Generalların üsyanı, faşistlərlə vuruşub, Berlində qətlə yetirilən bəy oğlu – GİZLƏDİLMİŞ TARİX
Bu gün, 16:18

Cahangir bəy Kazımbəylinin azadlıq və istiqlal savaşı
Tarixi, uzun illər gizlədilmiş tariximizi vərəqləyib, lap altda qalan səhifələri üzə çıxardıqca adam iliyinə qədər yansa da, daxilən qürur hissi keçirir. Qürurlanır ki, nəsilbənəsil məhv etməyə, soyqırımı etməyə çalışıblar, ediblər də, amma yenə həmin nəsillərin davamçıları dərin qatlardan zühur edib, eyni mübarizəni, müqaviməti göstəriblər.
Pressklub.az-ın “Gizlədilmiş tarix” rubrikasında növbəti – V hekayətimiz o oğullardan daha biri haqqındadır. Daha bir gizlədilmiş tarixi aşkara çıxartmaqda bir addım atmağa iddialıyıq.

İlk azərbaycanlı pilotlardan olduğu üçün həyatı göylərdə başlamışdı, məskəni də göylər oldu, pilot olduğuna görə yox, xalqının gözündə yüksəldiyinə görə…
Gəncə gözəl şəhərdir, Nizaminin ruhunu özündə yaşatdığındanmı, ya nədənsə, bilmirəm, adamın da ruhuna yaxındır, orda bir mübhəmlik var. Bu sevginin özülündə yəqin ki, Cavad xan amili də durur. Gəncənin göylərində rus imperiyasının qarşısında mərdanə dayanıb, son damla qanına qədər vuruşub torpağı üçün canından keçən, amma sınmayan, əyilməyən Cavad xan və təbəəsinin də ruhları dolaşır. O ruhlar Gəncəni hər zaman mərd, əyilməz olmağa sövq edir.
“Gizlədilmiş tarix” layihəsində haqqında bəhs etdiyim növbəti qəhrəman (növbəti gəncəli də demək olar, çünki əksəriyyəti bu torpağın yetirməsi olub və bu məqsədli deyil, sadəcə tarixdir) Cahangir bəy Kazımbəylidir.
Cahangir bəy Kazımbəyli bəzi mənbələrə görə 1885, bəzilərinə görə isə 1888-ci ildə (məzar daşındakı doğum tarixi isə 1894-cü ildir) Gəncə şəhərində anadan olub.
Əvvəlcə Gəncə gimnaziyasında oxuyub, sonra təhsilini Sankt-Peterburq Hərbi-Hava Akademiyasında davam etdirib. Təhsilini başa vurar-vurmaz Cahangir bəy 26 yaşında Rusiya ordusu sıralarında Birinci Dünya müharibəsində (1914-1918) iştirak etməli olub. Kazımbəyli ilk peşəkar azərbaycanlı pilotlardan idi.
Birinci Dünya savaşında Rusiya məğlubiyyətə uğrayıb parçalandıqdan sonra bir çox ölkələr əsarətdən qurtuldu, o cümlədən Azərbaycan. 1918-ci il mayın 28-də müstəqilliyini edən Azərbaycan Xalq Cümhuriyyətinin 26 iyun 1918-ci ildə Milli Ordusu yaradılanda, Cahangir bəy Rusiyadan Gəncəyə dönür. Məqsədi Azərbaycan ordusunun zabiti olmaq idi. Onu Milli Ordunun Şəki süvari alayına komandir təyin edirlər. Ordu quruculuğunda peşəkar zabitlərə ehtiyac var idi, amma zabit heyətinin əksəriyyəti rus təhsili və təbliği ilə yetişdiyindən uzun müddətli beyin təmizləmə əməliyyatına ehtiyac duyulurdu.
