Əbədiyyət gülüyəm mən - ULU ŞƏHRİYAR
3-05-2017, 14:41
İki əsrdir ki rus imperiyası bir xalqın sinəsini nəhəng və tikanlı bir not sətirləri ilə ikiyə bölüb. Sol açarı Təbrizdə, Fa açarı Bakıda bənd alıb. İllərdir o sətirlərin üstə ancaq minor ladlı əsərlər yaranmaqdadır. Bu əsərlərin bəstəsi də bizə aiddir, sözləri də. Təəssüflər olsun ki elə dinləyicisi də özümüzük. Dünya hələ ki səsimizi eşitmir, heç eşitmək fikri də yoxdur. Dərdimizi deyə-deyə qubar bağladı ürəklərimiz. Bu mövzuda silsilə ədəbiyyat nümunələri yaratdıq. Sözün yükü nə qədər ağır olarmış?! Belə də ad olarmı?! Necə yəni güney ədəbiyyatı? Necə yəni quzeyli bacı-qardaşlarımız? Bir elin də cənubu, şimalı olarmı?! Ancaq fələyin gərdişinə neyləyəsən? Alan razı, satan razı. Sızlayan yara bizim, Araz üstündən boylanan həsrət dolu nəmli gözlər bizim...
Şairlərimizin təqdimatında mütəfəkkir,dahi,filosof,alim,ustad və digər təyinlərdən istifadə edirik. Ancaq nədənsə Şəhriyar haqda danışarkən bunların heç birini heç vaxt dilə gətirmədim. Onun adı mənə “ müqəyyədləşmiş epitetəm “ pıçıldadı. Bütün titulları bir ad altında birləşdirdi. Xəlqi olduğu qədər bəşəri, sadəliklə mürəkkəbliyin sintezi, folklordan fəlsəfəyə, məişətdən antik dünyaya, çağdaş dövrümüzdən qədim dünya tarixinə uzanan ağrılı-acılı həsrət yoludur Şəhriyar. Nə yazmalı, necə yazmalı ki onun qəlb evinə arzulanan mehman olmaq mümkün olsun? Sızlayan neydi, tar pərdələrində gəzişən, vətən həsrətli nəğmələr müəllifidir
Şəhriyar.
Şəhriyara məhəbbət olsa əgər,
Elə dünya sənin behiştindir.
Şəhriyar, köhnə hərifdir bu fələk, mən uşağam,
Könlümü şahmat edib gör necə əyləncə sanır.
Setarda fəryad qoparan qəlb ovsunçusudur şair. Bir dəfə belə görə bilmədiyi bu tayda qalan elinin dərd-sərini ürəyinə salan, göz yaşıyla tarixə köçürən fədaidir Şəhriyar. Sadəlik mücəssəməsi, insanlıq abidəsidir.
Yatmış hamı bir allah oyaqdı daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Şəhriyar sazın sübhədək əhvalına sızladığı, qara günlərində dildarı olan qəm pəncərəsidir. Sərvəti göz yaşı olan öz mülkünün, söz mülkünün sultanıdır. Orağın sünbül biçməsini saçın daranmasına bənzətmək qədər bir gözəllik, lirizmdir Şəhriyar poeziyası. Novruz adət-ənənəsinin bütün əzəməti, tarixidir onun Heydərbabası. Heydərbaba sənindir, ya sən Heydərbabanın?..
Çox xatirələr çözələnib yarıya bölünmüş vətənin ortaq şərqisinə çevrilən bu poema haqda. Necə siyasətçiləri, elm-sənət adamlarını özündən söz etdirib bu sevgi,intizar, həsrətlə məhəbbətin qol-boyun olduğu sadəlik abidəsi olan poema...M.Rövşənzəmir yazırdı: "Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır".
Bir çox bəndində Bakı, Qarabağ, doğma qardaşların ayrılığının yaratdığı həsrətin acısı ilə oxucu qəlbini sızladır “Heydərbabaya salam poeması”. Ayrılığı yalnız cismani idi Nəimi ruhlu şairin. Ruhu, düşüncəsi heç ayrılmadı ki bizdən.
