Azadlıq! Şirin olduğu qədər də qorxulu!
17-11-2023, 08:33
Bir video rolikə baxdım. Məni xeyli düşünməyə vadar etdi.
Əzəmətli dağlarla əhatə olunmuş bir məkana böyük bir qəfəsdə kərkəs quşu gətirdilər. Kərkəs —ölçüləri qartal kimi böyük, yırtıcı quşdur.
Üç nəfər müşahidəçinin nəzarətində qəfəsin ağzını açdılar...
Düşündüm ki, qəfəsdən azad olan zirvələr kralı qanadlarını açıb bu əzəmətin qoynuna atılacaq. Lakin "kral" əvvəlcə çaşqın halda mənzərəni xeyli süzdü. Harada olduğunu kəsdirmək, nəylə üz-üzə olduğunu anlamaq istəyircəsinə... Ürəyim yerindən çıxırdı... Ürəyimdə "Uç! Nəyi gözləyirsən? Bu ənginliyin dadını çıxar!" - deyə tələsirdim.
Lakin əzəmətli quş o baş, bu başa yeriyir, ətrafına baxa - baxa qanadlarını çırpırdı.
Niyə cəsarəti çatmırdı? Özünə inanmırdımı? Ya ömür boyu arzuladığı ənginlik, uca zirvələr onuncün yad olmuşdu. Həyəcanla izləyirdim.. Ya birdən yenə qəfəsinə dönsə? Onda həyat eşqim yerlə yeksan olardı... Yarım saata yaxın tərəddüdlə dolaşan quş zirvənin lap kənarına yaxınlaşdı.Xeyli aşağı baxdı... Bəlkə uça bilməsə, yıxılacağı ölüm məsafəsini ölçürdü... Yox... Uçmayacaq... Əməllicə qorxdu... - beynim qərarını verdi.
Və birdən qanadlarını gərən kral böyük bir sürətlə havanı yardı... Havalandı! Uçdu! Dönüb bir daha qəfəsə tərəf baxmadı belə....
Azadlıq budur! Şirin olduğu qədər də qorxulu! Şirin olduğu qədər də məsuliyyətli!
Bir də onu nə qədər istədiyin də önəmlidir. Azadlıqla əsarətin arasındakı "ölüm" məsafəsini ölçüb biçməyi bilməlisən. Amma unutma min il əsarətdənsə bir gün azad yaşamaq gözəldir! Anlamını bildiyin azadlıq!
Rena Qalandarova
Əlavə edim ki, Sunqur (kərkəs)quşu Macarların, Altay türklərinin mifologiyasında ölümsüzlük və yenidən doğumun simvoludur. "Sunqur "qədim türk mifologiyasında "alovdan doğulan"deməkdir.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..