Bu ideoloji iş Cahangir bəy Kazımbəyliyə həvalə olunmuşdu. Zabit heyətinin Rusiya meylliliyi aradan qaldırılmasaydı, müstəqil Azərbaycan dövlətinin milli ordusu rus düşüncəli formalaşacaqdı. Bəziləri keçmişə nostalji hisslərlə yaşayırdı. Odur ki, Cahangir bəy əsgər və zabitlərə hərbi təlim keçməklə bərabər, həm də milli ruh aşılayır, onlarda vətənpərvərlik hissini artırmağa çalışırdı. İstəyi Azərbaycan ordusunu güclü, məğlubedilməz görmək idi, düşmən hər zaman tətikdə, həm də güclü.
O tətik çox tez çəkildi. Ordu hələ formalaşmamış, müstəqil dövlət özünü tutmağa imkan tapmamış rus imperiyası itirdiklərinin geri qaytarılması üçün işğala əl atdı.
1920-ci il aprelin 28-i rus imperiyası müstəqil Azərbaycanı işğal etdi. Bu tarix Cahangir Kazımbəyli kimi Azərbaycanın azadlığını istəyənlərin arzularının qarşısına çəkilmiş sədd idi. Cahangir Kazımbəyli ilə çiyin-çiyinə xidmət edən zabitlərdən rus ordusuna baş əyib dərhal onların tərəfinə keçənlər də oldu. Cahangir Kazımbəylinin isə içində müti yüksək rütbəli hərbçilərə və hakimiyyəti məcburi surətdə təhvil verən siyasi xadimlərə, hökumət rəhbərlərinə qarşı etiraz baş qaldırdı. Bilirdi ki, onların başqa yolu yoxdur, amma özü bunu edə bilmirdi və içindəki etiraz səsi də susmurdu. İşğalçı ordunun hərəkətləri də o etirazın içdən alovlanmasına rəvac verirdi. Baxmayaraq ki, zorakılıq etməyəcəklərinə söz vermişdilər, amma həm paytaxtda, həm də Azərbaycanın müxtəlif bölgələrində insanları alçaldır, evlərə girib özbaşınalıqlar edir, xüsusən azərbaycanlı əsilzadələrə qarşı kobudluq, zorakılıq göstərirdilər.
Yeni qurulan zor hökumətinin peşəkar zabitlərə ehtiyacı vardı, ona görə də Kazımbəylini əldən buraxmaq istəmirdilər. Bolşeviklərin hərbi komissarı Çingiz İldırım Cahangir bəyə onu Qazax bölümünə komandir təyin etdiyini və təcili ora getməli olduğunu əmr edir.
Qazaxda hərbi birləşmələri Gürcüstana qarşı səfərbər etməli olan komandir bolşeviklərə qarşı günbəgün daha böyük nifrətlə yüklənirdi. Hər addımda onların vəhşiliyi və ikiüzlü siyasəti bəy balasında ikrah yaradırdı.
Araşdırmaçı Əli Şamil maraqlı faktlar açıqlayır:
“O, bu vəzifəyə gələrkən, Anadoluya, Antanta qüvvələrinə qarşı döyüşən Mustafa Kamala köməyə getməli olan bolşevik əsgəri birliklərinin Azərbaycanda talançılıqla məşğul olduğunu, milli hökumət zamanı rəhbər vəzifə tutanların həbs edildiyini, təqiblərə məruz qaldıqlarını gördü. Bolşeviklər mayın 12-də Gürcüstana qarşı savaşda Göyçay alayının birinci taburunu önə verdilər. Poylu körpüsü uğrunda döyüşdə taburun əsgər və zabitlərinin üçdə ikisi məhv edildi. Bütün bunlar Cahangir bəyin bolşeviklərə nifrətini artırdı”.
Bu minvalla, Cahngir bəy Kazımbəyli 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə Gəncə şəhərində bolşeviklərə qarşı üsyan qaldırır və Gəncədə olan rus ordusunu tərksilah edir.