Arazı ayırdılar,
Su ilə doyurdular,
Biz sizdən ayrılmazdıq,
Zor ilə ayırdılar.
Yandırmağa çıraq tapmayan kəndlinin ağlar gözü, məzlumların ahıydı şair. Sübhdən gecəyə qədər tər töküb bir parça qəndə möhtac olan kəndlinin etiraz tribunasıydı Şəhriyar.
Kəndli yazıq çıraq tapmır yandıra,
Görüm sizin bərgiz qalsın andıra,
Kim bu sözü ərbablara qandıra,
Nədir axı bu millətin günahı
Tutsun sizi görüm məzlumlar ahı.
Kəndlinin dərdi bir bimədi ki, sənin də qəlbin bir az dinclik tapsın. Qıç-paçası açıq olan tifillərin ehtiyacı bir ödənmədi ki şair oğul da bir rahat nəfəs alsın.
Hər nə alır baha verir qiyməti,
Ucuz fəqət əkinçinin zəhməti.
Cənubda qadın Şəhriyarla dəyərləndi desək düz olmazmı? Onu hüququndan söz açmağa, azadlığına qovuşmağa təkidlə dəvət edir şair. Bədbəxtliyinin baisi olan matəm paltarını parçalamağa, ömrünü şərəflə yaşamağa səsləyir. Gözyaşlarını silib cəsarətli olmağa və onun fəlakətinə bais olan şeyxi cəzalandırmağa çağırır. Şair ” Hicabın üz qaralığı” şeirində yazır:
Öz haqqın istəyərsə qadın, söylə bir görək,
Hardan, necə, nədən verəcəksən cavabı sən.
Zamanmı Şəhriyarı doğdu, Şəhriyarmı zamanı yaratdı? Şair sözün şahı oldu, söz də ona səcdəyə gəldi.
1941-ci ilin avqustunda ingilislər cənubdan, sovet qoşunları isə alman-faşist təhlükəsinə qarşı şimaldan İrana soxulmuşdular. Vətənin düşdüyü durum vətənpərvər şairin misralarına köçürdü.
Qanlı dırnaqlarınan ingilis əl qatdı bizə
Görürəm rus da Arazdan keçir İran apara.
Bəşəri ideyalarla yaşayan Şəhriyar İranı bütün varlığıyla sevirdi. Türklərlə farslar arasında ayrı-seçkilik salmır, tamı hissəyə bölmürdü. Bu idi onun böyüklüyü, əzəməti, əsl vətəndaş mövqeyi. Bu münasibəti ona ümumxalq məhəbbəti qazandırdı. Bir tək “Elimin farsıca da dərdini söylər diliyəm mən” misrası onun həyat salnaməsinin güzgüsü olacaq qədər böyük məna kəsb edir.
Yaradıcılığının tədqiqatçılarından şairə Hökumə xanım Billuri öz monoqrafiyasında onun 1976-cı ildə Tehran qəzetlərinin birinə verdiyi müsahibənin mətnini dərc etmişdir. Həmin müsahibə zamanı şair demişdir: "Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşmişdir. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burada yaşayıram. Qazancım vaxtilə işlədiyim, Fəxri ustad adı aldığım yerdəndir. 16 aydır ki, maaşımın bir az artırlması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul yoxdur. Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə düşmüşdür?.. 22 il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm... Pul mənim üçün bəlkə də əl çirkidir. Lakin başqaları üçün ki, belə deyil! Bu məsələlər mənim daxili rahatlığımı pozur. Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm..."
Qənaət falı Füzulidən üzü bu yana dövrünün iqtidarına qarşı olan sənətkarların hamısının taleyinə yazılmışdır. Belə şairlərin aqibəti isə səfalət olur. Xalqın səsi olan biri heç zaman zənginlik içində yaşaya bilməz. Büllur saraylarda yaşayıb aşağı zümrənin dərd-sərini xitabət kürsülərinə daşıyanlar şairin fonunda cılızlığın inikası kimi əks olunurlar. “ Qədim əhdi-peyman” şeirində Şəhriyar mənəviyyatının maddiyyata qarşı üsyanını elan edərək etiraz səsini ucaldır:
Boynumu əymərəm heç varlıların nemətinə
Himmətim çoxdu qənaətlə bu dünyada mənim.
