Sibirə sürgün edilən zaman ailəmdən heç kimlə görüşə bilməmişdim - Əziz Alpoud

8-11-2023, 00:08           
Sibirə sürgün edilən zaman ailəmdən heç kimlə görüşə bilməmişdim - Əziz Alpoud
Əziz Alpoud

Kommunistlər Rusiyada dövlət idarəçiliyini ələ keçirdiyi zamanda Əziz Alpoud Xarkov Universitetinin hüquq fakültəsindəki təhsilini tamamlamaq üzrə idi. Bir il sonra isə Azərbaycanda Cümhuriyyət elan edilmiş və Əziz Alpoud Bakıda hakim kimi çalışmağa başlamışdır. Amma onun vətənindəki bu vəzifəsi çox çəkmədi. Çünki dövlət idarələrində say üstünlüyünə malik olan kommunist ruslar 2 il sonra 1920-ci ildə Azərbaycanı işğal edərək, buranı da kommunistləşdirdilər. Və türk ziyalılara qarşı düşmən mövqedə olan kommunistlər artıq Əziz Alpoudun da hakimliyini tanımırdı. Çünki onlara ədalətli hakim yox, kommunizmə xidmət edən hakimlər lazım idi.

Hüquq təhsilimi tamamlamaq üçün əvvəl Estoniyadakı Dorpat Universitetinə daxil olmuşdum. Rusiyadakı kommunistlərin fəaliyyəti haqqında geniş məlumatlar alırdım. Hökumət və dövlətə qarşı meydana gəlmiş müxalifət Leninin “qırmızı” ünsürləri tərəfindən dəstəklənirdi. Müxalifət sıralarına keçən bolşeviklər, xüsusilə, fəhlə və kəndli kütlənin nəzərində mal-mülk sahib olanlara qarşı düşmənlik yaratmağa çalışırdılar.

Leninin “qırmızı” adamları eyni zamanda ziyalıları və zabitləri zəngin və xüsusi təşəbbüs sahiblərinə qarşı qaldırmaqda onlar arasında Marksın fikirlərinin yayılmasını təmin edirdilər. Leninin və adamlarının apardığı təbliğatın təsirinə düşən ziyalı insanlar və zabitlərdən bir qismi “Sərmayə tərəfindən istismar edilən əmək üzərinə oyunlar oynayır”, “Əmək sahiblərinin istismar edilməsini davam etdirmək istəyən zənginlərin, dövlət idarələrini də əldə saxlayan bir toplum olduğunu” ifadə edirdilər. Bu kimi düşüncələr ortaya atıldıqdan sonra da “Əməyi sərməyadarın pənçəsindən, dövləti zəngin toplumun əlindən qurtarmaq üçün” artıq həmişə birlikdə hərəkət etmək lazım olduğu fikri irəli sürülürdü.

Digər tərəfdən isə Leninin adamları xüsusilə ordu içində cəbhələrdəki məğlubiyyətdən hökuməti və dövləti məsul tutmaqla ordu üzvlərini də hökumət və dövlət əleyhinə qaldırmaqda idi.

Rusiyada Çar rejiminin özbaşnalığından xəbərimiz var idi. Mən bir Azərbaycan türkü olaraq, Çar rejiminin dəhşətli zülmünü öz məmləkətimdə görmüşdüm. Petrodan bəri türklük əleyhinə siyasət yürüdən Çar Rusiyasının məqsədi türklüyü dünya xəritəsindən silmək idi.

Bununla bərabər, Çar rejimini devirmək üçün fəaliyyət göstərən bolşeviklərdən ruslara bir xeyir gəlməyəcəyi kimi biz türklərə daha çox ziyan gələcəkdi. Çünki bolşeviklər mülki hüquqa və dinə qarşı cəbhə almışdılar. Bu amillər isə Türk dünyasında önəmli yer tuturdu. Mülki hüquq olmadan vicdan hürriyyəti olmadan hüquq da olmazdı. Mülki hüquq olmadan vicdan hürriyyəti olmadan İslamın da yaşaması mümkün deyildi.

