki alman əsir düşərgələrində olan sovet əsirlərinə qarşı yerli əhali, norveçlilər həmişə xoş münasibət bəsləyiblər, imkanları daxilində onlara ərzaq və geyim verməyə çalışıblar.
“Asfalt” əməliyyatında iştirak edən Tor Steffensen sonralar öz təəsüüratlarını belə açıqlayıb:
“Bu əməliyyat ağlasığmaz bir məsələ idi və bunu normal bir iş adlandırmaq olmazdı. Ölkənin ayrı-ayrı ərazilərinədə olan qəbiristanlıqlardan minlərlə qəbirləri qazmaq üçün kifayət qədər böyük vaxt lazım idi. Bunu rəsmilər də anlayırdılar və işçiləri tələsdirirdilər. Cənazə qalıqları qeydiyyata alınmadan böyük kisələrə doldurulurdu. Qalıqların hamısı bir-birinə qarışırdı, infeksiya yayılmasın deyə, kisələrin üstünə xlor və bitum tökülürdü. Qalaq-qalaq kisələr maşınlara doldurularaq daşınırdı. Gündüz işləməyə icazə verilmirdi. Qazanc xətrinə bu işə qoşulanların çoxunun psixoloji durumunda problemlər yaranırdı. Torpağın altından çıxan sümük, saç insanı vahiməyə salırdı...”
“Asfalt” əməliyyatı zamanı 8804 sovet əsirinin cənazəsinin qalıqları Xetta adasındakı qəbiristanlıqda basdırılıb. Onlardan yalnız 978 cənazənin kim olduğu bilinib.
SSRİ “Asfalt” əməliyyatına qarşı sərt reaksiya verib.
Etiraz notalarında Norveç ölkələr arasındakı əməkdaşlıqda qeyri-səmimi tərəf kimi dəyərləndirilib, bir müddət SSRİ-Norveç münasibətlərində durğunluq hökm sürüb. Moskvada müharibə veteranlarının, Norveçdə dəfn olunan döyüşçülərin ailə üzvlərinin etiraz aksiyaları keçirilib, həmçinin “Pravda” və “İzvestiya” qəzetlərində “Asfalt” əməliyyatı qeyri-insani bir əməliyyat kimi təqdim edilib.
8 iyul 1953-cü ildə Xetta adasındakı qəbiristanlıqda son işlər aparılıb və beynəlxalq hərbi qəbiristanlıq adlandırılıb. Qəbiristanlığın açılışı münasibətilə keçirilən tədbirdə SSRİ-nin Norveçdəki səfirindən başqa heç bir rəsmi nümayəndə iştirak etməyib.
Sonralar qəbiristanlığın ərazisində SSRİ səfirliyinin təşəbbüsü ilə park və memorial kompleks yaradılıb.
İlham Cəmiloğlu.