“Mossad”ın fiaskosu, kralın qəzəbi, “Sayrus” ləkəsi...
5-12-2023, 07:47
HAMAS-ın oktyabrın 7-də İsrailə hücumu çoxları üçün gözlənilməz oldu. Çünki İsrail
kəşfiyyatının belə böyük miqyaslı, bir gün ərzində hazırlanmadığı məlum olan hücumdan xəbər
tutmaması ağlasığmaz görünürdü. Bəziləri hətta konspirologiyaya yuvarlanaraq, Qəzzaya
hücum bəhanəsi qazanmaq üçün Tel-Əvivin aksiyaya qəsdən göz yumması kimi absurd versiya
irəli sürdülər.
Həqiqətən də xeyli heyrətamiz kəşfiyyat nailiyyətləri və inanılmaz əməliyyatları olan İsrail
kəşfiyyatı dünyada ən güclülərdən sayılır. Amma onun da uğursuzluqları, özü də ciddi
uğursuzluqları yox deyil. Bunlardan ən böyüyü HAMAS-ın hücumundan düz 50 il əvvəl baş verdi.
Bir sıra məlumatlara baxmayaraq, kəşfiyyat Misirin hərbi əməliyyatlara başlamasını qaçırdı və
İsrail qəfil yaxalandı.
Geniş kütlələrə çox da məlum olmayan başqa uğursuzluqlar da var. Bunlardan biri də HAMAS
liderlərindən Xalid Meşala uğursuz sui-qəsd cəhdi – “Sayrus” əməliyyatıdır.
***
Fələstin problemini sülh yolu ilə həll etməyə çalışan baş nazir İshaq Rabinin qətlindən 6 ay
sonra keçirilən seçkilərdə sol düşərgə məğlub oldu. Məğlubiyyətdə HAMAS terroru da ciddi rol
oynadı. Solçuların sülh yolunun perspektivinə inamını itirən elektorat sağa səs verdi. Sağçıların
qələbəsindən və Benyamin Netanyahunun ilk dəfə baş nazir olmasından sonra xeyli müddət
terror olmadı.
1997-ci il martın 21-də kamikadze terrorçu Tel-Əvivin “Apropo” kafesində özünü partlatdı: 3
nəfər öldü, 48 nəfər yaralandı. Dörd ay sonrakı növbəti akt isə daha qanlı oldu. İyulun 30-da iki
kamikadze Qüdsün Mahane Yehuda bazarında dalbadal partlayış törətdi. Nəticədə 16 nəfər
öldü, 178 nəfər yaralandı.
Belə şeylərə alışmayan Netanyahu HAMAS-a ciddi qulaqburması vermək fikrinə düşdü. Götürqoydan sonra təşkilatın liderlərindən birini öldürmək qərara alındı. HAMAS-n əsas lideri şeyx
Əhməd Yasin hələ 1989-cu ildə həbs olunmuşdu və ömürlük həbs cəzası çəkirdi. Seçim Xalid
Meşal ilə Musa Əbu Mərzuk arasında edildi və birinciyə üstünlük verildi. Əməliyyata “Sayrus” adı
verldi.
Qərar əvvəldən səhv idi. Çünki Meşal (elə Əbu Mərzuk da) İordaniyanın paytaxtı Ammanda
yaşayırdı. Bu ölkə isə 1994-cü ildə İsraillə sülh bağlayaraq, Misirdən sonra İsraili tanıyan və
diplomatik münasibətlər quran ikinci ərəb dövləti olmuşdu. Tel-Əviv Ammanla münasibətlərə
xüsusi önəm verirdi. Sülh müqaviləsini imzalayan İshaq Rabin hətta “Mossad”a İordaniyada
kəşfiyyat əməliyyatlarını dayandırmağı tapşırmışdı. İndi isə həmin ölkədə qətl törətmək
planlaşdırılırdı.
***
Mossadın “Qeysəriyyə” adlı xüsusi əməliyyatlar bölməsinin agentləri İordaniyaya gedərək, Meşal
haqda məlumatı sıfırdan toplamağa başladılar. HAMAS-ın ofisi, Meşalın evi, hərəkət qrafiki,
vərdişləri – hamısını öyrənmək lazım idi. Buna vaxt lazım idi, hökumət isə tələsdirirdi.\
İordaniya Livan deyildi, burada qətl törətsən belə, onu səs-küysüz həyata keçirmək lazım idi:
güllədən, partlayıcıdan istifadə etmədən. Hətta qətl olduğu bilinməsə, lap yaxşı. Buna görə də
zəhərdən istifadə etmək qərara alındı.