Tanrı! Göz dikmişəm aləmdə sənin lütfünə mən
Hər bəla gəlsə mənə, qəlbimi etdim təslim.
Bu şəhərdə mənə ceyranlardan və dəvələrdən başqa dost yoxdur deyən şair sufi həyat tərzi sürür,cəmiyyətdən demək olar ki, təcrid olunur. Qəlbini necə incitmişdilər, şair, neyləmişdilər ki hamıdan küsmüşdün? Tərki cahan olmuşdun.
Maarifin cəhaləti, maarifin xalqına xəyanəti ağartdı saçını şairin. Düzü əyri,əyrini düz tanıdan maarifin müsibətinə dözmədi ürəyi. Bir xalqın maarifi düşmən ideologiyasının dəyirmanına su tökürsə bu, faciələrin ən böyüyüdür.
“Yazıq millət, faciədir maarifimiz ” deyərək haray qoparırdı Şəhriyar. Şərq xalqlarının alın yazısı olan bu ağır div yuxusundan gözlərini aça bilməməsini ürək qanıyla misralara köçürürdü. Biçarə millətim, nalən fələklərə qədər çatacaq. Ayıl, haqqını tələb et! şüarı olmuşdu, maarifimiz fəlakətdir deyib dad çəkirdi.
Bikəs vətən, hünərsizlər, qeyrətsizlər əlindəsən,
Başdan-başa xəyanətdir,cəhalətdir maarifimiz.
Dərdin qaynağını görə bilməyən, hüquqlarını tələb edə bilməyən xalqı üçün
İynənin gözündən keçsək də ellik
Bəzən darvazadan keçə bilmərik.
deyə inildəyirdi.
Və ya
Mənim bir ağsaçlı məmləkətim var
Əcaib-qəraib bir millətim var.
yazırdı... Onun
Bizdən qabaqdadır avropalılar
İşi iş bilənə tapşırır onlar.
beytilə İranın sosial,iqtisadi və siyasi mənzərəsinə parlaq güzgü rolunu oynayırdı.
Şairin sevgi şeirləri məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisə olunmağa qadirdir. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış və öz möhürünü qeyd etmişdir. Ancaq qəzəlləri daha çox sevilir desək, yanılmarıq.
Mələk də qibtə edir insan olmağa,mələyim.
Uyub məhəbbətə düş eşqə, sən də insan ol...
Gəl eşq rəmzini bu Şəhriyardan öyrən,
Gülüm,bu bülbülü sev, bu çəməndə dastan ol.
Ədəbi sahə üçün təsis olunmuş irili-xırdalı mükafatların heç birində gözü olmadı şairin. Onları əldə etmək uğrunda gedən canfəşanlıqdan hər zaman kənarda qaldı. Çünki, günəşdən tac mükafatını əldə etmək kiməsə nəsib olmamışdı ki...
Sənin adındı əgər tacbəxş,
Mən də bu gün söz hökmdarıyam.
Olmuş günəş mənimçün tac.
Sənətinin dərinliyini, sözünün kəsərini, poeziyasının fəlsəfəsini dərk edən şair buna görə heç vaxt dünya malına meyllənmədi.
Mən daha ərşi-əla kölgəsitək başda tacım var,
Əldə Musa kimi Firona qənim bir ağacım var.
Buna görə də gözütox, sadə, sufi həyat tərzi keçirdi.
