“Paketi təslim aldıq”: Öcalanın həbsi və 26 il əvvəlin kəşfiyyat sirləri

16-02-2025, 10:14           
“Paketi təslim aldıq”: Öcalanın həbsi və 26 il əvvəlin kəşfiyyat sirləri
Dünya paytaxtlarının imtina etdiyi, hava limanlarında qalan “Apo” Türkiyəyə necə gətirildi?

16 fevral 1999-cu il, Türkiyənin baş naziri Bülent Ecevit, 25 il əvvəl Kiprə hərbi müdaxilə günündə olduğu kimi, yenə də dünyanın bütün xəbər agentliklərinin baş personajına çevrilir. Onun səsləndirdiyi “Bu sabaha karşı saat 03.00'ten itibaren bölücü terör örgütü PKK'nın başı Abdullah Öcalan Türkiye'dedir” xəbəri dünya mətbuatının manşetinə düşür.

***

Öz iddiasına görə, anası türk, atası kürd olan Abdullah Öcalanın doğum ili dəqiq məlum deyil. 1947, 1948 və 1949-cu illər göstərilir. O, Urfa vilayətinin Ömərli kəndində anadan olub. 1971-ci ildə İstanbul universitetinin hüquq fakültəsinə daxil oldu, amma buradan Ankara universitetinin politologiya fakültəsinə keçdi. Paytaxtda sol görüşləri mənimsəyən Abdullah tələbələr arasında marksist mətnlər paylaşdığına görə 1972-ci ilin aprelində tutuldu və yeddi ayını həbsdə keçirdi. Təhsili də yarımçıq qaldı.

Həbsdən çıxan Öcalan sol görüşlərini saxlamaqla, kürdlərin yaşadığı ərazilərin Türkiyədən ayrılması istiqamətində fəaliyyət göstərdi. O, 1978-ci ilin noyabrında həmfikirləri ilə birlikdə Kürdüstan Fəhlə Partiyasını (Partiya Karkeren Kurdistane, PKK) yaradı. 1980-ci il hərbi çevrilişindən sonra partiyanın, demək olar, bütün liderləri həbs olundu, Abdulla Öcalandan başqa. O, 1979-cu ilin yayından Suriyada yaşayırdı.

PKK əvvəlcə Türkiyədəki sağ-sol toqquşmalarına qoşuldu. Bir ara maoçu “Halk Kurtuluşu” adlı sol təşkilatla da döyüşdü. Hərbi çevrilişdən sonra isə SSRİ-dən və Suriyadan dəstək alaraq, 1984-cü ildə Türkiyə dövlətinə qarşı silahlı mübarizəyə başladı. Bu mübarizə onminlərlə mülki şəxsin, o cümlədən qadın və uşaqların həyatı bahasına başa gəldi. Bu zaman Əsəd rejiminin qan uddurduğu Suriya kürdlərinin taleyi nədənsə Öcalanı maraqlandırmadı.

Arada bəzi ölkələrə qısamüddətli səfərləri nəzərə alınmasa, Apo 20 ilə yaxın müddətdə Suriyada yaşadı. Əlbəttə, belə vəziyyət Hatay üzündən onilliklərdir ki, soyuq olan Ankara-Dəməşq münasibətlərinin düşmənçilik həddinə çatmasına səbəb oldu. Amma Suriya SSRİ-nin çətiri altında olduğu üçün bir müddət Türkiyənin əli-qolu bağlı idi. Hətta baş nazir Turqut Özalın 1987-ci ildə Suriyaya səfəri də münasibətlərə ciddi töhfə vermədi.

1990-cı illərin əvvəllərində vəziyyət dəyişdi. SSRİ süqut edirdi və Hafiz Əsəd Qərb ölkələri ilə yaxınlaşma yolunu seçdi. Suriya İraqa qarşı “Səhrada fırtına” əməliyyatı zamanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya ciddi dəstək verdi. 1993-cü ildə Suriyaya qarşı sanksiyaları yumşaldan Bill Klinton növbəti ildə iki dəfə Hafiz Əsədlə görüşdü. Birinci görüş yanvarda Cenevrədə baş tutdu. Oktyabrda isə Klinton Dəməşqə səfər etdi.

Mülayimləşməyə baxmayaraq, Vaşinqton Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarmadı. Bunun da bir neçə səbəbi vardı: Suriyanın vətəndaş müharibəsi bitdiyi halda Livandan qoşunlarını çıxarmaması, İranla yaxınlıq, İsraillə sülh danışıqlarını dayandırması və Hizbullaha dəstək kimi amillərlə yanaşı, Abdulla Öcalana sığınacaq verməsi və ABŞ-nin, AB-nin terror təşkilatı kimi tanıdığı PKK üçün təlim bazaları yaratması idi.

