Yaşasın Monqol Böyük İranı – İranzəmin 1-ci hissə
26-11-2023, 09:44
İran tarixçiliyində monqollar dağıdıcı qüvvə və amansız fateh kimi göstərilsələr də, reallıqda müasir İran öz cəmiyyəti, mədəniyyəti və siyasətini böyük ölçüdə monqolların birləşdirdiyi coğrafiya və dövlətə borcludur. Munxnaran Bayarlxaqva ənənəvi İran tarixşünaslığını təftiş edir: https://bakuresearchinstitute.org/yasasin-monqol-boyuk...
Munxnaran Bayarlxaqva
Monqolustan Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi və Cons Hopkins SAIS məzunudur.
Keçən onilliyin ortalarında, isti avqust günlərinin birində Şimali İrandakı Ələmut qəsrinə aparan dar bir yoxuşla qalxırdım. Nəfəsimi dərmək üçün dayananda yanımdan bir ata ilə qızı keçirdi və məni görən qız atasına: “Ata, bax, çinli!” dedi. Atası üzünü mənə çevirib baxanda: “Çinli deyiləm, monqolam!” deyə cavab verdim. Ata və qızı öz aralarında söhbət edərək yollarına davam etdilər. Lakin 30 addım irəlidə olan digər iki nəfər geri, üzü mənə tərəf çevrildilər. Əynində mülki paltar, başında enli papağı olan, bir əsgərin müşayiət etdiyi şəxs mənim doğrudan da monqol olub-olmadığımı soruşdu. O, özünü yaxınlıqda yerləşən Qəzvindəki universitetin tarix professoru kimi təqdim etdi və mənə qalada bələdçilik edə biləcəyini söylədi.
Mənim bu könüllü bələdçim özünün mütəxəssis biliyi ilə qərib yerdə darıxdırıcı ola biləcək gəzintimi keçmişin təxəyyülünü canlandıran bir nəqlinə çevirdi və tezliklə, bizim üç nəfərlik qrupumuza onlarla digər insan da qoşuldu. Bələdçimizin hekayəsi qalanın monqollar tərəfindən ələ keçirildiyi 1256-cı ilə çatmışdı ki, Məşhəddən olan, badam gözləri qabarıq şəkildə nəzərə çarpan bir qadın üzünü mənə çevirərək, bir az da hirsli şəkildə: “Qalanı dağıtmısınız, çox sağ olun!” dedi. Bunun arxasınca düşən gərgin sükutu, nəhayət, yanda duran bir nəfərin: “Biz monqolları günahlandırmamalıyıq, əksinə ilk İslam terrorçularını məhv etdikləri üçün onlara təşəkkür etməliyik!” sözləri pozdu. Ətrafda hamı gülməyə başladı. Daha düzgün anlaşılması üçün qeyd edim ki, bunlar İranın İŞİD ilə döyüşmək üçün İraqa müdaxilə etdiyi və İranın Qüds qüvvəsinin rəhbəri Qasım Süleymaninin adının dillər əzbəri olduğu günlər idi.
Bu epizod iranlıların monqollar barədə əksəriyyəti əhatə edən təsəvvürünü nümayiş etdirməklə yanaşı, iranlıların inandıqları milli narrativlərin nə qədər yaddaşdan kasad olduğunu göstərir. Monqollar barədə onların bir vaxtlar fəth etdikləri yerlərdə bugün mövcud olan indiki hökumətlərin ümumi hekayəsi budur ki, qana susamış, qətliamlar törədən ordular çiçəklənən İran şəhər-sivilizasiyalarını ələ keçirmiş və təsiri bu günə qədər gəlib çatan milli travmaya bais olmuşlar. Çaylar qan rənginə boyanmış, kitabxanalar yandırılmış, barbar təcavüzkarlar düşmənlərinin kəsilmiş baş və qulaqlarından ucaltdıqları təpələrdə əylənmişlər.
Bu cür yanaşma istər 2022-ci ildə ABŞ-ın 300 adlı bədii filminin replika edilərək musiqili tamaşa şəklində səhnələşdirildiyi və bu zaman farsların deyil, monqolların orientallaşdırıldığı İranın daxilində, istərsə də, siyasət fanatikləri tərəfindən Trampın bu ölkəni bombalamaq hədələrinin Çingiz xanla müqayisə edildiyi diasporunda, yəni xaricində aparıcı görüşdür. Səkkiz əsr əvvəl baş vermiş hadisələr müasir iranlıların beyinlərinə elə ciddi şəkildə hopub ki, çoxları Çingiz və monqolları Hitlerlə müqayisə edir və monqol “cinayətlərini” Holokostla eyniləşdirirlər.