Ədəbiyyatşünas alım Y.Qarayev yazırdı :“Şəhriyar, şübhəsiz xalq şairidir, iliyinə, sümüyünə qədər milli şairdir. Hər şeydən əvvəl, ona görə ki, təbiətdəki azadlıq onun ruhuna, ruhundakı azadlıq dilinə keçmişdir, xalqın dilinə onun ruhunu, ruhunu dilinə gətirə bilmişdir! Sözün yaxşı mənasında “dil sehrbazına” çevrilmişdir”.
“Mənə həmdərd olan ney” şeirində daxili aləminin zənginliyi bir daha göz önündə sərgilənir:
Məgər bətnimdə təbim bəslər İsa
Ürəkdə bir müqəddəs Məryəmim var.
Qəmimtək bir basılmaz Rüstəmim var.
Kimə söylər, ürək tək məhrəmim var.
Qəmini şərq ədəbiyyatında, poeziyasında qəhrəmanlıq etalonu, məğlubedilməzlik simvolu kimi qəbul edilmiş basılmaz Rüstəmə bənzədir şair...
Cənubda dilə qoyulan qadağalar zamanı ana dilimizə milli statusu məhz Şəhriyarın “Heydərbabaya salam” poeması gətirdi. Şairin doğma dili qorumaq,yaşatmaq və inkişaf etdirmək mübarizəsi başlandı. Türk dilində məktəb,mətbuat,ali təhsilin olmaması şairin qəlbini sızladır, patriot ziyalıların öndəri olaraq çox şərəfli, eyni zamanda məşəqqətli bir missiyanın daşıyıcısına çevrilirdi. Şairin doğma ana dilinin qorunması və təbliği sahəsində silsilə əsərləri yaranırdı.
Cənubda doğma dilin təəssübünü çəkən söz-sənət insanları içərisində Şəhriyarın mövqeyini ən öncül yaradıcılıq nümunəsi kimi görürük.
Türki olmuş qadağan, divanımızdan da xəbər yox,
Şəhriyarın dili də “vay ! ” deyə divan ilə getdi.
O, özündən sonrakı türkdilli yazarlar üçün bir məktəb yaratdı və miras qoyaraq bu dünyadan köçdü. “Dərya elədim” şeirini sənətkarın bu mövzuda yazılmış hesabatı kimi qəbul etmək olar.
Türki bir çeşmə isə, mən onu dərya elədim,
Bir soyuq mərəkəni məhşəri-kübra elədim.
Türkinin canını almışdı həyasız tağut,
Mən həyat aldım ona, haqq üçün əhya elədim.
Acı dillərdə şirin türki olurdu hənzəl,
Mən şirin dillərə qatdım onu, halva elədim.
Şəhriyar həyatı boyu Şimali Azərbaycana gəlmək, Bakını görmək həsrəti ilə çırpındı. Lakin nə rus,nə də fars imperiyası buna imkan tanımadı.
Ona göndərilən dəvətnamə isə Anarın “Dantenin yubileyi” filminin aqibətini yaşadı. Çirkin siyasətin qurbanına çevrilən şair ona qurulan hiylədən xəbərsiz olduğundan bu görüşə çox böyük həyəcanla hazırlaşır, şimal qardaşları qarşısında oxumaq üçün iki şeir yazır. Lakin dərin təəssüflər olsun ki, səfər baş tutmur, şairin arzusu gözündə qalır. Aşağıda bir parçası verilən "Qafqazlı qardaşlar ilə görüş" şerini məhz bu münasibətlə yazmışdır.
Mən sizin şanlı qəhrəmanlarızı
Sözlərimdə həmişə yad edərəm.
Zülmə qarşı qılınc sözüm kəskin,
Qəhrəmanlar kimi cahad edərəm.
Sən kimi qardaş öz qarındaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə
Bakı qardaşların unutmayacaq!
VƏTƏNƏ QAYIDARKƏN şeirində
Yenə qanadlanıram mən vətən havası ilə,
Necə qanadlanar hər quş bahar yuvası ilə.
Məsum körpətək gözündə qalacağını bilmədiyi sevincini izhar edir şair.