Türkiyə Suriya-ABŞ münasibətlərindəki nisbi normallaşmanı bir müddət izlədi və prosesin Dəməşqin PKK-ya dəstəyini dayandıracağına qədər inkişaf edəcəyinə ümid bəslədi. Amma 1990-cı illərin sonlarına doğru məlum oldu ki, Hafiz Əsəd öz siyasətində o qədər korrektələr etmək niyyətində deyil. Ankara da hərəkətə keçməyi qərara aldı. Milli Təhlükəsizlik Şurasının 1998-ci ilin sentyabrında keçirilən iclasında Öcalanın Suriyadan çıxarılmasına nail olmaq barədə qərar qəbul edildi.

Suriyanı hədələyən ilk bəyanat hərbçidən gəldi. Yenicə Quru Qoşunları komandanı təyin olunmuş orgeneral Atilla Ateş 1998-ci ilin sentyabrın 16-da Suriya sərhədləri yaxınlığında, Hatayda verdiyi bəyanatda Türkiyəyə qarşı hər fəsadın altından Suriyanın çıxdığını söyləyərək, Əsəd rejiminə türklərin səbrini daşdırmamağı məsləhət gördü.

Az sonra siyasətçilər öz mövqelərini ortaya qoydular. Prezident Süleyman Dəmirəl oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisində “Tüm uyarılarımıza ve barışçı açılımlarımıza rağmen hasmane tutumundan vazgeçmeyen Suriye'ye karşı mukabelede bulunma hakkımızı saklı tuttuğumuzu ve sabrımızın taşmak üzere olduğunu bir kere daha dünyaya ilan ediyorum” söylədi. Bu bəyanatlar Suriya sərhədinə hərbi kontingentin toplanması ilə müşayiət olunurdu.

Hər iki dövlətlə yaxşı münasibətləri olan Misir prezidenti Hüsnü Mübarək vasitəçilik missiyası ilə Ankaraya gəldi və şahid oldu ki, türkləri durdurmaq üçün yalnız bir yol var: Öcalan Suriyadan çıxarılmalıdır. Ankaradan Dəməşqə uçan Mübarək gəldiyi qənaəti Hafiz Əsədlə bölüşdü və inad etməməyi məsləhət gördü.

Suriyanın daha SSRİ kimi hamisi yox idi. Girdiyi bütün savaşlarda məğlub olan ordusu isə döyüş qabiliyyətindənsə çevriliş bacarığı ilə məşhur idi və türk ordusuna müqavimət göstərəcəyi real deyildi. Əhali də Əsəd rejiminə böyük məhəbbət bəsləmirdi. Üstəlik, Vaşinqtonun Türkiyəni durdurmayacağı aydın idi. Hafiz Əsədin seçim imkanları geniş deyildi və Abdullah Öcalan oktyabrın 9-da Suriyadan çıxarıldı.


Oktyabrın 20-də isə Türkiyə və Suriya arasında Adana müqaviləsi imzalandı. Sənədə əsasən Suriya PKK-nı terror təşkilatı kimi tanıyır, təşkilat üzvlərinin ölkə ərazisinə girişini qadağan edir və onlara hər hansı bir dəstək verməməyi öhdəsinə götürürdü. Bu öhdəliklər yerinə yetirilməzdisə, Türkiyənin 5 kilometrə qədər Suriya ərazisinə daxil olmaq və təhlükəsizlik zonası yaratmaq hüququ vardı.

***

Suriyadan çıxan Abdullan Öcalan isə Abdullah Sarıkurt adına saxta pasportla sərnişin təyyarəsində Türkiyənin qeyri-dost münasibətdə olduğu başqa bir ölkəyə, Yunanıstana üz tutdu. Amma burada onu hava limanından uzağa buraxmadılar. Afina Türkiyə ilə onsuz da gərgin münasibətləri daha da gərginləşdirmək istəmədi.

Elinikon hava limanında 6 saat qalan Öcalan yunan hökumətinin verdiyi xüsusi təyyarə ilə Moskvaya uçdu və Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski onu qarşılayaraq, partiyadaşı Mitrofanovun bağ evinə apardı. Apo siyasi sığınacaq almaq üçün Rusiya hökumətinə müraciət etdi.

Rusiya Dövlət Duması Jirinovskinin təşəbbüsü ilə məsələni müzakirə etdi və böyük səs çoxluğu ilə Öcalana siyasi sığınacaq verilməsi haqda prezident Boris Yeltsinə müraciət etdi. Amma hökumət reaksiya vermədi. Mitrofanovun dediyinə görə, xüsusilə baş nazir Yevgeni Primakov PKK liderinə sığınacaq verilməsinin qəti əleyhinə idi.