İlahinin məxfi planı, yaxud Monqol propaqandası
Bu cür soyqırım ittihamlarını anaxronist təxəyyülün məhsulu kimi ciddiyə almamaq asan olsa da, bu diskurs sadə milli konstruksiyadan daha böyük şeyləri ehtiva edir. Bu diskursu açmaq üçün səhnəni ilk növbədə tarixə daha dərin baş vurmaqla qurmalıyıq.
Bunun üçün biz yer və ərazi adlarının daşlaşmadığını, daim dəyişməkdə olan ideya və konstruksiyalar olduğunu nəzərdə tutaraq, müasir İran ərazisinin 1220-ci ildə monqolların gəlişi ərəfəsində necə bir yer olduğunu yada salmalıyıq. 12-ci əsrin sonlarında Səlcuq imperiyası tənəzzüldə idi və müasir İranın şərq ucqarları, müasir Türkmənistan, Özbəkistan və şimali Əfqanıstan yeni, qurulmaqda olan türk Xarəzm imperiyasının idarəçiliyi altına düşmüşdü. Şimali İranın dağlıq bölgələrini isə İsmaililər idarə edirdi, cənubi İranın xırda dövlətləri də Bağdad Abbasilərinin nəzarəti altına qaytarılmışdı. Bu gün İran adlandırılan torpaqlar ciddi şəkildə parçalanmışdı və hakimiyyət çəkişmələri meydanı idi. Bununla yanaşı, ərazi kimi qədim İran ideyası çoxdan yox olmuşdu, irq və mədəniyyət baxımından da hansısa ümumiləşdirici məna daşımırdı. 11-ci əsrin sonuna aid mənbələrdə İran Baktar, Xorasan, Nimruz kimi keçmiş Sasani imperiyasının ərazilərindən biri kimi təqdim olunurdu. Monqol dövrünün sübh çağında İran sözü sadəcə tarixi yaddaşı ifadə edirdi (ĒRĀN, ĒRĀNŠAHR n.d.; Durand-Guedy 2014, 70).
İkincisi, biz 13-cü əsrdəki monqol hərbi kampaniyaları arasındakı keyfiyyət fərqlərini anlamalıyıq. Çingiz Xarəzmə müdaxilə edərkən o, sözsüz ki, yeni əraziləri inzibatı-ərazi vahidləri kimi imperiyasına qatmaq istəyirdi. Xarəzm dövlətinin taxt-tacının qərar tutduğu yerlər dağıdılmış və monqol hərbi fəthinə tabe olmaq istəməyən şəhərlər dərhal cəzalandırılmışdı. Bu kontekstdən yanaşanda Subutayın monqol ordularının Transoksianadan başlayıb Şimali İrandan, Qafqazdan, Cənubi Rusiyadan keçərək, nəhayətdə Monqolustana qayıtması ilə nəticələnən kampaniyasının məqsədi isə yeni əraziləri inzibati nəzarətə götürmək deyil, düşmənin siyasi rəhbərliyini təqib etmək, kəşfiyyat məlumatları toplamaq və hərbi-siyasi ittifaqlar qurmaq idi ki, buna görə də kampaniya tez-tez böyük şəhərlərdən yan keçir və lüzumsuz hərbi toqquşmalardan çəkinirdi.
Monqol müharibələri, heç şübhəsiz, qəddar idi və monqolların sarayında çalışan tarixçilər də bu qəddarlığı xüsusi qeyd edirlər. Müasir İrandakı Nişapur, Türkmənistandakı Mərv, Əfqanıstandakı Herat kimi əvvəl tabe olmuş, sonra üsyan etmiş şəhərlər bu qeydlərdə xüsusi vurğulanır. Lakin müasir tarixçinin işi tarixi deşifrə etmək və onu əfsanələrdən ayırmaq olsa da, monqol saray tarixçilərinin monqol qılıncı altında milyonların məhv edilməsi haqqında yazdıqları adətən İran tarixşünaslığı tərəfindən izah edilərkən tənqidi yanaşmaya məruz qalmır (Lane 2012, 247).
