İslamı qəbul etmiş milyonçunun rus xanımı
17-02-2025, 17:04

Şəmsi Əsədullayev. Azərbaycanda və Rusiya imperiyası sərhədləri daxilində Nobel qardaşlarının bir nömrəli rəqibi olaraq məşhur idi. Nobel qardaşlarının şirkətləri olan şəhərlərdə onlarla yanaşı şirkət açır, onlardan ucuz neft satır və neft daşımaları edirdi. Onun nəvəsi, Bakıda və Parisdə yazıb-yaratmış azərbaycanlı yazıçı Banin (Əsədullayeva Ümmülbanu) idi.
Əsədullayev iki dəfə evli olub, birincisi xanımı Meyransa xanımı Azərbaycanlı idi və ondan beş övladı olub.
İkinci xanımı isə Rusiyada çar ailəsinə yaxın olan senatorun qızı Mariya Petrovna idi.
Lakin Rusiya imperiyasının qanunları pravoslavlarla müsəlmanlar arasında nikahlara icazə vermirdi. Digər xristian məzhəblərinin nümayəndələrindən yalnız protestantlara müsəlmanla rəsmi nikah bağlamağa icazə verilirdi. Mariya Petrovna Əsədullayevin ölümündən sonra Meyransa xanım və övladlarının vərəsəlik uğrunda məhkəməsi zamanı sənədlər təqdim edib ki hələ 1906-cı ildə İslamı qəbul edib və o vaxt Şəmsi Əsədullayev birinci ailəsindən boşanmış idi..
Rusiya imperiyası dövründə 1-ci gildiya tacirinin həyat yoldaşı olaraq Mariya Əsədullayeva Moskva cəmiyyətində ərinin statusuna uyğun yer tutmağı bacardı. Varlı moskvalılar arasında adət olduğu kimi, o, xeyriyyə işləri ilə məşğul idi və evsiz uşaqlara kömək edən cəmiyyətin üzvü idi. Mariya Petrovnanın sayəsində Əsədullayevin Vozdvijenkadakı evi ictimai qəbullar, şam yeməyi və şənliklər üçün bir yerə çevrilmiş idi. Onların övladları yox idi, ona görə də kolleclərin, uşaq evlərinin və məktəblərin tikintisinə nəhəng vəsait ayıraraq, uşaqlara və istedadlı gənclərə mümkün qədər kömək etməyə çalışırdılar.
Xeyirxah əməllərinə görə Ağa Şəmsinin adı “Romanovlar evinin hakimiyyətinin 300 illiyi” adlı yubiley nəşrində çəkilib. 1913-cü ildə iki cilddə nəşr olunan nəşrdə təkcə hökmranlıq edən sülalənin tarixi deyil, həm də o dövrün Rusiya imperiyasının ən görkəmli şəxsiyyətləri haqqında məlumatlar yer alırdı. Bununla belə, Ağa Şəmsi Əsədullayev faktiki olaraq nəşrdə həyat yoldaşı ilə birlikdə adı keçən yeganə məşhur şəxsdir:
Qeydlərdə yazılır ki, Mariya Petrovna təkcə heyrətamiz görünüşü ilə deyil, həm də güclü xarakteri ilə seçilirdi. Ərinin ölümündən sonra 1917-ci ilə qədər Mirzə və Əli Əsədullayevlərlə birlikdə neft şirkətinə rəhbərlik etmişdir.
Bəzi qeydlərə görə Mariya sonradan ailə qurmuş, bəzilərinə görə Rusiyadan Avropa ölkələrinin birinə köçmüş, bəzilərinə görə isə biznesi atıb sakit həyat yaşamışdır.
Əsədullayevin dul arvadının Vozdvijenkadakı evi Oktyabr inqilabından sonra milliləşdirildi və ailənin əlindən alındı
Zaur Aliyev, dosent
.