1917-ci il mart ixtilalı ilə qurulan kabinetdə mərkəz qanadının da təmsil olunması üzərə bolşevik təhlükəsi az da olsa uzaqlaşdırıldı. Amma Kerenski tərəfindən bolşeviklərə qarşı ciddi və təsirli tədbirlərin görülməməsi yenidən anarxist vəziyyət yaradırdı. Belə olduğu halda mərkəz qanadının təmsilçiləri hökumətdən ayrılır və Kerenski hökumətin başına keçirdi. Bundan sonra da hökumətin “qırmızı”lara qarşı mövqeyi dəyişmədi. Hökumətin düzgün işləməmə və bacarıqsızlığı Leninə fürsət yaratdı. Necə ki, Oktyabr inqilabı ilə bolşeviklər iqtidarı ələ keçirdilər.

Biz Rusiyada Çar Rejiminin zorakılığını təsdiqləmirdik. Hətta vətənim olan Azərbaycanda Çar rejiminin zülmünə qarşı davamlı olaraq müqavimət göstərilirdi. Ancaq biz Çar rejimindən də daha pis bir rejimin qurulacağını düşünməzdik. Necə ki, hadisələri izləyən insanlar olaraq bunu gözləmirdik.

Bununla belə, Rusiyada yaşanan rejim dəyişikliyindən Azərbaycan olaraq biz də faydalandıq. Rusiyadakı rejim dəyişikliyindən 1 il sonra istiqlalımızı elan etdik və Azərbaycan Cümhuriyyətini qurduq. Bununla biz türklük olaraq öz müəssisələrimizi, hüquq və islamı yaşatmağa qərar verdik.

Mən artıq Dorpat Universitetini bitirmiş, Xarkov Universitetinə qəbul olmuş, burda hüquq təhsilimi tamamladıqdan sonra Bakıda hakim kimi çalışmağa başlamışdım.

Mövzu açılmışkən bir əhəmiyyətli məsələyə toxunmaq istəyirəm. Biz Azərbaycan Cümhuriyyəti olaraq müstəqil şəkildə yaşayarkən içimizdən olan bəzi insanlar “sosializm” mövzusunu qaldırmağa başlamışdılar, bolşeviklər “xalqın əməyindən sui-istifadəsindən qurtmaq” üçün çalışdıqlarını, başqa millətlərlə birlikdə dostluq içində yaşamaq istədiklərini irəli sürürdülər. Biz insanları xəbərdar edirdik. Bolşeviklərin nəinki xalqı xilas etmək istədiklərini, əksinə xalqı əsir etmək istədiklərini izah edirdik. Mülki hüquq və din düşmənliyi olacağı yerdə xalqın məsud olmayacağını bildirirdik.

Rusiyada qurulan kommunist rejimin Çar rejimindən daha pis olacağı və türklüyə düşmən mövqedə dayanacağı düşüncəmiz təəssüf ki, həqiqət çıxmaqdaydı. Necə ki, rəsmi dairələri ələ alan kommunistlər öz təhlükəsizlikləri üçün zəruri addımları atdıqdan sonra ətrafdakı ölkə və millətləri kommunistləşdirmək işinə başladılar.

Bu arada kommunistlər 1920-ci ilin aprel ayında Azərbaycanı da istila etməyə başladılar. Beləliklə, kommunistlərin başqa millətlərlə dostluq içində yaşamaq istədikləri iddiası və təbliğatı suya düşürdü. Kommunistlər dostluqdan bəhs etdikləri zaman, ancaq öz hiylə və planlarına xidmət edirdilər.

Millətlərlə dostluq şəraitində yaşamaq istədiklərini dedikləri zaman onlarla eyni fikirdə olan millətləri aldatmaq məqsədi güdürdülər. Onlar Azərbaycandakı bəzi idraksız insanları da belə aldatmışdılar.

Kommunist hərbi hissələri tərəfindən Azərbaycanın işğal edilməsi və Azərbaycan Cümhuriyyətinin varlığına son verilməsi ilə Türk dünyasına daha böyük bir zərbə endirildi və bu sırada aramızda kommunizm təbliğatı nəticəsində aldadılan insanlar hələ də özlərinə gələ bilməmişdi. Onlar kommunistlər tərəfindən verilən imkan və vəzifə qarşılığında vətənlərini işğal edən düşmənlə sona qədər çiyin-çiyinə çalışacaqları fikrinə qapılmışdılar. Amma yenə də aldanırdılar. Bir müddət sonra isə aldadıldıqlarını hətta həyatları ilə ödəyərək anlayacaqdılar.