Məsələn, Xarəzm yürüşü barədə ilkin, lakin hadisələrdən sonra yazılmış mənbə olan Ata Məlik Cüveyninin Tarixi- Cahanguşə əsəri Monqol imperiyası barədə dövlət tərəfindən sifariş edilmiş təbliğat idi. O, Çingiz xanı günahkarları cəzalandıran “İlahinin qəzəbi” kimi təsvir edir. Belə bir statusa və ambisiyaya malik, monqolların öz müsəlman rəiyyəti üzərində hakimiyyətini legitimləşdirmək niyyəti güdən kitabda monqol idarəçiliyinə tabe olmamaq üstündə qətllər orta əsrlərdə əhalinin istənilən hesablanmasının ən yaxşı halda ehtimala əsaslanmasına oxşar tərzdə milyonlarla şişirdilib (Guinnane 2023, 1).
Bu cür şişirtmələr adı çəkilən şəhərlərin bu sayda əhaliyə malik olmasının qeyri-mümkünlüyü, həmçinin 13-cü əsrdə mövcud texnologiyaların şəhərlərin belə yerlə-yeksan edilməsi gücündə olmaması səbəbilə akademiya tərəfindən çoxdan çıxdaş edilib (Lane 2014, 149). Rəşidəddin kimi sonrakı dövrdə yaşayan tarixçilər isə, hansı ki o da monqol saray tarixçisi idi, Çingizin rolunu “İlahinin göndərdiyi, bəxtəvərlik bəxş edən böyük və qüdrətli hakim” kimi izah edirdilər və iddia edirdilər ki, bu monqol hakimi yer üzünü şərdən, riyakarlıqdan, üfunətdən təmizləmək üçün göndərilmişdir (Biran 2007, 113).
Lakin burada adətən bizə deyilməyən odur ki, bu şəhərlərin istilası şəhərin həyatına birdəfəlik son qoyan bir tək hadisədən ibarət olmurdu, proses Monqol işğalı dövründə bəzən nəticə verən, bəzən verməyən silsilə mühasirələrdən, üsyanlardan, rəqiblərin tərəf dəyişdirmələrindən ibarət hadisələr məcmusu idi ki, burada çoxlu sayda yerli türklər və 13-cü əsrin terminologiyası ilə ifadə etsək, taciklər bütün oynanılan rollarda yer alırdılar (Manz 2022, 200). Əyani nümunə kimi Səraxs şəhərini göstərmək olar ki, bu şəhərin rəhbərlərinin tapşırığı ilə hərbi qüvvələri, əvvəl monqollara tabe olmuş, bir ildən sonra isə üsyan etmiş Mərvdə törədilən böyük qətliamda monqollara yardımçı olmuşlar. Bu üsyan sonra Səraxs əhalisinin də üsyana qalxması ilə nəticələnsə də, Səraxs monqollara qarşı üsyan edərkən bu şəhərin öz sərkərdəsi Mərvdə monqollara qarşı üsyanın yatırılması ilə məşğul idi.
Hətta ən qanlı anlarda belə, monqol qəddarlığı həmişə tacik məsləhətçiləri və türk qoşunu olan monqol sərkərdələrin tacik, yaxud ərəb başçısı olan, əhalisi əksərən türklərdən ibarət şəhərlərlə qarşı-qarşıya gəldiyi qarışıq bir səhnə idi, səbəbi də yerli çaxnaşmalar olurdu. Monqol işğalı heç vaxt bu şəhərlərin həyatına birdəflik son qoyulması ilə nəticələnməyib, sonrakı dövrə aid qaynaqlar göstərir ki, monqolların təyin etdiyi Kərt sülaləsi regionun yenidən qurulmasını həyata keçirib. Həmçinin aşağı Amudərya və Sırdərya çaylarının hövsəzindəki sivilizasiyalar və Otrar şəhəri monqollara görə deyil, iqlim dəyişikliyi səbəbilə məhv olub (White, 2020).