Bu addım çox mühüm Rusiya-Türkiyə iqtisadi münasibətlərini sarsıda bilərdi. Məsələn, iki ölkə 1997-ci ildə “Mavi axın” qaz kəmərinin çəkilməsi barədə razılığa gəlmişdilər. 2000-2025-ci illərdə Türkiyəyə 365 milyard kubmetr qaz satmaq nəzərdə tutulurdu. İqtisadi vəziyyəti bərbad olan Rusiya bu çox mühüm layihəni təhlükəyə ata bilməzdi. Noyabrın 4-də Öcalana bildirildi ki, qısa müddətdə ölkəni tərk etməlidir.

Noyabrın 12-də “Aeroflot”un sərnişin təyyarəsi ilə Romaya gələn Apo yoxlamadan keçərkən özü etiraf etdi ki, pasportu saxtadır və İtaliyaya sığınacaq almaq üçün gəlib. İtaliya polisi Öcalanı həbs etdi və təhvil vermək üçün... Almaniyaya müraciət etdi. Belə ki, Almaniya solçu Kürşat Timuroğlunun 1986-cı ildə Hamburqda PKK üzvü tərəfindən öldürülməsinin sifarişçisi kimi Öcalanı axtarışa vermişdi. Amma Berlin kürdlərin reaksiyasından çəkinərək, Öcalanı istəmədi.

Bu vaxt Ankara PKK liderinin harada olmasından xəbərsiz idi və onun Romada həbs edilməsini məhz Almaniyadan öyrəndi. Xəbər sızma idi, yoxsa sızdırılma, söyləmək çətindir.

Aponun İtaliyada həbs olunması xəbəri türklərdə böyük coşqu yaratdı. İnsanlar onun Türkiyəyə veriləcəyi əminliyi ilə küçələrə çıxaraq bayram edirdilər. Amma sevinc tezliklə məyusluqla əvəz olundu: Roma edam cəzasının olduğu ölkəyə kiminsə verilməsini İtaliya konstitusiyasına zidd olduğunu bildirdi. Öcalan azad edildi və sol görüşlü siyasətçilərə aid malikanədə yerləşdirildi. Türkiyədəki sevinc aksiyaları İtaliya əleyhinə nümayişlər, italyan mallarına boykot çağırışları ilə əvəz olundu.

İtaliya kommunist görüşlərin güclü olduğu Qərb ölkələrindən biri idi. Hətta həmin vaxt baş nazir vəzifəsini tutan Massimo D’Alema da bir vaxtlar Kommunist partiyasının üzvü olmuşdu. Buna görə də Ankara Öcalana sığınacaq verilməsi ehtimalını yüksək qiymətləndirir və bundan ciddi əndişə keçirirdi.

Amma bu narahatlıq əsassız idi, Apo toksik fiqura çevrilmişdi. Hətta “Human Rights Watch” təşkilatı İtaliya hökumətinə müraciət edərək PKK liderinin insanlıq əleyhinə cinayətlər üzündən mühakimə olunmasını istədi (edam cəzasının olduğu Türkiyəyə verilməməsini isə alqışladı). Lakin Roma da PKK tərəfdarlarının hədəfi olmaq istəmədi. Sadəcə Öcalanın sığınacaq müraciəti rədd edildi və ölkədən çıxması istənildi.

Böyük seçim imkanları olmayan Apo yanvarın 16-da yenidən Rusiyaya gəldi. Hökumət bu dəfə də onu xoş qarşılamadı və ölkəni tərk etməsi üçün 10 gün vaxt verdi. Yanvarın 25-də Rusiyaya rəsmi səfərə gələn ABŞ dövlət katibi Madlen Olbrayt da danışıqlar zamanı Öcalana sığınacaq verilməsinin yolverilməz olduğunu rusların diqqətinə çatdırdı.

PKK lideri yanvarın 29-da yenidən Afinada peyda oldu. O, tanınmış şairə Vula Damianakunun evində qaldı. Sonrakı günlər Belarus və Niderlandda getmək cəhdləri alınmadı. Minsk və Rotterdam hava limanları eniş icazəsi vermədilər və təyyarə Afinaya qayıtdı. Bütün dünyada Öcalanı gözləyən və məmnuniyyətlə qarşılayacaq yalnız bir ölkə vardı: Türkiyə.

Yunanlar isə birinci dəfə sərgilədikləri “hara gedirsən get, şərini bizdən uzaq elə” yanaşmasından fərqli davrandılar. Ona sığınacaq tapmağa çalışdılar. O zaman xarici işlər naziri olmuş Teodoros Panqalosun məşhur türk jurnalist Mehmet Ali Birandın “32. Gün. Son darbe: 28 şubat” araşdırma verilişinə söylədiyinə görə, CAR prezidenti Nelson Mandela Aponu qəbul etməyə razılıq verir.