Vətənimizi işğal edən kommunistlər, ilk olaraq, Azərbaycan Türk Ordusunda vəzifə sahibi olan generalları güllələdilər. XI Rus Ordusunun silahları bundan sonra bütün türk hərbçilərinə qarşı çevrildi və hər gün həbs edilən türk hərbçiləri gecənin yarısı şəhərdən kənarda bu silahlardan açılan atəşlə dəlik-deşik edilirdi.

Ortada günah yox idi, sorğu-sual aparılmırdı. Heç bir məhkəmə qərarı yox idi. Bu cinayətlər insanlıq anlayışından uzaq olan bir rejimin manevrləri idi. Kommunizmdən bundan artığını gözləmək də düzgün olmazdı.

Generalların və zabitlərin öldürüldüyü sırada mal-mülk sahibləri də göz altına alınırdı. Onların həbs edildikdən sonra hara aparıldığı haqqında heç kimin məlumatı yox idi. Evlərindən aparılan insanları bir daha görən olmurdu. Ancaq gecə yarısının səssizliyində şəhər kənarından gələn güllə səsləri eşidilirdi. Bakı gecələrində bu yaylım atəşi səslərinin həbs olunan türklərdən bir qisminin güllələnərək öldürüldüyünə dəlalət edirdi. Digərlərinin isə Sibirə sürgün edildiyi xəbərini almışdıq.

Kommunizm dəhşəti bundan ibarət deyildi. Türklüyə və insanlığa düşmən olan bu rejim eyni zamanda talançılıq və quldurlardan ibarət idi. Azərbaycan və Bakını işğal etdikdən bir müddət sonra hamımızı evimizdən çıxaran Rus Ordusu evlərimizi də talan etdi.

Türk evlərindən çıxarılan əşyaların, qiymətli daşlar, gümüş və billurların bir qismi qatarlara doldurularaq Moskvaya göndərildi. Belə qatarların Moskvaya qənimət daşıması aylarla davam etdi. İşin ən üzücü yanı o idi ki, kommunistlər türk evlərindən taladıqları mallarla doldurulmuş bu qatarların üzərinə “Sovet Azərbaycanından Moskvaya hədiyyə” sözlərini yazmışdılar. Bu söz eyni zamanda kommunist diktatorluğuna mesaj olaraq da göndərilirdi.

Vaxtilə kommunistləri “sosialist” olaraq qəbul edən aramızdakı bəzi insanlar artıq böyük səhv etdiklərini anlamağa başlamışdılar. Artıq “xalqın əməyinin sui-istifadə edilməsinin qarşısını almaq üçün hərəkət etdiklərini irəli sürən kommunistlərə” etimad etmirdilər. Xalqlar arasında dostluq istədiklərini bəyən edən qırmızılar, aramızdakı bəzi idraksız insanlar sayəsində yaratmış olduqları inamı, öz əlləri ilə yox etmişdilər. Vaxtilə xəbərdarlığımıza rəğmən ayılda bilmədiyimiz bu insanlar, kommunizmin necə dəhşətli bir quldurluq olduğunu öz gözlərilə görüb kommunizmdən nifrət edirdilər.

Fəqət gecikmişdilərmi?

Bəli, gecikmişdilər, çünki kommunistlər vaxtilə onlara xidmət edən insanları da aradan götürməyə başlamışdılar.

Kommunistlərin ilk işğal və talançılıq dövrü sırasında onlara toxunulmamışdı, hətta vaxtilə kommunizmə xidmət etmiş bu təbəqənin ziyalılarından oyuncaq hökumət qurmuşdular. Ancaq kommunistlər Azərbaycanı tamamən işğal etdikdən sonra onları vəzifələrindən uzaqlaşdırıb tam etimad göstərdikləri insanları iş başına keçirdilər. Bu arada, qəssabı, baqqalda işləyəni və ya ustanı hökumətə üzv edirdilər.

Bizə gələndə isə evimizi talan etmişdilər. Əşyasız, heç nəsiz küçədə qalmışdıq. Buna rəğmən kommunistlərdən gizlənərək yaşamağa çalışırdıq. Hakim olaraq məni sərbəst buraxmazdılar. Ətrafımdakı “qırmızı” çevrə getdikcə daralırdı. Tezliklə yaxalanacağımı bilirdim.

