Sulatan Süleyman və 1-ci şah Təhmasib...

19-12-2023, 17:08           
Sulatan Süleyman və 1-ci şah Təhmasib...
1521-ci ilin sentyabrında Sultan Səlim Yavuz oturacağından çıxan çibanın qana zəhərlənmə verməsi nəticəsində Çorlu adlanan yerdə öldü. 1524 – cü ildə isə 37 yaşında Şah İsmayıl dünyasını dəyişdi. Taxta onun böyük oğlu, 10 yaşlı I Təhmasib çıxdı. İraqi Ərəbin idarəsi Əlqas Mirzəyə, Azərbaycanın idarəsi Bəhram Mirzəyə, İraqi Əcəmin idarəsi isə Sam Mirzəyə həvalə olundu. Təhmasibin azyaşlılığından və Şah İsmayılın ölümündən sonra hakimiyyət boşluğundan istifadə edən David Tiflisi işğal etdi və Borçalını çapıb-taladı. 1525-ci ildə hakimlikdən imtina edən, Şah İsmayılın keçmiş vassalı olmuş David başını qırxtdıraraq monastıra getdi. Onun yerinə qardaşı Georgi hakimlik etməyə başlasa da, iki ildən sonra Davidin oğlu Luarsab qaynatası, İmeret çarı III Baqratın köməyilə Georgini hakimiyyətdən uzaqlaşdırıldı. Başı Osmanlı və Özbək hücumlarının dəf edilməsinə qarışan qızılbaşlar gürcü hakimlərinin bu özbaşınalıqlarına göz yumurdular.
Osmanlı sultanı I Süleyman azyaşlı Təhmasibi tez-tez müharibəyə təhrik edirdi. O, Təhmasibə yazırdı : «Sənin rəhmətlik və cənnətlik atan Şah İsmayıl mənim atamla müharibə etdi.Sən də şücaət iddiası edirsənsə, gəl vuruşaq». Şah Təhmasib isə Sultan Süleymana savabında yazırdı : «Allah bizə kafirlərlə müharibədə belə təhlükəyə düşməyi qadağan edir, mən iki müsəlman ordusu arasında müharibəyə necə fitva verim?». Osmanlı ilə müharibədən çəkinən Şah Təhmasib, onu Avropada yürüşdə olan I Süleymana arxadan zərbə vurmağı məsləhət görən bitlisli Dəli Yadigar Pujəkiyə belə savab vermişdi : «Həzrət Xandigarın (xotkar Osmanlı sultanlarına deyilirdi) adamları Firəng (Avropa) tərəfə din uğrunda döyüşə getmişdir. Biz onun ölkəsinə getsək, işimiz irəli getməyəcəkdir. Əgər o mənim qardaşımı və uşağımı öldürsə belə, kafirlərlə din uğrunda döyüşə getdiyi üçün onun ölkəsinə getmərəm.Dinimi dünyaya satmaram». Şah Təhmasib digər Türk hökmdarı – Özbək xanı Übeydlə də müharibə etmək istəmirdi. O yuxusunda göydə üç aypara gördükdən sonra öz yuxusunu belə yozmuşdu : Qərbdəki aypara Osmanlı, ortadakı aypara Səfəvilər, şərqdəki aypara isə Özbək dövlətini təmsil edir. Lakin özbəklərin Heratı dağıdaraq, qətllər törətməsi, səbirli Şah Təhmasibi özündən çıxartdı. Şah Təhmasibin özbəklərlə başının qarışmasından istifadə edən Osmanlı sultanı Təbrizi tutub dağıtmışdı. Osmanlı sultanı I Süleyman Qanuni 1534-cü il sentyabrın 27-də Təbrizi tutaraq əhaliyə qanlı divan tutdu. Təbrizin dağıdılması Şah Təhmasibə çox pis təsir etdi. Oktyabrın 13-də Dəli Məhəmmədin başçılıq etdiyi Qızılbaş ordusu Osmanlı ordusunu haqlayaraq onları darmadağın etdi. Osmanlı ordusu 40 min atlı, 70 min piyada itki verdi. Qızılbaşların Osmanlı təcavüzünə qarşı apardıqları ağır savaşlar əslində Oruc bəy Bayatın dili ilə desək « öz ağalarını və dinlərini tez-tez dəyişən gürcü knyazlarının» işinə yarayırdı. 1535-ci ildə Osmanlının himayə etdiyi İmeret hakimi III Baqrat və onun kürəkəni, özünü Kartli «eristavı» elan etmiş Luarsabın dəstələri Borçalını, Ahıskanı tutub dağıtdılar. Əhali gürcü hakimlərinin özbaşınalığına son qoymaq məqsədilə Qarabağda olan Şah Təhmasibə müraciət etdi. 1541-ci ildə Şah Təhmasib Borçalıya gəldi.Tiflis yenidən qızılbaşların ixtiyarına keçdi. Ahıska atabəyi III Keyxosrov Şah Təhmasibdən kömək istədi. 1545-ci ildə III Baqrat və Luarsabın dəstələri Soxoist düzənliyindəki döyüşdə darmadağın edildi. III Baqrat şahdan aman dilədi. 1547-ci ildə Borçalı və Ahıska üzərində tam nəzarəti bərpa edən Şah Təhmasib Həsən bəyi bölgəyə hakim təyin edərək, Qəzvinə döndü. Şah Təhmasibin getməsindən istifadə edən xain III Baqrat Osmanlıdan kömək alaraq Həsən bəyi öldürtdürdü, Ahıskanı dağıdaraq III Keyxosrovu əsir tutdu. Lakin Osmanlı sərkərdəsi, III Baqrata III Keyxosrovu öldürtməyə imkan vermədi.
