Andrey Saxarovu Akademiyadan niyə qova bilmədilər...
17-11-2023, 00:05
İndi fikirləşirəm, necə olub ki, Kremlin iki addımlığında mən bunu Litinstitutun ən azı 50%-i dissident olan müəllimlərindən eşitməmişəm. Axı o il iyul ayında Moskvada ümumdünya olimpiya oyunları keçirilmişdi və bizim qəbul imtahanlarımız ənənəvi vaxtından avqusta sürüşdürülmüşdü. Sonra da sentyabrın 1-də dərslər başlamışdı. Ola bilməzdi ki, hər biri şair, yazıçı olan Litinstitut müəllimləri bu haqda tələbələrə heç nə deməsinlər. Qətiyyən ola bilməzdi! Görünür, bu möhtəşəm şəhərdə mənim başım çox qarışıq olub, eşitməmişəm.
Keçək dünən dediyimiz mətləbə. 1980-ci ilin yanvar ayında, yəni Olimpiya oyunlarının başlanmasına sayılı aylar qalmış, Siyasi Büroda müzakirə olunmuş məsələ ilə bağlı Sov.İKP MK və SSRİ Nazirlər Soveti qərar qəbul edərək 3 dəfə Sosialist Əməyi Qəhrəmanı, Stalin və Lenin mükafatları laureatı, saysız-hesabsız orden-medalların sahibi, Hidrogen bombasının atası akademik Andrey Saxarovu bütün təltif və mükafatlardan məhrum edir. Sovet hökuməti siyasi rəqiblərə qarşı mübarizəni 1917-ci ildə öz qaniçən diktaturası ilə necə başlamışdısa, o cür də davam etdirirdi: insan onun üçün milçəyə bərabər idi. İnsan yoxdursa, problem də yoxdur.
"Niyə"sini hamı bilir. Nobel mükafatı laureatı akademik Saxarovu dünyanın ən dəhşətli silahlarından birini icad edəndən sonra maddi və mənəvi güzəştlərlə dolu alim həyatının çiçəklənmə dövründə sovet quruluşunun çürüklüyü peşman etmişdi. Mənə elə gəlir ki, alimə o quruluşun keçmişi - qanlı 20, 30-cu illər, milyonların həyat və taleyinə son qoymuş Stalin repressiyaları və s. - müasir dövründən daha çox mənəvi əzab verməyə başlamışdı. Ümumiyyətlə demək lazımdır ki, 70-80-lərdə az-çox düşüncə sahibi olan bütün sovet alimlərinin, yazıçı və şairlərinin qəlbi ikiüzlü, riyakar quruluşun sosial bərabərsizliyinə və ictimai-siyasi absurdlarına qarşı nifrətlə dolu idi. Moskvanı isə 60-cıların ən parlaqlarından biri Vasili Şukşin fəth edib ölmüşdü, Vladimir Vısotski öz xırıltılı səsilə həmin ilin yanvarında hələ oxuyurdu (elə olimpiada günlərində öləcəkdi və onun dəfni 6 il öncə Şukşinin dəfni kimi Moskva küçələrində susqun etiraz yürüşünə çevriləcəkdi).
Saxarov 1979-cu ildə sovet ordusunun Əfqanıstana təcavüzünü pisləyən və buna açıq-aşkar etiraz səsini ucaldan ən məşhur alim, vətəndaş idi. Məlumdur ki, təcavüzə etiraz olaraq o il ABŞ Moskvada keçirilən Olimpiada oyunlarında iştirakdan imtina etdi. Və qocalar qorxurdular ki, Saxarov öz fikirlərini Moskvaya axın etmiş xarici jurnalistlərə açıqlamaqla sovet hökumətinin birinci düşməni ABŞ-ın dəyirmanına su tökər. Odur ki, akademiki küçədən oğurlayaraq o zamanlar qapalı şəhər olan Qorkiyə, Moskvadan 500 kilometr uzaqdakı Nijni Novqorod şəhərinə sürgünə aparıb əlbəəl təhvil verdilər. Yanvar ayında. Hələ olimpiadanın başlanmasına 7 ay qalmış. Aparıb yerli jandarmeriyaya təhvil verməklə onun həyatına və sözünə fiziki məhdudiyyəti təmin etdilər. Ancaq akademik titulu və ən sanballı elmi şuralarda üzvlüyü-filanı qalırdı. Qocalar hökuməti bunu həzm eləyə bilməzdi.
Sov.İKP MK-nın qərarı ilə akademik Saxarovu SSRİ Elmlər Akademiyası üzvlüyündən də xaric etmək məsələsi gündəmə gəlir və bunun üçün EA Rəyasət Heyətinə əvvəlcədən hazırlaşmaq tapşırığı verilir. Təyin olunmuş gün MK-dan kurator akademiyaya gəlir və iclas başlayır. Məruzə ilə fizika üzrə Nobel mükafatı laureatı akademik Semyonov çıxış edərək, ümidsiz bir intonasiyada deyir ki, əlbəttə, partiya və hökumətə qarşı öz çıxışları ilə Andrey Saxarov pis iş görür. Sovet xalqı ona həmişə böyük sevgi ilə yanaşıb, o isə bu mövqeyilə nankorluq edir (və sair bu tipdə).
- Ancaq akademiklik titulu elmi və əbədidir, indiyədək dünyada kiminsə akademiya üzvlüyündən xaric olunması presedenti olmayıb, - məruzəçi deyir və rəyasət heyətində əyləşmiş MK kuratorunun buz sifətinə baxır.
- Necə olmayıb?! - akademik Kapitsa bunu gözləyirmiş kimi yerindən səslənir. - Olub. 1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gələndən sonra Albert Eynşteyni akademiya üzvlüyündən xaric ediblər.
Deyir, bu sözü (hesab et ki, bənzətməni və siyasi analogiyanı) eşidən MK kratorunun sifəti əyilib və bununla da akademik Saxarov üzlükdə qalıb.
P.S. Belə deyirlər ki, akademiklər lazımi effekti verəcəyinə əminliklə bu ssenarini əvvəlcədən quraraq iclasda sadəcə onu ifa ediblər.
P.S.S. Albert Eynşteyn Prusiya akademiyasına üzv seçilməkdən özü imtina edib.
P.S.S.S. 1989-cu ildə Bakıya sülh missiyası ilə gələn SSRİ AS-nin deputatı Andrey Saxarov münaqişənin həll variantı kimi bizə Qarabağla Zəngəzurun ərazi dəyişikliyini təklif edirdi. Bizim akademiklər onu hoydu-hoyduyla ölkədən qovdular.
Safar Alisharli
Teref: Xocanın blogu