Kommunizm təhsilli türkləri sağ saxlamırdı. Çünki təhsilli türklər hər an xalqa rəhbərlik edə bilər, xalqa ümid olub xalqı qüvvətləndirə bilərdi. Buna görə də kommunistlər tərəfindən həbs edilib Bakıda zindana atıldığımda öldürüləcəyimi bilirdim.

Atıldığım zindanı tam olaraq zindan adlandırmaq düzgün olmazdı. Bura tamamilə qaranlıq, rütubətli və tamamilə pislik içində bir yer idi. Zindanda qaldığım günlər az idi. Ancaq bu günlər ərzində belə yaşayıb yaşamadığımdan əmin deyildim. Düşünə bilmir, gözlərimin nurunun qalıb qalmadığını anlamırdım.

Bu dəhşətli günlərdə edama məhkum edildiyimi öyrəndim… Hansı hüquq qaydalarından istifadə edərək, hansı ədalət qərarlarına, hansı maddəyə əsaslanaraq? Kommunizmdə belə suallar vermək olmazdı. Kommunizmin hüquqla, ədalətlə heç bir işi yox idi. Kommunizm öldürmək istədiyi insanı öldürürdü! Sürgün etmək istədiyi insanı sürgün edirdi!

Məni edama məhkum edən kommunizmin əsas məqsədi daha çox istirab çəkdirmək olduğu üçün bu dəfə Sibir düşərgələrinə sürgün etdi. Sibir düşərgələrinə aparıldıqdan sonra edam edilməkdən daha pis yaşayışın olduğunu anlayacaqdım.

Sibirə sürgün edilən zaman ailəmdən heç kimlə görüşə bilməmişdim. Kommunistlər məni həbs edib zindana atdıqdan sonra bir daha ailəmlə bir-birimizin üzünü görməmişdik.

Onsuz da insan içinə çıxacaq halda deyildim. Saç və saqqalım uzanmış, bədənimi isə bit basmışdı. Məni bu halda görən insanların tanıması və insana bənzətməsi ehtimalı yox idi.

Sibir düşərgələrində davamlı olaraq daş daşıyıb çuxur qazırdıq. Gündə bir tikə qara çörək paylayırdılar. Bütün qidamız bundan ibarət idi. Bu isə gündən günə çökməyimizə və arıqlamağımıza səbəb olurdu. Daş daşıyıb, yer qazarkən kiçik daşları götürmək və qazma alətlərini işlətmək üçün güc toplamaqda çətinlik çəkirdik.

Düşərgəyə rəhbərlik edən komandir son dərəcə zalam biri idi. O qədər zalım idi ki, əsirlərdən kimsə bir parça çörək oğurlasa, onu dərhal güllələyirdi. Digər tərəfdən isə əsirlərdən xəstə və yaralı olanların ortadan yoxa çıxıdığını görürdük. Onlardan bir daha söz edilmirdi. Məsələn, əsirlər arasında 2 nəfər türk var idi. İkisi də xəstə idi. Onlardan biri ayağını belə hərəkət etdirə bilmirdi. Bir gün onlar da yoxa çıxdılar və bir daha onları görmədik.

Bir gün təsadüfən düşərgədə tapdığım dəftərdə həmin 2 nəfər türkün adı qarşısında belə bir qeyd edilmişdi “qaçarkən vurulublar”. Bəli, düşərgədə əmək qabilliyəti olmayan, xəstə olan insanlar dərhal ortadan təmizlənirdi.

Düşərgədə çalışanlardan hər hansı bir nəfər günahlandırılır və günahı sübuta yetirilmədiyi təqdirdə bütün qrup cəzalandırılırdı.

Düşərgədə üstlərin istifadə etdiyi bir kitabxana var idi. Bir dəfə iş üçün həmin kitabxanaya girəndə divarda asılan lövhədə belə bir söz oxudum “10 NƏFƏRDƏN BİRİ GÜNAHKARDIRSA VƏ HƏMİN GÜNAHKAR TAPILMIRSA, ONUNU DA ÖLDÜR”.

Bəli, kommunizmin dəhşəti bu cümlədə, bu əmrdə və bu metodlarda gizlənmişdi. Kommunizm bu metodlar sayəsində yalnız fərdləri yox, eyni zamanda cəmiyyəti də qorxutmuşdu və qorxuya qapılan insanlar dirənmək və mübarizə aparmaq gücünü itirirdilər.