III Baqratın xəyanətindən xəbər tutan Şah Təhmasib ikinci dəfə Azərbaycanın şimal – qərb torpaqlarını düşmənlərdən təmizləmək üçün yürüşə çıxdı. Yanvarın soyuğunda buzlamış Kür çayından keçən qızılbaş orduları Şuragölə, oradan da ərzində Borçalıya çatdı. Qaxet hakimi Levan və xəyanətkar III Baqrat Şah Təhmasibdən aman dilədilər. Onlar Ahıskanı da azad etmək istəyən Şah Təhmasibə sədaqətlə qulluq edəcəklərinə and içdilər. Havanın şaxtalı olmasına və bütün keçidlərin qalın qarla örtülməsinə baxmayaraq Şah Təhmasib Ahıskanı da ələ keçirdi. Oradan Bərdəyə dönən Şah Təhmasib, yolda III Baqrata Imeretiyaya qayıtmağa icazə verdi. Gəncəyə çatdıqda şah Levanı da III Baqrat kimi bahalı hədiyyələrlə Qaxetə yola saldı.
Mövqeyini getdikcə daha da möhkəmləndirən Şah I Təhmasib Azərbaycanın vahid dövlətdə birləşdirilməsi prosesini davam etdirirdi. 1538 – ci ildə Şirvanın müstəqilliyinə son qoyan Şah Təhmasib 1551-ci ildə Şəkini Səfəvi Azərbaycan dövlətinə birləşdirildi. Toyğun bəy Qacar Şəki hakimi təyin edildi. Hökmdarın Şəkidə olmasını eşidən Ahıska atabəyi III Keyxosrov «Kartli eristavı» Luarsab, özlərini Loru hakimi elan etmiş Şərmazan və Pəmbək hakimi elan etmiş Vaxuştidən şikayət etdi. Şah Təhmasib məktubunda atabəy bu şəxslər tərəfindən torpaqlarının qarət olunmasını və Ərzurum bəylərbəyi Iskəndər paşanın Artanuc qalasını mühasirə etdiyini bildirirdi. Atabəyin məktubu Şah Təhmasibi üçüncü dəfə Borçalı və ona bitişik bölgələrə yürüşə çıxmağa vadar etdi. Osmanlılır isə Ahıskaya ordu yeritdilər. Bu Luarsabı və ona qoşulan knyazları daha da cəsarətləndirdi. Onlar Şah Təhmasibin tabe olma əmrini rədd etdilər. Qori qalasını tutan Şah Təhmasib Luarsabın Qoridə gizələnən anasını əsir tutduğu 30 min gürcü ilə Tiflisə gətirtdi. Luarsab və oyuncaq hakimlər tərəfinə keçmiş gürcü knyazları qaçıb əlçatmaz Vardzi qalasında gizləndilər. Şah Təhmasib Şahverdi Ziyadoğlu Qacarla Nadir xan Ustaclının başçılıq etdiyi iki dəstəni onlara qarşı göndərdi. Alınmaz hesab edilməsinə baxmayaraq, qala qızılbaşlar tərəfindən tutuldu. Qalada gizlənmiş knyazlar Şah Təhmasibin qarşısında diz çökdülər. Şah Təhmasib müsəlmanlara divan tutmaqları ilə «ad çıxartmış» Loru - Pəmbək «hakimlərini» - Şərmazan və Vaxuştini edam etdirdi. Borçalının, o cümlədən Ağcaqala, Loru və Pəmbəyin idarəsi atabəy III Keyxosrova həvalə olundu. Borçalıdan Qarabağa dönən Şah Təhmasib qışı burada keçirtdi.
Osmanlı – Qızılbaş savaşları isə hələ də davam edirdi. 1554-cü ildə artıq dördüncü dəfə Azərbaycana yürüş edən Sultan Süleyman Naxçıvandan geri qayıtmağa məcbur oldu. Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görən Sultan Süleyman 1555-ci il mayın 29-da Amasya sülhünü bağlamağa məcbur oldu. Sülh müqaviləsinə görə, Şəhrizor, Van ətrafı, Imeret, Meqrel Osmanlı dövlətində, Borçalı və Ahıskanın şərq hissəsi isə Səfəvilərdə qaldı.
