Qızılbaş cihadı: Qərb ölkələri və Rusiya ilə savaşlar
25-11-2023, 00:12
Azərbaycanın orta əsr dövlətlərinin, xüsusilə Səfəvilərin və Qacarların ünvanına səsləndirilən ittihamlardan biri də budur ki, guya sözügedən dövlətlər heç bir zaman Qərb ölkələri və Rusiya ilə ciddi münaqişə vəziyyətində olmamış, yalnız İslam ölkələri, xüsusilə Osmanlı imperiyası, özbəklər və digərləri ilə savaşmışlar.
⁉️ Bu iddialar nə dərəcədə doğrudur? Suala cavab vermək üçün aşağıdakı faktlara və rəqəmlərə nəzər yetirək:
Qızılbaş–İspaniya müharibəsi: 1602–1622. Bu savaş tarixə yanlış olaraq Səfəvi–Portuqaliya müharibəsi kimi düşmüşdür. Görünür, nəzərə alınmamışdır ki, 1580-ci ildə müstəqilliyini itirmiş Portuqaliya 1640-cı ilədək İspaniyanın sadəcə bir vilayəti olmuşdur. Sözsüz ki, müstəqilliyi olmayan bir ölkə müstəqil xarici siyasət də yürüdə bilməzdi. Müharibə İspaniyanın təşəbbüsü ilə başlanmış, fasilələrlə 20 ilədək davam etmiş, İspaniyanın İran körfəzindəki işğalçı qüvvələrinin darmadağın olunması ilə nəticələnmişdir.
I Qızılbaş–Rusiya müharibəsi: 1651–1653. Təxminən iki il davam etmiş bu müharibənin əsas səbəbi o idi ki, Rusiya Şimali Qafqazın türk və müsəlman xalqlarını əsarəti altına salmaq istəmişdi. Rus işğalçılarına qarşı savaşda Səfəvi ordusu ilə yanaşı, qumuxlar və dağlı xalqları da iştirak etmişdilər. Müharibə Rusiyanın Şimali Qafqazdakı möhkəmləndirilmiş istehkamlarının birbaşa hücumla alınması, rus qoşunlarının darmadağın edilərək Qafqazdan çıxarılması ilə nəticələnmişdir.
II Qızılbaş–Rusiya: 1722–1736. Təxminən 14 il davam etmiş bu müharibə Rusiya imperiyasının açıq təcavüzü nəticəsində başlandı. 160.000 nəfərlik rus ordusu Dərbənd, Bakı və Rəşt şəhərlərini döyüşlə aldıqdan sonra Azərbaycanın Xəzəryanı ərazilərində hərbi bazalar qurdu. Səfəvilər dövləti eyni zamanda əfqanların və dağlı qiyamçıların (1721), eləcə də Osmanlı imperiyasının (1723) hücumlarına məruz qalsa da, ərazisinin bir qarışını da Rusiyaya güzəştə getmədi. 1723-cü ildə ruslar fırıldağa əl atdılar.
Onlar girov götürdükləri Səfəvi diplomatını məcbur etdilər ki, qondarma Peterburq müqaviləsini imzalasın. Lakin Səfəvi sarayı bu saxta “sazişi” təsdiqləmədi. Kələyinin baş tutmadığını görən Rusiya 1724-cü il iyunun 24-də Osmanlı imperiyası ilə İstanbul müqaviləsini bağladı. Xəzəryanı bölgələr Rusiya imperiyasının işğalı altında qaldı, Azərbaycanın qərb hissəsi isə Osmanlı imperiyasının nəzarəti altına keçdi. Lakin Səfəvi ordusu və Azərbaycan xalqı rus istilaçılarına qarşı mübarizəni dayandırmadı.
Ən şiddətli döyüşlər Bakı, Salyan, Astara və Rəştdə gedirdi. Bu, dünya tarixinin ən qanlı müharibələrindən biri idi. Rus ordusu 14 il ərzində çox kiçik bir ərazidə yüz minlərlə zabit və əsgərini itirdi. İmperiya müharibənin ağırlığına tab gətirə bilmədi. Nəhayət, 1736-cı ildə Rusiya məğlub olduğunu etiraf edib qoşunlarını Azərbaycandan çıxardı.
III Qızılbaş–Rusiya müharibəsi: 1796–1797. Qarşıdurmanın təşəbbüskarı yenə də Rusiya imperiyası oldu. 35.000 nəfərlik rus ordusu Azərbaycana soxuldu. Qanlı döyüşlərdən sonra Dərbənd şəhəri işğal edildi. Quba xanı Şeyx Əli dağlara çəkildi. Dağıstanın Qaziqumux xanlığı Qacar dövlətinin tərəfinə keçdi. 1796-cı il oktyabrın 1-də Qubanın Alpan kəndi yaxınlığındakı döyüşdə işğalçıların böyük bir qruplaşması darmadağın edildi. İstedadlı hökmdar və böyük alim Ağa Muhəmməd şah Qacar Azərbaycana doğru hərəkətə başladı. Qızılbaş ordusunun gəlişi xəbərini alan ruslar ağır toplarını və hətta yaralılarını atıb təlaş içində Azərbaycanı tərk etdilər. Bu, əslində, qaçış idi.
IV Qızılbaş–Rusiya müharibəsi: 1803–1813. Bu qarşıdurma xüsusilə şiddətli oldu. Gəncə, İrəvan, Qarabağ, Naxçıvan, Quba, Lənkəran, Şəki uğrunda döyüşlərdə imperiya on minlərlə zabit və əsgərini itirdi. Təkcə İrəvan şəhərinin ikinci mühasirəsi zamanı rusların 4.000-dən çox hərbçisi öldürüldü. Lakin Rusiya imperiyasının canlı qüvvə və silah-sursat sarıdan üstünlüyü özünü göstərdi. Müharibə Rusiyanın qələbəsi ilə başa çatdı.
