Pedaqogikanı da müğənnilərə tapşıraq

7-06-2018, 10:27           
Pedaqogikanı da müğənnilərə tapşıraq
“Ey dərbədər gəzib ürəyi qan olan cocuq”

(Sabir)

Müğənnilərin respublikamızın dövlətçilik strukturunda necə möhkəm yer tutması son günlər bir daha görünməkdədir. Təkcə onlara xalq artisti adlarının verilməsindən yaranan ictimai zəlzələni nəzərdə tutmuram. Müğənnilərimiz həmçinin məhkəmə orqanlarını əvəz etməyə başlayıbdır. Kimsə onların haqqında sosial şəbəkələrdə pis sözlər yazırsa həmin adamı polis idarəsinə sürütdürüb orda rəsmi üzrxahlıq alır, bunu videoya çəkib yayırlar. Heyrətamizdir. Daha mənim sözüm yoxdur. Qələmi gözümə soxub, klaviaturanı təpəmə çırpıb intihar edirəm...

Zarafat edirəm, əşi, qorxmayın, məndə elə də öləsi sifət yoxdur. Qurdla qiyamətə qalmaq fikrindəyəm. Üstəlik, respublikamızda səhiyyənin durmadan inkişafı bizi onsuz ölməyə qoymayacaqdır. Camaatı zorla tutub müayinə, müalicə edirlər.

Ancaq düşünürəm ki, müğənnilərimizin bu hüquq-mühafizəsi sahəsinə yüksək gəlişməsini daha genişləndirməliyik. Qoy onlar hər kəs haqda qərarlar çıxarmaq imkanında olsunlar. Qabiliyyətləri də çatır. Sözgəlişi, bir vaxtlar Röya xanımı BDU-nun yurfakına qiyabi şöbəyə qəbul eləmişdilər, oxuyub qurtarıb gül kimi prokuror olacaqdı, namərd jurnalistlər imkan vermədilər. Yazdılar, yazdılar, yazıq qızı imtahandan kəsdilər.

Təhsildən söz düşmüşkən, dünən görürəm uşaq 3-cü sinifin “Azərbaycan dili” dərsliyindən Mirzə Ələkbər Sabir haqda oxuyur. Orada Sabirin “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığa necə başlaması haqda rəvayətdən bəhs olunurdu. Rəvayət isə belədir ki, Sabir Şamaxı lotularından qorxduğu üçün şeirlərini jurnalın redaksiyasına bir uşaqla gizlicə yollayırmış, imza da qoymurmuş. Nə qədər doğrudur, deyə bilmərəm. Ancaq hər halda Sabirin şeirləri gizli yollamağının səbəbi dərslikdə göstərilməyib. Zahid Xəlilin quraşdırdığı əhvalatdan hətta elə nəticə çıxır ki, həmin uşaq Sabirin özü imiş. Deyəsən məktəbdə də uşağı elə öyrətmişdilər, o üzdən mənimlə mübahisəyə girmişdi. Ona məsləhət gördüm ki, 1906-cı ildə - “Molla Nəsrəddin” jurnalı çapa başlayanda Sabirin neçə yaşı olduğunu dəqiqləşdirsin. Bir də gördüm suyu süzülmüş gəlib deyir: “45 yaşı olub”.

Mətnin birinci cümləsində də Zahid müəllim yanlışa yol vermişdir: “Azərbaycanda ilk jurnalı görkəmli ədibimiz Cəlil Məmmədquluzadə nəşr etdirmişdir”. “Molla Nəsrəddin” Azərbaycanda yox, Gürcüstanın Tiflis şəhərində nəşrə başlayıb. Daha düzgünü “ilk Azərbaycan dilli satirik jurnal” olmalı idi. Çünki “Molla Nəsrəddin”in ümumiyyətlə ilk jurnalımız olması da məncə mübahisəlidir, çünki həmin vaxt Bakıda “Dəbistan” və “Rəhbər” adlı jurnallar çıxmışdı. Dərslik elə kitabdır ki, burda hər cümləni, hər tarixi faktı, rəqəmi yüz dəfə ölçüb-biçib yazmalısan, çünki sonra uşaqlar bu yanlışlar üzərində əyri böyüyürlər.

Uşaqlar temasında bir müşahidəmi də bölüşüm. 1 iyun uşaqları müdafiə günündə Bakının küçələrində, park və meydanlarında saysız-hesabsız uşaqlar görmək mümkün idi. Buna sevinirsən, eyni zamanda düşünürsən: bəs ilin qalan günlərində bu uşaqlar hardadır? Səbəb məncə bizim ikiüzlü olmağımızdan qaynaqlanır. Guya ilin bir bayram günü uşaqlara məhəbbət nümayiş etdiririk, qalan günlərdə isə onları dustaq edirik. Məktəblərdə, uşaq bağçalarında, evlərdə... Biz özümüz bu ölkədə necə dustağıqsa, uşaqlarımız da bizim dustaqlarımızdır. Onlar normal qidalanmır, keyfiyyətli geyimdən, təhsildən, səhiyyədən uzaqdır. “Ən yaxşısı uşaqlar üçün” dediyimizə baxmayın, ən pisini onlara veririk. Sudan respublikaya qədər. Dilləri-ağızları, anlayışları yoxdur, əks halda onları bu kökə saldığımız üçün uşaqlar bizim üzümüzə tüpürsələr azdır.

Bəlkə biz uşaqları idarə eləməyi də müğənnilərə tapşıraq? Nəsə bir tədbir görərlər.

Zamin HACI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.