1556-cı ildə Şah Təhmasib Qarabağ bəylərbəyi Şahverdi xan Qacara dikbaş Luarsabı cəzalandırmağı əmr etdi. Luarsab ele ilk döyüşdəcə öldürüldü. Gürcü knyazları onun yerinə oğlu Simonu hakim seçdilər. O, Qaxet hakimi, bir neçə dəfə Şah Təhmasibə biət etmiş Levanın qızı ilə evlənmişdi. 1561-ci ildə Tiflisdəki azsaylı qızılbaş qarnizonu üzərinə hücum təşkil edən Simon, kömək üçün qaynatasına müraciət etdi. Xəyanətkar Levan oğlu Georginin başçılıq etdiyi dəstəni Simona köməyə göndərdi. Tiflis kənarında birləşən müttəfiqlər basqına hazırlıq görməyə başladılar. Bundan xəbər tutan Qarabağ bəylərbəyi Şahverdi xan Qacar Tiflis istiqamətində yürüşə çıxdı. Parsadan Qorcanidzenin yazdığına görə «o hücumdan əvvəl öz qoşununa belə bir müraciət etdi : Biabırçılıqla ölməkdənsə,var gücümüzlə döyüşərək savaşda ölək! Hamı dedi: Yaxşı. Bir yerdə «Allah,Allah» deyə hayqıran qızılbaşlar, siyirməqılınc döyüşə atıldılar». Ilk həmlədə Levanın oğlu Georginin öldürüldüyünü görən qaxetinlər, onların ardınca da Simon qaçdılar. Qələbə qazanan qızılbaşlar Tiflisə daxil oldular. Gecə də olsa Tiflis əhalisi onları sevinclə qarşıladı.
Simonun kiçik qardaşı David Borçalı əsilzadələrinin müşayiəti ilə Şah Təhmasibin yanına yollandı. Onları Qəzvində böyük hörmətlə qarşılayan şah, Davidi müsəlman etdirərək, oğulluğa götürdü. David, Davud Vali adı ilə mərkəzi Tiflis olmaqla Borçalıya (mənbələrdə Dmanis, Loru, Tiflis, Qars) hakim təyin elədi. Mənbələrin verdiyi məlumatlara görə Davud Vali və onu müşayiət edən Borçalı əsilzadələrinə şah xəzinəsindən 9 min tümən ayrıldı. Şah Təhmasib, Davud Valini Xülafə bəy Qaramanlı ilə birlikdə Tiflisə göndərdi. Daha da azğınlaşmış Simon Borçalını çapıb-talasa da Tiflisi tuta bilmirdi. Davud Vali, Borçalıdan və Tiflisin şəhər əhalisindən topladığı qoşunla Simonun üzərinə yeridi. Simona qoşulanların sayının çox olduğunu görən Davud Vali qorçubaşı Xülafə bəy Qaramanlıya döyüşə girmədən Tiflis qalasına çəkilməyi məsləhət gördü. Döyüş meydanından qaçmağı özünə sığışdırmayan qızılbaş ərəni azsaylı dəstəsi ilə düşmən üzərinə yeridi. Parsadan Qorcanidzenin yazdığına görə «o şiddətlə döyüşərək, rəqiblərinə böyük xətər yetirdi». Lakin qeyri-bərabər döyüşdə kiçik qızılbaş dəstəsi, başçıları Xülafə bəy Qaramanlı ilə birlikdə şəhid oldular.
Bu barədə Şah Təhmasibə məlumat verən Davud Vali, ondan kömək istədi. Parsadan Qorcanidze yazır : «1569 – cu ildə şahın əmrilə Davud Valinin köməyinə Həsən bəy Qaramanlının və Azərbaycan ordusuna komandan təyin edilən Şəki hakimi Çərkəz Sultanın başçılığı ilə ordu göndərildi». Orduya bələdçiliyi Kaxaber Korqanişvili edirdi. Döyüş vaxtı Simonu şəxsən tanıyan bələdçi, onun qaçdığını görüb, qızılbaşlara nişan verdi. Qızılbaşlar tərəfində vuruşan başqa bir gürcü əsilzadəsi isə nizəsi ilə Simonu atdan vurub saldı. Əsir tutulan Simon Qəzvinə, Şah Təhmasibin hüzuruna göndərildi.Əvvəlcə tərəddüd etsə də, az sonra Simon Islam dinin qəbul etdi.
1576 – cı ildə Səfəvilər dövlətini ən uzun müddət etmiş Şah I Təhmasib vəfat etdi. Taxta onun oğlu II İsmayıl çıxdı. II İsmayıl məscidlərdə sünnü-şiə ixtilafını qızışdıran moizələrin söylənməsini qadağan etdi. 1577-ci ildə o saray adamları tərəfindən zəhərlənərək, öldürüldü. 1578 – ci ildə taxta Məhəmməd Xudabəndə(1578-1587) çıxdı. Səfəvilər dövlətindəki hakimiyyət dəyişikliyindən istifadə edən Osmanlı sultanı III Murad qızılbaşlara qarşı yeni müharibəyə (1578 – 1590) başladı.
Kərəm Hətəmoğlu Məmmədli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.