V Qızılbaş–Rusiya müharibəsi: 1826–1828. Savaşın təşəbbüskarı Qacarlar dövləti idi. Qacarlar əvvəlki müharibədə itirdikləri Azərbaycan torpaqlarını azad etmək istəyirdilər. Müharibənin ilk mərhələsində böyük uğurlar qazanılsa da, canlı qüvvə sarıdan böyük üstünlüyə malik olan Rusiya sonda qalib gəldi.
Qızılbaş–Böyük Britaniya müharibəsi: 1856–1857. Keçmiş Səfəvi mülkü olan Heratla bağlı Qacarların qaldırdığı iddia belə bir qarşıdurmaya səbəbi oldu. Böyük Britaniyanın təxminən 11.000 hərbçidən ibarət iki diviziyası Qacarların İran körfəzi sahillərindəki ərazilərinə soxuldu. İlk mərhələdə düşməni Qacar ordusunun yalnız 4.000 döyüşçüsü qarşıladı. Canlı qüvvə və silah-sursat sarıdan böyük üstünlüyə malik olan ingilislər kiçik uğurlar qazandılar.
1857-ci il fevralın 7-də Xuşab döyüşü baş verdi. Həmin döyüşdə 4.400 ingilis, 2.500 qızılbaş iştirak etdi. İngilislərdən 220 nəfər həlak oldu, qızılbaşlardan isə 50 nəfər şəhadətə yetdi. Təəccüblüdür ki, köhnə muşket və toplarla, əsasən isə qılınc, balta və nizə ilə silahlanmış, sayları düşməndən iki dəfə az olan qızılbaşlar qalib gəldilər. İngilis ordusu Xuşab ətrafından geri çəkildi.
Maraqlı cəhətlərdən biri də budur ki, ingilislər güman edirmişlər ki, İran körfəzinin sahillərinə desant çıxardıqdan sonra yerli əhali Qacarlara qarşı üsyan qaldırıb Britaniya ordusunun tərəfinə keçəcəkdir. Lakin onların bu ümidi özünü doğrultmadı. Həm yerli farslar, həm Qaşqay türkləri, həm də ərəblərin əksəriyyəti Qacar dövlətinə sadiq qalıb qızılbaşlara əllərindən gələn köməyi göstərdilər. Xəyanət yolunu yalnız bəzi ərəb tayfaları tutdular.
Bu müharibədə iştirak etmiş Təbriz alayının rəşadətini və köçəri türk tayfalarından təşkil olunmuş süvari hissələrinin ildırım sürətli hücumlarını hətta onların rəqibləri olan ingilislər belə etiraf etmişdilər.
VI Qızılbaş–Rusiya müharibəsi: 1920–1921. 1920-ci ilin aprelində Azərbaycanı işğal etmiş rus qoşunları həmin ilin mayında İranın Gilan vilayətinə soxuldular. Burada ruslar oyuncaq İran Sovet Sosialist Respublikasını qurdular. Sovet qoşun hissələri iki dəfə Tehran istiqamətində hücuma keçdilər. Lakin Qacar ordusunun şiddətli müqaviməti ilə qarşılaşıb geri çəkildilər. Döyüş meydanında məğlub olmuş rus ordusu 1921-ci ilin sentyabrında Qacar torpaqlarını tərk etdi.
Nəticə. 1501-ci ildən 1925-ci ilədək qızılbaşlar Qərb ölkələri və Rusiya ilə səkkiz müharibə etmiş, 424 ilin 50 ilini cihad meydanlarında keçirmişlər. Bu müharibələrin beşi qızılbaşların, ikisi qarşı tərəfin (Rusiya imperiyasının) qələbəsi ilə nəticələnmiş, birində (Qızılbaş–Böyük Britaniya müharibəsində) isə, tərəflərin heç biri üstünlüyə nail olmamışdır.
P.S. 1651-ci ildən etibarən Rusiya aqressiv xarici siyasət yürüdərək əvvəlcə Şimali Qafqaz, sonra isə Cənubi Qafqaz və Azərbaycan istiqamətində irəliləməyə başlamış, 1922-ci ilədək (271 il ərzində) Qızılbaş dövləti ilə üst-üstə 30 il ərzində altı müharibə etmişdir. Maraqlıdır ki, 1640-cı ildən 1922-cü ilədək (282 il ərzində) qızılbaşlarla osmanlılar arasında üst-üstə cəmi 15 il ərzində beş müharibə olmuşdur. Bu müharibələrin ikisi osmanlıların (1723–1727; 1821–1823), üçü isə qızılbaşların (1730–1732; 1732–1734; 1743–1746) təşəbbüsü ilə baş vermişdir.
Lakin onu da vurğulamaq lazımdır ki, Qızılbaş dövləti bu üç müharibənin hər birini 1723–1727-ci illər müharibəsində itirdiyi torpaqları geri qaytarmaq məqsədilə aparmışdır. Uzun müddətli sülh dövrlərinə (1640–1722=82 il; 1747–1820=73 il) hər dəfə məhz Osmanlı imperiyası son qoymuşdur. 1824-cü ildən sonra Osmanlı imperiyası ilə Qızılbaş dövləti arasında heç bir müharibə olmamışdır.
Bu faktlar həm də onu göstərir ki, sovet tarixşünaslığının iddialarına rəğmən, Qızılbaş dövləti Osmanlı imperiyasını deyil, Rusiya imperiyasını öz varlığı üçün daha ciddi təhlükə mənbəyi hesab etmişdir.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref. Xocanın Blogu