DEV CÜSSƏLI, UŞAQ QƏLBLI DEV JURNALIST
21-05-2024, 00:09
Rəşad Rüstəmovun doğum və anım gününə...
İstedadlı qələm sahibi, nüfuzlu və dürüst jurnalist, tarixçi və nasir, uşaq qəlbli pəhləvan və dostum Rəşad Rüstəmovun ölüm xəbəri sarsıtdı məni.
Rəşadla 25-26 il öncə, Bakı Mətbuat Klubunda tanış olmuşduq. O klubun monitorinq layihəsində işləyirdi və fürsət düşən kimi Elmar Hüseynovun "Monitor" jurnalının oxucusu olduğunu dedi.
Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçinin maaşı nəyə çatar? Mən "Реальный Азебайджан"la əməkdaşlığa başlayandan sonra Rəşadı Eynulla Fətullayevlə tanış elədim, qələmini sınayıb müxbir götürdülər, qısa zamanda özünü təsdiqlədi, ciddi sosial mövzulara girişdi.
"Реальный" qəzetində işləyəndə yazılarının çoxusunu babasının adı - „Mahmud Suanlı“ təxəllüsüylə imzalayırdı ki, AMEA Tarix İnstitutunda işdən çıxarmasınlar.
2007-də Eynulla Fətullayev həbs olunandan, “Реальный Азербайджан” bağlanandan sonra bütün əməkdaşları Milii Təhlükəsizilik Nazirliyinə, istintaqa şahid qismində cəlb elədilər. Rəşaddan başqa – onun heç yerdə, heç bir kağızda adı yox idi, məqalələrində də təxəllüs. Yaxşı yadımdadır ki, istintaqa çağrılanda məni ən çox qayğılandıran Rəşadın sirrinin - bizim redaksiyada işləməsinin üstünün açılmaması idi.
Ona görə cavan müstəntiq məndən:
- Sizin rus redaksiyasında neçə adam işləyirdi? Vəzifələri, adları nə idi? – soruşanda, gözümü də qırpmadan, böyüklərin “Fincanı kim sındırıb?” sualına cavab verən beş yaşlı uşaq səmimiliyi ilə bir nəfəri – Rəşadı ümumi saydan çıxıb:
- Beş nəfər, - dedim.
Şahid ifadəsinin sonunda cavab vermədiyim başqa sualla bağlı intintaq qrupunun rəisi məni hədələyəndə, səsini ucaldanda, yumruğunu masaya çırpanda:
- Hamısını deməlisiniz! Bizimlə əməkdaşlıq eləməlisiniz! – deyəndə, eyni uşaq səmimiyyətiylə:
- Əməkdaşlıq edirəm, hamısını deyirəm. Daha nə deyim?
“Səmimiliyim” nə dərəcədə inandırıcı idi, bilmirəm, MTN-dəki bu dopros ayrı, xeyli uzun söhbətin mövzusudur, yazacam hələ. Amma Rəşadın adını çəkib institutda işdən çıxarılmasının baisi heç cür ola bilməzdim.
Çingiz Sultansoy
TEREF