Qızılbaşlıq ( I HİSSƏ)
25-11-2023, 00:04
Monqol və daha sonra meydana gələn Teymurlu istilaları Azərbaycan-Anadolu-Suriya bölgəsində ağır təzyiq altında qalan oğuzlarda dərin siyasi-psixoloji böhrana səbəb oldu. İctimai ədalətsizliklər, ağır iqtisadi çətinliklər, mənəvi-psixoloji böhran, yerli hakimlərin passiv idarəçiliyi oğuz türkləri arasında babailik, hürufilik kimi üsyankar xarakterli dini cərəyanların yayılmasına, mehdilik (ilahi xilaskar), sinkretik (birləşdirici) və mistik (rəsmi məzhəblər xaric) fikirlər əks etdirən və hamısı eyni anlayışdan törəmiş olan heydərilik, vəfailik, bektaşilik, qarkınilik, zahidilik və səfəvilik kimi təriqətlərə, cəfərilik kimi məzhəblərin güclənməsinə şərait yaratdı. Geniş xalq kütlələri mənfəətləri uğrunda mübarizə aparan yerli hakimlərin deyil, istilaçıların təsirini azaltmağa çalışan şeyxlərin və dərgahların ətrafında toplanmağa başladılar. Bu missiyanı üzərinə götürən dərgahlardan biri də səfəviyyə təriqəti idi. Şeyx Səfiyəddin tərəfindən qurulan Ərdəbildəki səfəvi təriqəti monqol və teymurilərə qarşı yerli xalqın müdafiəsinə çalışaraq onlar üzərində dərin maddi-mənəvi təsir yaratdı.
Şeyxlik dərəcəsini Zahid Gilanidən alan Səfiyəddin (1252 - 1334) böyük təsəvvüf əhli olub, şöhrəti Suriyadan Hindistana qədər geniş əraziyə yayılmışdı. Oğlu Şeyx Sədrəddinin (1334 - 1393) uzun müddətli şeyxlik dövründə təriqətə olan ümumi rəğbət və ehtiram daha da artmış, xüsussilə, dövlət başçılarına və ordu əmirlərinə təsir edə bilmişdi.
Səfəviyyəni digər təriqətlərdən ayıran başlıca fərq, sufi təşkilatlanması olmanın xaricində qəza adı altında geniş hərbi-dini missiya icra etməsi, mənəvi saflıq axtarışında olan müridlərlə yanaşı, alplıq ənənəsinə bağlı döyüşçüləri də özünə bağlaması idi. Bunun nəticəsində səfəvi təriqəti ilk şeyxindən etibarən, hərbi-dini ordenə çevrildi. Mənbələrin qeydinə görə, "Azərbaycandan Ərdəbil şeyxi Səfiyəddin Ərdəbili öz müridləri ilə birlikdə Dəşti-Qıpşaq və Krıma gedib irşad aparırdılar". Xacə Əli (1392 - 1429) və Şeyx İbrahim (1429 - 14447) dövrlərində Müsəlman Şərqinin ən böyük təriqəti halına gələn səfəviyyə Şeyx Cüneydlə birlikdə dövlət olmaq hədəflərini açıq bəyan etdilər. Şeyx Heydərlə birlikdə qızılbaş adını alan hərəkat 50 ilə yaxın apardığı mübarizə nəticəsində Orta Şərqin ən böyük ictimai-dini və hərbi-mistik gücünə çevrilərək 1501-ci ildə Şah İsmayılla dövlət hədəfinə çatdı. Beləliklə, türk tarixində ilk dəfə olaraq xalq İslam anlayışından qidalanan bir təriqət hərbi-siyasi gücə çevrilərək, geniş xalq kütləsini öz ətrafında birləşdirməklə dövlət oldu.
Qızılbaş dövlətinin qurulması, əslində, Səlcuqlardan etibarən, xüsusilə də, 1153-cü ildə Bəlx, 1240-cı illərdə Babailər üsyanları ilə formalaşan Türk Xalq İslam kimliyinin ictimai müstəvidən siyasi müstəviyə yüksəlməsi və qələbəsi idi. Qızılbaş dövlətini digər türk dövlətlərindən fərqləndirən ən mühim xüsusiyyət şeyxliklə şahlıq kimliyinin bir şəxsdə toplanması idi. O vaxta qədər müsəlman türklər üçün sultanlıq və xəlifəlik fərqli ünvanları ifadə edərkən, səfəvilər bu təsəvvürü ortadan qaldırdılar. Səfəvilərin bu addımı, o dövrün ikinci böyük müsəlman-türk dövləti olan Osmanlını da hərəkətə keçirərək sultanlıq və xəlifəliyin eyni şəxsdə toplanması üçün Misir və Ərəb ölkələrinə səfər təşkil etmələrinə yol açdı.
"Azərbaycan - Milli Kimliyin Tarixi Məsələləri" məqalələr toplusu
Əkbər N.Nəcəf, Azərbaycan Tarixinin Metafizikası. səh 104 - 135
Елбрус Вахидов
Teref. Xocanın Blogu