Bir çox mənalarda monqollar öz uğurlarının qurbanına çevriliblər, lakin anaxronistik şəkildə, özünü o dövrə aid tacik kimi terminin istifadəsi əvəzinə fars və yaxud iranlı kimi terminlərin istifadəsində büruzə verən bügünkü kimlik siyasətinə əsaslanmış motivlərin o dövrə aid edilməsi tarixi hadisələrin düzgün anlaşılmamasını davamlı edir. Belə anaxronizmlər dövrün siyasi müharibələrinin həqiqi mənzərəsinə çaşqınlıq gətirir.
Monqol Böyük İranı
Bugünkü İran ərazilərinə ikinci monqol müdaxiləsi zamanı bölgənin siyasi xəritəsi xeyli fərqli idi. 1250-ci illərin sonlarında Çingizin kiçik oğlu Tuluyun varislərinin idarəsi altında olan qlobal monqol imperiyası artıq zövqünü əzəmətlilik iddialı ambisiyalarına uyğunlaşdırmışdı. Daim genişlənməkdə olan imperiya boyunca Çingizin törəmələrinin saraylarında, artıq əsl-nəcabəti ən müxtəlif olan insanlar parlaq karyera qururdular. Belələri sırasına, misal üçün elə Cüveyninin özü kimi fars dilində danışan tacik rəsmilər də daxil idi. Məhz elə bu dövrdə idi ki, Qəzvin şəhəri Böyük Xan Mönqkenin hüzuruna elçilər göndərməklə cürətli siyasi gediş etmişdi.
1250-ci ildə Qəzvin əyanları şəhər qazisinin rəhbərliyi altında Mönqkenin sarayına elçilər göndərərək İsmaililərdən və həmçinin Azərbaycanın Muğan düzündə düşərgə salmış monqol sərkərdəsi Baycunun qayda-qanunu bərpa edə bilməməsindən şikayətçi düşmüşdülər. İdarəçilər arasında bir neçə nəsillik tarixi əlaqələrinə (Qəzvinin İftixar ailəsi Tuluy sarayında müəllimlik etmişdilər) arxalanan qəzvinlilər monqol daxili siyasəti barədə bilgilərindən yararlanırdılar. Onlar bilirdilər ki, Qızıl Ordanın başçısı Batı Baycunu özünə tabe etməyə çalışır, Tuluy varisləri isə bunun qarşısını almaq istəyir. Belə düşünülür ki, Qəzvin elçiləri öz bilgi və nüfuzlarından Hülakünü müdaxilə etməyə inandırmaq üçün istifadə etmişdilər (Yildiz 2020, 47).
Qəzvin əyanları öz ölkələrinin periferik statusuna son qoymaq istəyirdilər. Monqollar üçün İrana müdaxilə barədə siyasi qərar vermək vacib deyildi və monqollarla İsmaililərin qarşılıqlı inamları olmasa da, bir-birini yola verə bilən müttəfiqlər idi (Dashdondog 2020, 310). Ona görə də, monqol elitasını Amudərya çayını keçərək, o tərəfdəki torpaqları imperiyaya qatmaq üçün Hülaküyə mandat verilməsinə inandırmaq elə də asan olmamışdı. Müdaxilə yaxınlaşdıqca İsmaililərin Ələmut qalasından əks tərəfə keçmək istəyənlər və alimlər artıq monqollara kömək etmək üçün planlar cızırdılar. Bunların içində alim Nəsrəddin Tusi və tarixçi Rəşidəddinin ailə üzvləri də var idi (Lane 2012, 4).
Hülakü Amudəryanı keçəndən sonra bu yerlərin qarışıq türk hakimlərindən və hətta cənubi İran şəhərlərinin Xitan-Qutluqxanilərindən belə cüzi müqavimət görmüşdü. Əksəriyyət Hülakünü xilaskar kimi qarşılayırdı və onun tənəzzülə, parçalanmaya son qoyacağını gözləyirdi. Bu yerlərin bir çox hakim sülalələri hətta İlxanilər dövlətinin yıxılmasından sonra belə mövcudiyyətini saxlamışdılar. 1256-cı ildə Ələmutun qəsb edilməsi nəticəsində sonradan Hülakünün məsləhətçisi olmuş və monqol ordularının Bağdad yürüşünə qoşulmuş Nəsrəddin Tusi kimi siyasi məhbuslar azad edilmişdi. Bununla belə qeyd etmək lazımdır ki, xalq arasında geniş yayılmış fikrin əksinə olaraq, Ələmutun alınması, görünür ki, İsmaili dövlətinin varlığına son qoymamışdı. Bu dövlət şimali İranda mövcudiyyətini davam etdirmiş və hətta 1270-ci ildə qəsri geri almağa müvəffəq olmuşdu.