Düşərgədə kişilər, qadınlar və qızlar da var idi. Bir gün düşərgə komandirinin təcavüz etmək istədiyi qız, bu dəhşətli təcavüzə bütün gücülə qarşı çıxmışdı. Daha sonra həmin qızın meyidi düşərgə komandirinin evindən çıxarılmışdı.

Hürriyyətin düşməni olan kommunizm eyni zamanda namusunda düşməni idi!

Kommunizm təbəqə fərqini aradan qaldırmaq təbliğatı ilə qurulsa da, əslində isə dünyanın görmədiyi qədər böyük fərqlər yaradırdı. Bu rejimdə, kommunist idarəçilər işçi və kəndlini qul kimi istifadə edərək ancaq öz səltənətlərini düşünürdülər.

Hətta kommunist idarəçilər öz yeməklərini ayrıca təmin etdikləri halda xalqın açlıq içində yaşamasını sadəcə izləyirdilər. Hələ düşərgələrdəki vəziyyət heyvanlara belə layiq görülməyəcək dərəcədə acınacaqlı idi.

Sibir düşərgələrində olduğum vaxt ərzində, yeyilməyəcək qədər qara çörəklə qarşı-qarşıya qalmışdıq. Və qara çörəyin yanında başqa qida verilmirdi.

Bir gün komandirin evi qarşısındakı zibillikdən bir tikə ağ çörək tapdım. Bir neçə gün əvvəl atıldığı üçün çörək bərkimişdi. Dərhal çörəyi yerdən götürüb cibimə qoydum. Düşərgədə mənimlə birlikdə 18 nəfər türk var idi. Bərkimiş ağ çörəyi bir küncdə daşla 18 yerə bölməyə çalışdıq, daha sonra isə yeməyə başladıq.

Sibirdə bu dəhşətli şərtlər altında yüzlərlə, minlərlə, on minlər hətta milyonlarla insan ölürdü. Sibir düşərgələrini görməyənlər bunu nə olduğunu bilməz. Kommunizmin dəhşətini Sibir düşərgələrini görməyən anlaya bilməz. Sibir düşərgələrində qaşılaşdığımız qorxunc mənzərəni izah etmək, danışmaq çox çətindi. Bir misal daha danışmaq istəyirəm, bir gün düşərgədə bərabər olduğumuz dostlarla yorğun halda otururduq, birdən yaxınlığımızdan keçən bir arabanın dayandığını gördük. Bu arada at tobasından yulafların yerə töküldüyünü gördük. Gözlərimizi o nöqtəyə dikib, adətən yerə dağılan yulafları sayırdıq.

Yulaf dənələri gözümüzün önündə şorbanı canlandırırdı. Və ayağımıza qədər gələn bu imkanı qaçırmamaq üçün səbirsizlənirdik. Bir-birimizə baxıb gözlərimizlə məmnuniyyətimizi izah etməyə çalışdıq. Az sonra işini bitirən arabaçı yoluna davam etdi. Biz dərhal yulaf dənələrinin dağıldığı yerə getdik və yulaf dənələrini yığdıq. Daha sonra bir az aralıqda və heç kimin görmədiyi yerdə kağız yandıraraq zibillikdən tapdığımız konserva qabının içində bir ovuc yulaf dənəsini bişirdik. Yulaf dənələri suyun içində bir az şişmişdi və 8 nəfər payımıza düşən miqdarda götürərək qara çörəyimizə qatdıq. Sibir düşərgələri belə idi, kommunizm dəhşəti bu idi.

Daha sonra isə yenə qara çörəklə kifayətlənməli olurduq. Bizi bu düşərgədə görənlərin insana bənzətməsi mümkün deyildi. Tamamən çirk içində olan və skeletdən fərqlənməyən görünüşümüzlə insanlıqdan uzaq bir mənzərə yaradırdıq. Bir başqa gün Şimal Duna çayına yaxınlaşmış gəmidən un çuvallarını daşımaq üçün aparılmışdıq. Əsir düşərgələrində o qədər halsızlaşmışdıq ki, bir un çuvalını 5 nəfər güclə daşıyırdıq. Daha sonra isə bu un çuvallarını bayırdakı at arabalarına yükləməli idik. Ancaq arabalarda at yox idi. Gediləcək yerə arabaları biz daşımalı idik. Bu arada sökülmüş un çuvallarından dağılan unları ovucumuzla yığmağa çalışır və “qırmızı”lara görünmədən yeyirdik.