Cahangir Kazımbəylinin təşəbbüsünə qoşulanlar arasında Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat rəisi, general-mayor Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri, general-mayor Teymur bəy Novruzov, Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasımalı da vardı. Xalqla cümhuriyyət ordusunun zabitlərinin düşüncə birliyi gücə çevrilmişdi. Hərbçi Hüseynqulu xan Xoyskinin qızı və Cahangir bəyin xanımı olan Valiyyə də atası və əri ilə birlikdə üsyanda fəal iştirak edirdi.
Üsyançılar Qarabağda yerləşmiş hərbi hissələrlə birləşib, Gürcüstan Ordusu ilə birlikdə Qafqazı bolşeviklərdən təmizləməyi qarşılarına məqsəd qoymuşdular.
Nə yazıq ki, Qarabağdakı və Azərbaycanın başqa bölgələrindəki hərbi birlikləri ilə camaat, danışıldığı kimi, Gürcüstan hökumətilə birgə hərəkət edə bilmədilər. Təşkilatçılıqda vaxt az olduğundan tələskənlik dağınıqlığa səbəb olmuşdu. Üstəlik, Gəncə üsyanını yatırmaq üçün bolşeviklər bütün qüvvələrini səfərbər edirlər. Ordu ilə yanaşı, Azərbaycanda bolşeviklərdən, kommunistlərdən təşkil edilmiş silahlı dəstələr də Gəncəyə göndərilir. Həmid Sultanovun rəhbərliyi ilə fövqəladə komissiya yaradılır. Gəncədə yaşayan ermənilər də fürsətdən istifadə edib silahlı dəstə yaradaraq, evlərə girib soyğunluq edir, əhaliyə divan tutur, vəziyyəti daha da gərginləşdirirdilər.
Cahangir bəy və onun məsləkdaşları mərdliklə vuruşurdular, qarşı tərəf isə ancaq zorakılıq və xəyanət yolunu tutmuşdu. Qarşılarına kim gəldi öldürür, üsyançılara təzyiq üçün, xalqın gözünü qırmaq məqsədi ilə əhaliyə divan tuturdular. Gəncəyə dərhal əlavə ordu göndərən bolşevik hökuməti iyunun 4-də Gəncə üsyanını amansızlıqla yatırır. Gəncə üsyanı zamanı düşmən tərəfdən 8500 nəfər, Azərbaycan Milli Ordu hissələrinin və mülki əhalinin birlikdə itkisi isə 12 min nəfər olub.
XX yüzildə Azərbaycan tarıxinə şərəflə yazılan Gəncə üsyanı Cahangir bəy Kazımbəylinin adı ilə bağlıdır. Bolşeviklər yüzlərlə insanı güllələdilər və həbs etdilər. Hətta üsyanla heç bir bağlılığı olmayan Qazax seminariyasının müdiri, görkəmli pedaqoq və ədəbiyyat tarixçisi Firudin bəy Köçərlini də Gəncəyə gətirib, orda güllələdilər. Bu da bir başqa faciəmizin mövzusudur.
Üsyan yatırılandan sonra müsavatçılar Cahangir bəy Kazımbəylini Türkiyəyə qaçıra biliblər. Daha doğrusu, Gürcüstana, oranın işğalından sonra isə İstanbula gedərək bir il ayrılıqdan sonra dərbədər olmuş qayınatası Hüseynqulu xan Xoyski və ailə üzvlərinə qovuşur.
Rusiya işğalından azad olaraq müstəqil dövlətini qurmuş Polşa hökuməti 1922-ci ilin əvvəlində Cahangir bəy Kazımbəylini, qayınatası Hüseynqulu xan Xoyskini və başqa Azərbaycan hərbçilərini orduda xidmət etməyə dəvət etdi. Onlar bu dəvəti qəbul etdilər.
Polşa ordusunda zabit şərəfi ilə xidmət göstərən Cahangir bəy 1939-cu ildə İkinci Dünya Müharibəsində Polşa tərəfdən faşist Almaniyasına qarşı döyüşdə yaralanıb əsir düşür. Əsirlikdə onun həyatını Gəncəbasardakı alman koloniyası Yelenendrofdan olan, alman ordusunun zabiti Emil Qutla rastlaşmağı xilas edir. Uşaqlıq dostu onun əsirlikdən qurtarmasna şərait yaradır.
