AZƏRBAYCAN SULTANLIĞI AĞQOYUNLU (BAYANDURLU) XANƏDANI DÖNƏMİNDƏ...

27-11-2023, 08:14           
AZƏRBAYCAN SULTANLIĞI AĞQOYUNLU (BAYANDURLU) XANƏDANI DÖNƏMİNDƏ...
XV əsrin 60-cı illərinin sonunda Azərbaycanda idarəçilik Baharlı xanədanından (Qaraqoyunlu) Bayandur (Ağqoyunlu) xanədanına keçdi. XIV əsrin sonunda Ağqoyunlu siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Onun varisi Qara Yuluq Osman bəy mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdu. Qara Yuluq Osman bəy öz adına pul da zərb etdirmişdi. Ondan sonra bəyliyə Əli bəy, sonra isə Cahangir Mirzə başçılıq etmişdilər.
1467-ci il Muş döyüşündə Qaraqoyunluları məğlub etmiş Həsən Padşah (1453-1478) Bağdada qədər olan geniş ərazidə nəzarəti ələ keçirdi. Cahanşahın ölümünü eşidən Teymuri Əbu Səid Qaraqoyunluları müdafiə məqsədi adı altında Azərbaycana qoşun yeritdi. Həsən Padşah yeni düşmənlə mübarizə aparmaq üçün Şirvanşah Fərrux Yasar və bacısı oğlu, Ərdəbil hakimi Şeyx Heydər Səfəvi ilə ittifaqa girdi.
Teymurilərin Azərbaycanda ənənəvi müttəfiqi sayılan Şirvanşah Teymuri Əbu Səidi ərzaqla təmin etməkdən boyun qaçırtdı. Əlacsız qalan Əbu Səid Həsən Padşaha sülh təklif etdi. Bu təklifi qəbul etməyən Həsən Padşah Mahmudabad yaxınlığında Teymurilər üzərində qələbə qazandı.
Həsən Padşah Kürdən cənubdakı Azərbaycan torpaqlarını, indiki İran İslam Respublikasının qərb hissəsini, İraqın, Gürcüstanın şərqini və Ermənistanı, Türkiyənin şərqini və cənub-şərqini əhatə edən dövlətin sultanı elan olundu. Osmanlı mənbələri Həsən Bayandurlunu haqlı olaraq “Azərbaycan sultanı” adlandırırlar.
Teymuri Əbu Səid üzərində qələbə qazanandan dərhal sonra Həsən Padşah Borçalıya ordu göndərdi. Gürcü mənbələrində Həsən Padşahın Tavreş-Gilan adlandırılan sərkərdəsi Ağqoyunlu-Qaraqoyunlu savaşlarından istifadə edərək, Tiflisi ələ keçirmiş gürcü çarı Georgini darmadağın edəndən sonra yenidən Təbrizə qayıtdı.
Həsən Padşah Kiçik Asiyanın şimal-şərqində yerləşən Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohannın qızı Azərbaycan tarixində Dəspinə xatun adı ilə tanınmış Teodora ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı. Həsən Padşah Trabzondan qayıdarkən Tiflisə gəldi və Konstantini gürcülərə hakim təyin etdi.
Azərbaycanın Qara dənizə yeganə çıxış yolu olan Trabzonun Osmanlılar tərəfindən işğalı Həsən Padşahı narahat etməyə bilməzdi. O, Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ilə diplomatik əlaqələr yaratmağa başladı. Osmanlılar Azərbaycanın Avropa ticarətinə mane olurdu. Avropanın xristian dövlətləri Osmanlı dövləti ilə bağlı «arxadan zərbə vurmaq» siyasəti yeridirdilər. Əslində Avropa ölkələri Həsən Padşahdan Osmanlıya qarşı istifadə edirdilər. Həsən Padşah Osmanlıya qarşı Qaraman əmirliyi, Kipr, Rados kimi xırda dövlətlərlə ittifaqa girmişdi. Venesiya ilə Ağqoyunlu dövləti arasında Osmalıya qarşı hərbi ittifaq bağlanmışdı. Venesiya ilə Ağqoyunlu arasında bağlanan anlaşmaya əsasən 1472-ci ilin yazında Ağqoyunlu ordusu Osmanlıya qalib gələrək, Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssisləri gətirəcək gəmilər gəlib çıxmadı. Çünki Venesiya bu zaman Ağqoyunludan gizli şəkildə Osmanlı ilə separat danışıqlar aparmış və ondan ticarət imtiyazları qopara bilmişdi.