1258-ci ildə Hülakü Bağdada çatarkən buralar artıq müxtəlif etnik qrupların ermənilərin, gürcülərin, kürdlərin, həmçinin cənubi İranın çoxsaylı şəhər dövlətlərinin qaynayıb qarışdığı bir mülk idi (Lane 2012, 17). Burada da, yenə əksəriyyətin qəbul etdiyi fikrə qarşı çıxaraq qeyd edək ki, monqollar nə kitabxanaları yandırmış, nə də kütləvi qətliam törətmişdilər. Əksinə, Bağdad kitabxanasının kitabları qorunmuş, İslam adətinə uyğun olaraq Marağadakı rəsədxanaya, Nəsrəddin Tusinin istifadəsinə göndərilmişdi. Tusinin ölümündən sonra isə təhsilli kitabxanaçı İbn əl Fuvati tərəfindən kitablar Bağdad kitabxanasına qaytarılmışdır. İlxanilər dövrünün Bağdadının diqqətlə öyrənilməsi göstərir ki, onların idarəçiliyi altında şəhərdə kitab mədəniyyəti dirçəlmiş və çiçəklənmişdi (Biran 2019, 466).
Eynilə bunun kimi Bağdadın Urmiyada anadan olmuş bölgə hakimlərindən biri Urmavinin Baycu noyonla hekayəsi də heç vaxt geniş danışılmamışdır (Biran 2018, 16). Urmavinin itaəti və xərac vermək üçün qənimət toplaması onun Monqol sarayındakı sonrakı karyerasına yol açmışdır. Hətta bəzi bilavasitə həmin dövrə aid olmayan mənbələr Hülakünün işğalı dövründə Bağdadın əhalisinin əksər hissəsinin qətliam edildiyini yazsalar da, dövrə aid digər mənbələr qeyd edirlər ki, sənətkarlar, dini azlıqlar, tacirlər, alimlər, istedadlı insanlar məqsədyönlü olaraq qorunmuş və yerli Bağdad elitasından çoxları şəhərin yeni təyin olunmuş hakimi Ata Məlik Cüveyninin rəhbərliyi altında işləmək imkanı qazanmışlar (Biran 2023, 187).
Bağdadı tutandan sonra Hülakü Abbasi rəsmilərini yenidən vəzifələrə təyin etmiş, sənətkarlara və imperiyaya aid emalatxanalara yenidən fəaliyyətlərini bərpa etmək əmri vermişdir. Həmçinin o, Abbasi sərkərdələrini xilafət hərbçilərini toplayıb monqol ordusuna qatmaq işinə cəlb etmişdir. Bağdad özünün ticarət, ideyalar, güclü sənətkarlıq mərkəzi statusunu qorumuş və İlxanilərin qış paytaxtına çevrilərək daha da kosmopolit bir imperiyanın tərkibində çiçəklənmişdir. Bağdadın monqol idarəçiliyi dövründə İslam incəsənətinin ən möhtəşəm sənət əsərlərindən bəziləri ərsəyə gəlmişdir ki, bunların içərisində bu gün dünyanın muzey və sərgilərini bəzəyərək mütəmadi şəkildə Qərb islamofobiyasına qarşı mübarizəyə töhfə verən nəfis Quran nüsxələri də vardır (Brinkmann 2008, 11; Larson 2016).
Bəzən elə gəlir ki, müasir insanlar bəşər tarixinin qəddar olduğunu və dövlətlərin təməlinin məhz bir qrupun digər qrupa öz hakimiyyət və iyerarxiyasını qəbul etdirmək bacarığı ilə qoyulduğunu unudur. Yəni fəth nəzəriyyəsinin göstərdiyi kimi, dövlətin və ərazilərinin əsasının qoyulması tabe etdirilməni ehtiva edir ki, bu da mahiyyəti etibarilə qəddarlıqdır (Munkh-erdene 2023, 289-322). İran timsalında da Sasani dövrünün Böyük İran ideyasının yenidən dirçəlişi xeyli yerli oyunçuların da dəstəyi ilə kənardan gələn monqolların fəthi nəticəsində mümkün olmuşdur. Bundan sonra doğan bütün İran adlı siyasi konsepsiyalar Monqolların ərsəyə gətirdiyi İran anlayışının nəticəsi olmuşdur (Fragner 2018, 468).