Özü azad edildikdən sonra Cahangir bəy yalnız azərbaycanlı əsgər və zabitlərin deyil, türk, ümumiyyətlə, bir çox müsəlman əsirlərinin də ölümdən xilas edilməsinə çalışır və nail olur.
Ətrafına silahdaşlarını və düşüncə dostlarını toplayan Cahangir bəy 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsini təmin edib. Həmin il Ceyhun Hacıbəyli, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və b. məsləkdaşları ilə birlikdə Avropada “Milli Birlik Məclisi”ni qururlar. Təşkilatın vəzifəsi xaricdə yaşayan azərbaycanlıları bir araya gətirib, antisovet hərəkatını genişləndirmək, Müstəqil Azərbaycan ideyasını yaşatmaq idi. Buna görə də təşkilat hər zaman sovet kəşfiyyatının diqqət mərkəzində olub.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra sovet kəşfiyyatı, xüsusi xidmət orqanları Cahangir bəyi və məsləkdaşlarını həbs etmək üçün izləyirdilər. Sovet hökuməti güclü siyasət yeridib Türkiyəni də qorxuda bilmişdi. Zaman Azərbaycanın xeyrinə işləmirdi. Türkiyə hökuməti ona sığınan mühacirləri və hərbi əsirləri sovetlərə təhvil verdi. Aralarında azərbaycanlılar çox idi. Onlar işgəncələrə və ölümə məruz qaldılar. 1947-ci ildə Cahangir bəyin xanımı Valiyyə 12 azərbaycanlı hərbçini Türkiyədən Romaya apararkən təyyarə Afina yaxınlığında müəmmalı bir qəzaya uğradı. Bir nəfər belə sağ qalmadı.
O zamanlar Misir kralı Fərruxun köməkliyi sayəsində Cahangir bəy ailəsi ilə Romada yaşamaq hüququ qazandı.
Peşəkar hərbçi olmasına baxmayaraq, Cahangir bəy Parisdə və Berlində nəşr olunan "Azərbaycan" məcmuələrinə məqalələr yazır, onu həm də mühacirət dövrünün və Gəncə üsyanının tarixini yazan tarixçi adlandırmaq mümkündür. 1953-cü ildə Amerikada nəşr edilən “Azərbaycan” milli jurnalının 12-ci nömrəsində Cahangir bəyin “Gəncə üsyanı haqqında xatirələr” adlı yazısı çap olunub. 1954-cü ildə Cahangir bəy Münxendə (Almaniya) “Azadlıq” radiosunda fəaliyyətə başlayıb və burada dünya azərbaycanlılarını sovet hakimiyyəti ilə mübarizəyə çağırıb.
Bütün həyatını, fəaliyyətini Azərbaycanın müstəqilliyi, ordu quruculuğu və sovetlərin məhvinə yönəltmiş peşəkar zabit, tarixçi, maarifçi və nəhayət, bəyzadə Cahangir bəy Kazımbəyli 1955-ci ilin yazında aldadılıb Berlinə dəvət edilir və orada qətlə yetirilir. Sovet təhlükəsizlik orqanlarının qurduğu məkrli plandan heç kim qurtula bilməzdi. Amma böyük ideyalar heç vaxt yarıda qalmır, böyük, fədakar insanların çiyinlərində nəsildən nəslə ötürülüb, nəhayətdə həyata keçir. Azərbaycan onun, məsləkdaşlarının və minlərlə azərbaycanlının qanı bahasına azadlığına qovuşub. Yəqin ki, Berlində Şəhidlik Məscidinin məzarlığında uyuyan polkovnik Cahangir bəy Kazımbəylinin də ruhu Qarabağ göylərində pərvaz edən ruhlar qədər şaddır.
Ramiə Qurbanlı