Düşərgənin su nasosxanası var idi, növbələşərək orda işləyirdik. Suyun içində kiçik balıqlar var idi. Fürsət düşdükcə o balıqlardan tutur, çiy-çiy yemək məcburiyyətində qalırdıq.

Sibir düşərgələrinin dəhşətini, kommunizm zülmünü bu misallarla izah etməyim mümkün deyil. Kommunizmi görməyən bu sistemin şərtlərini əsla təxmin, xəyal və idrak edə bilməz. Mən bu şərtlər altında necə yaşaya bildim deyə təəccüblənirəm.

Sibirə nə qədər dözə bilərəm, bilmirdim. Bəlkə 1 il, bəlkə də 2 il. Aclıq, səfalət, xəstəlik və zülm altında 30 yaşıma çatmamış öləcək, ya da düşərgə rəisləri tərəfindən öldürüləcəkdim.

Burda ətraflı yazmayacağam, amma əlverişli imkan yaranan kimi düşərgədən qaçmağı bacardım. Uzun və təhlükəli yoldan sonra əvvəl İrana, daha sonra isə velosiped ilə Türkiyəyə getdim. Azərbaycandan Sibirə sürgün edildikdən 4 il sonra kommunist rejimdən xilas olmuşdum.

Kommunist rejimdən xilas olmağım kommunizmi geridə qoyduğum anlamına gəlmirdi. Çünki kommunizm dəhşəti altında inləyən türklər hər ötən gün daha çox yox edilirdi. Kommunist dairələrdə din və mədəniyyətlərindən uzaqlaşdırılan türklər davamlı olaraq ruslaşdırılırdı.

Digər tərəfdən Türkiyəyə qovuşsam da kommunistlər burda da təbliğatlarını aparırdılar. Çar Rusiyası necə Türkiyəni məhv etmək üçün çalışırdısa, kommunist Rusiyası da bunu davam etdirəcəkdi.

Artıq kommunizmin yürütdüyü siyasət türklüyü məhv etmək üzərinə qurulurdu. Kommunizmlə mübarizə aparan insanların həm bu rejimin ideologiyasına, həm də xarici siyasətinə və türklüyü məhv etmək planlarına qarşı bir cəbhə qurmalı idilər.

Türkiyədə kommunistlərin apardığı təbliğata aldananlara və kommunizmin hamıya bərabərlik gətirən bir sistem olduğuna inanlara rastlanırdı. Onlara kommunizmin necə bərabərlik gətirdiyini bir də Sibir düşərgələrində göstərmək lazım idi. Bugün Türkiyədə kommunizmdən söz açmadan sosializm maskası altında milləti aldatmaq istəyənlər var. Vaxtilə Rusiyada da, Azərbaycanda da sosializmdən söz açılmamış və bütün zülmlər də sosializm uğruna edilmişdi.

Türklüyü və insanlığı az da olsa qalan hər bir fərd kommunizmə qarşı mübarizə aparacaqdır. Kim kommunizmlə aparılan mübarizəyə qarşı çıxarsa, onun türklük və insanlıqla əlaqəsi olmadığına qərar verə bilərik. Çünki kommunizm türklüyü və insanlığı məhv etməyə çalışan bir sistemdir. Bu sistemdə yaşayan insanlar hər gün bir az insanlıqlarını itirirlər.

Əgər kommunizmin zülmü bir tərəfə, iqtisadi bərabərlik və rifah gətirən bir rejim olaraq göstərmək istəyənlər varsa, onlara bunu xatırlatmaq istəyirəm: kommunist sistemdə bir tikə çörək istədikləri üçün küçədə güllələnən insanlar iqtisadi bərabərliyi və rifahı çox gözəl əks etdirir.

Xatirəni toplayan: Rəfiq Qorqud

Azərbaycan türkcəsinə uyğunlaşdıran:

Nigar Musazadə & Dilarə Begili

Təqdim etdi: Ceyhun Nəbi
Sozcu .az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.