Ancaq Yunanıstanın Lazaros Mavros adına saxta pasport verdiyi Öcalanın və daha iki PKK üzvünün uçduğu özəl təyyarə yanacaq dolduracağı Keniya paytaxtı Nayrobiyə yaxınlaşanda Mandela Vaşinqtonun təzyiqi ilə fikrini dəyişir. Yunanlar nə edəcəklərini düşünənə qədər Öcalanı Keniyadakı yunan səfirliyində saxlamalı oldular. 1999-cu il fevralın 2-i idi.

ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin (CIA) sənədlərində isə Mandelanın Öcalanı qəbul etməyə razılıq verməsi barədə bir söz deyilmir. Bu sənədlərə görə, yunanlar özləri Nayrobini Apo üçün müvəqqəti sığınacaq seçmişdilər: daimi məskən tapana qədər. Öcalan məsələsi yunan siyasi elitasında, xüsusən də kəşfiyyatında (EYP) fikir ayrılığı yaradır.

Öcalanın ölkəyə girişindən Keniya hakimiyyət orqanlarının da xəbəri yox idi. Amma belə vəziyyət uzun sürmədi. ABŞ dövlət departamenti Keniya hakimiyyətini, CIA isə Türkiyə kəşfiyyatını (MİT) xəbərdar etdi. CIA əslində Öcalanın oğurlanması əməliyyatını hazır surətdə türklərə təqdim etdi və MİT sadəcə onu dəqiq yerinə yetirməli idi. Planda əməliyyatda neçə nəfərin iştirak etməsi, onların arasında mütləq həkimin olması, həmin həkimin çantasında hansı dərmanların olması belə əksini tapmışdı.

Türklər iş adamı Cavit Çağlara məxsus “Falcon 900-B” təyyarəsini icarəyə götürdülər və amerikalılardan xəbər gözlədilər. Xəbər isə xeyli gecikdi. Sonralar məlum olacaq ki, Öcalanı müşayiət edən EYP əməkdaşı Savas Kalenteridis həm Afinadan gələn əmrlərə, həm Nayrobidən təzyiqlərə müqavimət göstərərək PKK liderini səfirlikdən çıxarmaqdan imtina edir.

Nəhayət, fevralın 15-də Öcalan səfirlikdən çıxarıldı. O, guya Niderlanda uçacaqdı, çünki daha əvvəl sığınacaq üçün bu ölkəyə müraciət etmişdi. Yəqin ki, amerikalıların təlimatlandırdığı keniyalılar Aponun səfirlik maşınında aparılmasına razı olmadılar və öz maşınlarını təqdim etdilər. Öcalan öndəki maşına, silahdaşları isə arxadakı maşına oturuldular. Hava limanına yaxınlaşanda Öcalanın olduğu maşın buraxıldı, arxadakıların isə yolu kəsildi.

PKK lideri hava limanının ucqar yerində saxlanılmış özəl təyyarənin qarşısında düşürüldü və “o təyyarə ilə uçacaqsan” deyildi. Öcalanı trapın yanında sarışın MİT əməkdaşı qarşıladı və ingiliscə salamladı. Pillələri qalxıb təyyarəyə minəndə isə üç cüssəli adam üzərinə atılaraq hərəkət imkanından məhrum etdi. Hər hansı sürprizə, məsələn, zəhər içərək intihar etməsinə yol vermək olmazdı.

Havaya qalxandan sonra təyyarədəkilər MİT müstəşarı Şenkal Atasaguna zəng etdilər və “paketi təslim aldıq” dedilər. Atasagun Türkiyə hava məkanına daxil olanda bir daha zəng etməyi tapşırdı.

1999-cu il fevralın 16-da gecə saat 3-də təyyarə Türkiyəyə ərazisinə daxil oldu. Bu barədə Atasaguna məlumat verən MİT əməkdaşları Öcalana da “Abdullah Öcalan, memlekete hoş geldin” söylədilər. PKK lideri buna “Ben ülkemi severim. Annem de türk'tü. Bir hizmet imkanım olursa yaparım” cavabını verdi. Dörd aydan çox sürən təqib başa çatdı.

***


Mərmərə dənizindəki İmralı adasında saxlanılan Öcalan üzərində məhkəmə elə burada mayın 31-də başladı. 1999-cu il iyunun 29-da isə Abdullah Öcalan edam cəzasına məhkum edildi. Dinc dövrdə törədilən cinayətlərə görə ölüm hökmünün 2002-ci ildə ləğv olunması ilə Aponun cəzası da ömürlük həbslə əvəz edildi. O, indi də İmralıda saxlanılır.
Yadigar Sadıqlı
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.