Meşal haqqında müəyyən məlumat toplanandan sonra xüsusi zəhər – güclü anestetik olan
fentalinin törəməsi – hazırlandı. Həmin zəhərin bir neçə damcısının bədənin istənilən hissəsində
dəriyə düşməsi nəticəsində insan əvvəlcə huşunu itirir, sonra komaya düşür, axırda ölürdü.
Üstəlik, orqanizmdən tez çıxdığından yarılma zamanı aşkar etmək də mümkün deyildi. Beləcə,
qurbanın ya təbii, ya da naməlum səbəbdən ölməsi qənaəti yaranacaqdı.
Zəhəri atmağın da orijinal üsulu düşünüldü. İki nəfər Meşala yaxınlaşacaq, onlardan biri içində
qazlı su olan dəmir bankanı açacaq, ikincisi həmin an su tapançası kimi bir alətdən zəhəri
atacaqdı. Elə təsəvvür yaranacaqdı ki, bankadakı su sıçrayıb. Mossad əməkdaşları Tel-Əviv
küçələrini gəzərək düşünüləni dəfələrlə sınaqdan keçirdilər; təbii, bu zaman ziyansız maddə
səpilirdi.
Mossad tələsmək istəmirdi, amma sentyabrın 4-də HAMAS növbəti terror törətdi. Qüdsün yalnız
piyadalar üçün nəzərdə tutulan Ben Yəhuda küçəsində üç kamikadze partlayışı nəticəsində 8
nəfər öldü, 181 nəfər yaralandı. Bundan sonra hökumət kəşfiyyatçılardan tələsməyi tələb etdi.
Sentyabrın 25-nə təyin olunan əməliyyatda iştirak edəcək 6 agent saxta Kanada pasportu ilə
Ammana gəldi. Əməliyyatın tələsik hazırlanmasını belə bir fakt da sübut edir ki, “Mossad”çılar
cəmi bircə dəfə Meşalı evdən “Fələstin yardım cəmiyyəti” adlanan, əslində HAMAS-ın ofisi olan
yerə qədər müşayiət etmişdilər. Onun hərdən uşaqlarını da götürməsi və özü düşəndən sonra
sürücünün uşaqları məktəbə aparmasından xəbərləri yox idi.
Aksiya günü də uşaqlar maşında idi, amma şüşələr qara olduğundan onları görmək mümkün
deyildi. Meşalı izləyənlərdən HAMAS ofisinə yaxınlaşması siqnalını alan iki agent də yaxınlıqda
mövqe tutdular. Xalid maşından düşüb binaya tərəf gedəndə agentlər də hərəkətə keçdilər. Bu
zaman maşının arxa qapısı açıldı və Xalidin qızı atasını çağırdı.
Meşal səs gələn tərəfə döndü. Fors-major vəziyyət agentləri karıxdırdı. Onlardan biri bankanı
açmadı – gecikdimi, yoxsa əməliyyatın təxirə salınmalı olduğunu düşündüyündənmi, məlum
deyil. İkinci agent isə zəhəri atdı, amma Xalidin başı döndüyündən boynuna düşməli olan zəhər
qulağına töküldü.
Həyatının təhlükədə olduğunu anlayan HAMAS lideri maşınına tərəf qaçdı. Agentlər hadisə
yerindən uzaqlaşa bildilər, amma bir qədər getdikdən sonra onları təqib edən HAMAS üzvləri
tərəfindən yaxalandılar. Bəxtlərindən polis özünü tez yetirdi və onları kütlənin linçindən xilas
etdi. Digər dörd nəfər isə tələsik İsrail səfirliyinə sığındı.
Tutulanlar kanadalı olmalarında israr edərək, kütlənin onlara niyə hücum etdiyini anlamadıqlarını
söylədilər. Amma polisə çağırılan Kanada səfirliyinin əməkdaşı onların kanadalı olmadığını
aşkar etdi. İordaniya polisi üçün işgəncəyə müraciət etməyin problem olmadığını anlayan
agentlər də “Mossad” əməkdaşı olduqlarını etiraf etdilər.
Bu zaman Xalid Meşal artıq huşsuz vəziyyətdə xəstəxanada idi. Onu tənəffüs aparatına
qoşmuşdular.
***
Hadisə İordaniya kralı Hüseyn bin Talalın möhkəm qəzəbinə səbəb oldu. İsraillilər onunla
hesablaşmadan ölkəsində qəsd təşkil etmişdilər. Bu, təhqiramiz idi, üstəlik, ölkədə çoxları bunu
kralın razılığı ilə edildiyini düşünəcəkdi. Zatən İsraillə sülh bağlamasına görə istər ölkəsində,
istər ərəb dünyasında ona münasibət birmənalı deyildi.