Reallıq budur ki, İran və kimliyinin tamamən yox edilməsinin əksinə olaraq, burada yaşayan və hazırda iranlılar, yaxud farslar adlandırılan əhali Monqol imperiyasının vacib tərkib hissəsinə çevrilmişdir. Onlar ərazinin Monqol imperiyasına inteqrasiyasını təşviq etmişlər. Eynilə bunun kimi monqolların islama qarşı düşmənçiliyi barədə əsasən həmin dövrdən sonra yaşamış ərəb müəlliflərin iddiaları da Mərkəzi Asiyada monqolları xilaskar kimi qarşılayan müsəlman Qara-Kitayların nümunəsini görməzdən gəlir. (Lane 2014, 144).
Bu ərazilərin işğallarının tamamlanmasından sonra formalaşmış Pax Mongolicanın idarəçiliyi altında rifah dövrü isə, xüsusən Qazan və Olcaytunun hakimiyyəti illərində, hazırda fars, yaxud iranlı adlanan əhaliyə böyük töhfələr gətirmişdir. Monqol erası Böyük İran-İranzəmin konsepsiyasını yenidən dirçəltməklə yanaşı, bu konsepsiya tarixi İranın özünü də yeni mənada canlandırmış, bu yer ideyasını birdəfəlik insanların beyninə həkk etmişdir. Cüveyni ailəsi, Təbriz Malikan ailəsi, Rəşidəddinin ailəsi, Nəsrəddin Tusi kimi yalnız bəzilərinin adını çəkərək qeyd edək ki, tacik bürokratlarının parlaq karyeraları bütün Monqol imperiyası boyunca yayılmış və Hanqjouda tarixi Tacik icmasının da yaranmasına yol açmışdı. Fars dili tarixçiliyin dili kimi ərəb dilini əvəz etmiş və onun arealı Teymurilər və Moğollar kimi monqol və Çingizi sülalələrinin sonrakı varislərinin sayəsində daha da genişlənmişdi. Monqol imperiyasında qadınların tutduğu yüksək mövqe İran üçün də əxz edəcəkləri nümunəyə çevrilmişdi. Şirazın İncui şahzadəsi Cahan Məlik Xatunun həyatı və ədəbi fəaliyyəti İlxanilər cəmiyyətində qadınların ciddi azadlıqlara və yüksək statusa malik olmalarının nəticəsi idi (De Nicola 2017, 247). Müasir kimlik quruculuğunun əsasında duran təcridedici etnosentrizmdən fərqli olaraq, eramızın ikinci minilliyinin əksər dövrü boyunca Çingizin əsasını qoyduğu idarəçilik mirası və İran bir sikkənin qarşılıqlı faydalı olan ayrılmaz iki üzü idi.
İranlı adlanacaq hər şeyin mənbəyi və mahiyyət tərifi üçün mühüm kitab olan Şahnamə son Səlcuq hakimləri və Xarəzmşahlar dövründə tarixin qaranlıqlarından işıq üzünə çıxarılmış, monqolların xidmətində ciddi təbliğat vasitəsinə çevrilərək, monqol libasında badam gözlü qəhrəmanları təsvir edərək vizual dillə monqolları legitimləşdirmişdir (Melville 2018). Şahnamənin sənət, dil, poetik məziyyətlərinin yüksək qiymətləndirilməsi məhz Monqol idarəçiliyi ilə birgə gəlmişdir (Melville 2016, 201). Bu gün Şahnamənin bütün əsas və daha yaxşı saxlanılmış əlyazmaları İlxanilərin və sonrakı Monqol sülalələrinin dövründə yazılmış, sülalələrin yuxarıda təsvir olunan vizual dilinin əks olunduğu nüsxələrdir. Məhz elə bu dövrdə, bu vaxta qədər tamamilə ərəb dilinin kölgəsində olan fars dilli tarixçilik həqiqətən çiçəklənməyə başlamışdır (Meville 2012, 156).