Osmanlı şahzadəsi Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı qoşunu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.
1473-cü ilin baharında osmanlılarla ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı. 1473-cü il avqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Həsən Padşah qalib gələrək, Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Həsən Padşah odlu silahlarla təchiz olunmuş Osmanlılar tərəfindən məğlub edildi. Mənbələrin yazdığına görə, «Ağqoyunlular ona görə məğlub oldular ki, onlar belə top-tüfəng davası görməmişdilər».
1472-1473-cü illər savaşlarında ağqoyunlular məğlub olsalar da, II Mehmetin Azərbaycan torpaqlarını işğal etməsinə imkan vermədilər.
Həsən Padşah osmanlılara qarşı müharibədə ağqoyunlulara kömək etmədiyi üçün 1474-77-ci illərdə özünün vassalı, gürcü hakimi II Konstantin üzərinə yürüş etdi. Gürcüləri darmadağın edən Həsən Padşah öz sərkərdəsi Xəlil bəy Bəktaşı Tiflis də daxil olmaqla, Borçalı hakimi təyin etdi. 1478-ci ildə Həsən Padşah vəfat etdi. Onun ölümündən xəbər tutan II Konstantin hakimiyyət boşluğundan istifadə edərək, Borçalı torpaqlarını çapıb-taladı.
Həsən Padşahın ölümündən sonra taxta çıxan oğlu Yaqub (1478-1490) borçalıların köməyinə gəldi və Xəlil bəy Bəkdaşi fərasətsizlikdə suçlandı. Sultan Yaqub Dmanisidə möhkəmləndikdən sonra Ahıskanı da yenidən Ağqoyunlu dövlətinə qatdı. 1485-ci ildə Dədəm Qorqud dövrünün yadigarı olan Türk qalası Ağcaqala yenidən təmir edildi .
Atasının siyasətini davam etdirən Sultan Yaqub Şirvanşahlara yaxınlaşıb qohum olsa da, Ərdəbil şeyxləri ilə münasibət pisləşdi. Yaqub Mirzənin ölümündən sonra taxta çıxan oğlu Bəysundur 1492-ci il Rüstəm Mirzə tərəfindən Bərdə yaxınlığında məğlubiyyətə uğradıldı və taxta Rüstəm Mirzə (1492-1497) çıxdı. Ana babası Şirvanşah Fərrux Yasardan kömək alsa da, Bəysunqur 1493-cü ildə Əhər döyüşündə Rüstəm Mirzənin qoşunları tərəfindən məğlub edilərək öldürüldü.
1497-ci ildə Rüstəm Mirzə, Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Osmanlı sultanı II Mehmetin qızından olan oğlu Gödək Əhməd tərəfindən taxtdan salındı. Gödək Əhməd islahat keçirərək şəriətə uyğun olmayan vergi və mülkiyyətləri ləğv etdi, feodallara irsən keçən soyurqalların yerinə qulluq müqabilində timar verilməsinə başlanıldı . Əbih Sultan və Qasım bəy başda olmaqla onun siyasətindən narazı qalan iri feodallar Gödək Əhmədi taxtdan saldılar. Taxt-tac uğrunda iki əmioğlu – Əlvənd və Murad arasında çəkişmə başladı.
1500-cü ildə Baba Xeyrulla adlı bir dərvişin vasitəçiliyi ilə onların arasında Əbhər sazişi bağlandı. Sazişə görə Qızılüzən çayı sərhəd olmaqla Azərbaycanın Kürdən cənubdakı torpaqları, Qarabağ və İrəvan Əlvənd Mirzəyə, Ərəb İraqı, Fars, Kirman isə Murad Mirzəyə çatdı.
Kərəm Hətəmoğlu Məmmədli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.