Şəhriyara görə əsil bağban şoranlıqda belə əkib becərməyi bacarmalıdır. Bir halda ki qayğını çəkən torpaqdır. O dövlət başçısı müdrikdir ki, kərpic-kərpic tikəndir. Hər bir sahədə yalnız əmək və zəhmətə üstünlük verir bu yaradıcı varlıq.
Bu şəhərdə mənə ceyranlardan və dəvələrdən başqa dost yoxdur deyən şair sufi həyat tərzi sürür, cəmiyyətdən demək olar ki, təcrid olunur. Qəlbini necə incitmişdilər, şair, neyləmişdilər ki hamıdan küsmüşdün? Tərki cahan oldun.
Şair şam kimidir,şam özü yanar,
Özgənin süfrəsi nura boyanar.
Nə qəm, qoy şam kimi yansın həyatım
Təki torpaq altda bəxtiyar yatım...
Bədii təsvir və ifadə vasitələri Şəhriyarın misralarında daha özəl məna çaları kəsb edirdi.
“ Kəc bəxt “ dən nümunə gətirdiyim beytdə epitet rəqsini nizama çəkir.
O qara zülfünü qoyma tuta ay tək üzünü ,
Əfi tək kölgə sala, ay üzünə qarə düşər.
Və yaxud
“Əlim ətəyinə” şeirində
Mənim yorğun ümidim güləşir əcəlimlə
Ölümmü,ya qalımmı, de, buyur fərmanını.
beytini misal gətirmək olar.
Şairin tədqiqatçıları söz yox ki, bir-birilərini mütaliə edib, məlumatlanıblar. Təəssüf doğuran məqamsa, onsuz da nisgilli taleyi olan şairin araşdırmaçıları arasında yaranan nifaqdır. Kimin haqlı və haqsız olmağını zaman mütləq özü ayırd edəcək və mənim buna qətiyyən şübhəm yoxdur. Sadəcə Şəhriyar elə bir dəryadır ki, diqqətli poeziyasevər belə bu gözəllikdən öz nəsibini tapa və onun ilham aldığı, ondan bəhrələnən söz, qələm əhlini aydınca duya bilər. “Aşiqin gileyi “ şeirində
Giley etdikdə sənə, üz çeviribsən məndən,
Gileyim var nə qədər səndən, a canan, sorma.
beyti ilə S.Rüstəmin
Sənə yar, səndən yar, şikayətim var.
misralı şeirinin nə qədər həmahəng olduğunun şahidi oluruq. “ Döyüş şeiri “ ndə
Gülüm, səhər şəfəqim, mənsə bir sönən şəməm
Bu son nəfəsdə təbəssüm nisar edib getdin.
beyti
N. Həsənzadənin “Nərdivan” şeirində
Birimiz gündoğana
Birimiz günbatana
misralarını xatırlatmırmı?
Sabirin ölüm yatağında əcəlilə əlləşərkən yazdığı
İstərəm ölməyi mən, leyk qaçar mənnən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.
beyti Şəhriyarın
“ Sənəti məmləkət “ şeirində
Keçən gecə bir kürəyim qovuşdu,
Əcəl mənə yaxınlaşıb, yovuşdu.
Sonra yenə çaldı, keçdi, sovuşdu,
Bu it canım qurdu yenə qaçırtdı,
Qurd da ancaq kürəyimi bir çırtdı.
Bəndilə nə qədər yaxın və doğmadır.
Şəhriyar ilham alaraq faydalanır və digərləri də ona bunun qarşılığını ərməğan edirdilər...
Bu müqəddəs insanı,azadlıq aşiqini ziyarət edəcəyim günü səbirsizliklə gözləyir və İ.Türkoğlunun “Heydərbabaya məktub” şeirindən bir bəndlə ismarıc yollamaq istəyirəm:
Heydərbaba, yollarına çən düşüb,
Bir ürəyim iki yerə tən düşüb.
Görən deyir,saçlarına dən düşüb,
Qoy çalınsın bu vüsalın nəğməsi
Gözlə məni,gələsiyəm-gələsi.
Kəmalə Səlim Müslümqızı
TEREF.İNFO