İlxanilərin sonu birdən gəldi, lakin Qazan və Olcaytu dövründə əsası qoyulmuş Böyük İran modeli İran tarixində ciddi iz buraxacaqdı. İsfahanın Cümə məscidində Olcaytunun mehrabı İslam dünyasının ən nəfis işlənmiş mehrablarındandır və Olcaytunun, ilk əvvəl Kərbəladan Şiə yadigarlarının koçürülməsi üçün nəzərdə tutulmuş mavzoleyi indi də Sultaniyyəni bəzəyir. Həmçinin burada Taxti-Süleymanı, Marağa rəsədxanasını, Varamin imamzadəsini, Yəzddə Came məscidini də sadalaya bilərik.
İranı İlxanilərdən sonra idarə etmiş digər türk-monqol sülalələr də, yəni Cəlairilər, Çobanilər, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar hamısı oxşar ideyanı, yəni İranın kosmopolit inzibati strukturunun türk-monqol köçəri siyasi və hərbi elitası tərəfindən idarə edilməsini həyata keçirmişlər (Fragner 2018, 468). Faktiki olaraq, 1500-cü illərin əvvəllərində Səfəvilərin hakimiyyətə gəlməsinə qədər Çingiz nəslinə mənsub olmaq bölgədə hakimiyyətin legitimliyinə iddia üçün əsas olaraq qalırdı. Səfəvilər və Teymurilər, həmçinin monqol vergi sistemini də saxlamışdılar (Biran 2007, 118). Birbaşa İlxanilərdən sonra gələn sülalələr üçün Təbriz şəhəri imperiyanın paytaxtı və İranda ən böyük qənimət hesab olunurdu (Zakrzewski 2020, 45, 66). Monqol irsinin uzunmüddətli təsirinin ən əyani nümunələrindən biri qeyri-rəsmi olaraq hələ də İranda istifadə olunan və Qazan xan islahatları dövründə on min dinarı adlandırmaq üçün tətbiq edilmiş pul vahidi termini-tüməndir. Teymurun xanədanı, Tacik və Türk vahid siyasi quruluşun bir-birini tamamlayan tərkib hissələri olduğu kimi, İran və Turanı əhatə edirdi.
Fars meyilli, həmçinin İran şiə meyilli hekayələrin sevimli mövzusu olan Səfəvilər də öz hakimiyyətlərini Çingizin və Teymurilərin universal hakimiyyət stilində legitimləşdirirdilər. Səfəvi təzkirəçi və tarixçisi Qazi Əhməd özünün Şah Təhmasib üçün yazdığı Tarixi Nigaristan əsərində tez-tez digər hakimlərlə yanaşı Çingiz və Qazan xanın da müdrikliyini yada salır (May 2020, 822). Hətta Səfəvilərdən sonra Əfşarlar sülaləsinin əsasını qoymuş Nadir də hakimiyyətinin legitimliyini təmin etmək üçün Türk-Monqol ənənəsinə müraciət edərək Muğanda qurultay keçirdərək taxta çıxmışdı. Nadir Osmanlılara məktublarını türkcə yazırdı ki, burada Çingiz xan dövrünə gedib çıxan ümumi genealogiyanı vurğulayırdı. Nadir öz saray şairlərindən tələb edirdi ki, onun Çingizin fəthlərini təkrarlayacağını car çəkən şeirlər yazsınlar (O’Brien 2022, 29). Qacarlar, hansılar ki, sülaləsinin başlanğıcı Monqol ordusu komandanlarından birinin oğlu olan Qacar Noyona aparılıb çıxarılır, Çingizin Qacar stilində libaslarda rəsmlərini saraydan asırdılar (Farmanfarmaian 2022, 199). 17-ci əsrin sonlarında İran əsilli Moğol Hindistan məmuru Məhəmməd Mofid öz ölkəsi haqqında yazdığı bir hesabatda İranzəmin konsepsiyasını yada salır və türkmən Qərbi ilə Teymuri Şərqini yenidən birləşdirdiklərinə, həmçinin İranın İlxani konsepsiyasını yenidən dirçəltdiklərinə görə Səfəviləri öyürdü (Fragner 2019, 67). Cüveyninin Tarixi-Cahanquşəsindən başlayaraq, məhz onun bazasında modelləşdirilmiş bir tarixşünaslıq xətti vardır ki, Qacar dövrünə aid Cahan Guşeyi Nadirə qədər davam edir (Amanat 2012, 297).
Teref. Xocanın Blogu