Hüseyn sərt davranmağı qərara aldı. Bununla həm üzərinə düşə biləcək şübhələrdən
qurtulacaqdı, həm də Tel-Əvivə bir daha belə davranmaması üçün dərs verəcəkdi. Dörd nəfərin
gizlənildiyi səfirlik hərbi qüvvələr tərəfindən mühasirəyə alındı. İsrailə bildirildi ki, əgər Meşal
ölərsə, tutulan iki nəfər də edam olunacaq.
“Mossad”ın direktoru Deni Yatom təcili Ammana gələrək vəziyyəti izah etməyə, kralı
yumşaltmağa çalışdı. Amma Hüseyn bildirdi ki, ilk növbədə Meşalın həyatını xilas etmək
lazımdır. Bunun üçün isə yəhudilər İordaniyaya zəhər əleyhinə zərdabı – padzəhr – verməlidirlər.
Meşal ölsə, tutulanlar edam olunacaq, səfirliyə sığınanların çıxmasına da imkan verilməyəcək.
Məsələyə İsrail-İordaniya sülhünün xaç atası sayılan Bill Klinton da qarışdı və Netanyahuya
vəziyyəti xilas etmək üçün bütün addımları atmağı tövsiyə etdi. Baş nazirin göstərişi ilə padzəhr
Ammana aparıldı və həkimlərə verildi.
Netanyahu ölkəsinin Avropa Birliyindəki səfiri, kral Hüseynlə yaxın münasibətlərdə olan Efraim
Halevini tələsik çağırdı. Haleviyə Ammana gedərək agentləri və İordaniya ilə münasibətləri xilas
etmək tapşırıldı. Nazirlər Kabinetinin fövqəladə toplantısında iştirak edən Halevi sonrakı
müsahibələrinin birində deyir:
“İclasda səsləndirilən bütün təkliflər qeyri-aktual idi. Diskussiyanın sonunda bildirdim ki,
İordaniyaya münasibətdə elə addımlar atılmalıdır ki, ərəb dünyası bunu İsrailin iordaniyalılara
kompensasiyası kimi deyil, İordaniyanın gücü kimi interpretasiya etsin”.
Netanyahu ondan nə demək istədiyini soruşanda, Halevi şeyx Əhməd Yasinin və daha bir neçə
nəfər fələstinli dustağın həbsdən buraxılmasının belə bir addım ola biləcəyini deyir. Baş nazir
razılaşmır. Amma ertəsi gün səhər tezdən zəng edərək razı olduğunu deyir və Halevi Ammana
uçur.
Hüseyn onu dərhal qəbul etmir. Nəhayət, qəbul edəndə, şeyx Yasinin azad edilməsinin ona ərəb
dünyasında necə böyük nüfuz qazandıracağını anlayaraq, razılaşır. Amma razılıq səfirliyə
sığınan dörd nəfərə aid idi. Həbs olunan iki nəfərin taleyi Meşalın sağalıb-sağalmamasından
asılı idi.
Halevi dörd agenti özü ilə İsrailə apardı, Əhməd Yasin və daha 70 fələstinli azad edildi. Xalid
Meşal sağalanda həbsdəki iki nəfər də buraxıldı və İsrailə göndərildi. Böhran həll olunsa da,
İsrail-İordaniya münasibətlərində izsiz ötüşmədi. Üstəlik, İsrail-Kanada münasibətləri də
korlandı. İsrail XİN Ottavaya rəsmi üzrxahlıq etdi.
Uğursuz qəsd Xalid Meşalın nüfuzunu xeyli yüksəltdi. Amma az sonra kral Hüseyn HAMAS-ın
bütün qurumlarını və üzvlərini ölkədən çıxardı. Meşal da Qətərdə məskunlaşdı. Efraim Halevi
1998-ci ildə “Mossad”ın direktoru oldu.
Şeyx Əhməd Yasin isə İkinci intifada çərçivəsində HAMAS terroru görünməmiş vüsət aldıqda
2004-cü il martın 22-də Qəzzada helikopterdən endirilən raket zərbəsi ilə öldürüldü.
Amma bütün bunlar sonra oldu və “Sayrus” əməliyyatının İsrail kəşfiyyatının ən ciddi
fiaskolarından biri olması faktını dəyişmədi
Yadigar Sadıqlı
pressklub.az