"BESPARDONNIY" HƏYASIZLIQ
7-06-2018, 17:54
“Hannibal andı” içmişəm, rizə-rizə doğransam da, bu iqtidardan yardım, kömək diləmərəm
Bu məqaləni çoxdan başlamışdım. Çox ağır ittihamlarım qabaqdadır, hər söz üçün başımla cavabdehəm. Məndən bəzən soruşurlar, ay ağsaqqal, qorxmursan?
Əvvəla, nifrət olan yerdə qorxuya yer qalmır. İkincisi, özümü haqlı sayıram, ömrümün qürub vaxtında məni çörəksiz, dərmansız qoyan üsul-idarənin qarşısında əyilən deyiləm. Mənə daha o pislik qalmayıb ki, eləməsinlər. “Hürriyyət” vasitəsilə mətbuata, doğru sözə, dövlətçiliyn özünə qənim kəsilən unikumlara müraciət edirəm, redaksiya ilə işiniz olmasın, ürəyinizdən nə bəd əməl keçirsə, onu mənə yönəldin. İstənilən səviyyədə, istənilən yerdə Sizlərə cavab verməyə hazıram.
Yaşadıqca çoxaldı düşmənimiz,
Nə edək doğru söylədi dilimiz!
M.Ə .Sabir
Bütün ins-cins bilir ki, Azərbaycanda istəyirsən əlini qulağının dibinə qoyub dağı-daşı yandıran şikəstə çağır istəyirsən, həzin mərsiyə, ya da növhə oxu, iqtidarın heç nə vecinə deyil. Dədə-babalarının yuxularına girməmiş firavan həyatı yaşayan, heç kimdən çəkinməyən bir yırtıcı zümrə rəiyyəti insan yerinə də qoymur. Əcəb də eləyir!... Bəsirət gözünün bağlanması ilə çoxdan barışmış toplumla elə belə də rəftar edərlər.
Neçə ildir murdar bir tragikomediyanın iştirakçısına dönmüşəm. Deputat Elmira Axundovanın gül balasının müflis edib küçələrə saldığı dörd-beş zavallının dadına çatmaq istədim.
İki il ərzində müxtəlif ünvanlara köhnə kişilər demişkən, 400-ə qədər daşdan keçən şikayət, ərizə göndərildi, iki qəpiklik cavab gəlmədi... Dələduzluğu ilə ad qazanmış deputat balası, var-yoxları əllərindən çıxmış, qapılara düşmüş zavallı şikayətçilər, külli miqdarda pulun it-bat olması qaldı bir qıraqda, Elmira Axundova məni məhkəməyə verdi ki, guya mən onu təhqir etmişəm. Və mən yüz min manat cərimə verib, üzr istəməliyəm!
Rus mühərrirləri demişkən, bu əsl “bespardonnıy” həyasızlıq idi. Məhkəmə məzhəkəsi başladı və birində də məni adam kimi danışmağa qoymadılar...
Min haqszılıqla üzləşmiş bədbaxtların bizim hakimlər barədə dedikləri düz çıxdı: “Bunların Quranı, Allahı ancaq puldur!” İmansızlıqda heç bir məxluq bunlara çatmaz!”
Planetin altıdan bir hissəsini tutmuş SSPİ kimi imperiyaya baş əyməyən Firuz Haşımov məddah Elmira Axundovanın, onun arxasında durmuş aləmə məşhur məmurun qarşısından çəkilə bilməzdi. Çəkilmədim də.
Müxtəlif saytlarda, qəzet səhifələrində çıxış edərək bildirdim ki, başımla cavabdehəm, bir məqaləmdə zərrə qədər təhqir yoxdur. Amma, indi ki, məni həyasızcasına şərləyirlər, bilmək istəyirəm, Elmira Axundova neçə-neçə mənzili, bər-bəzəkli villaları, imarət və maşınları hansı qonararların hesabına alıb?
Az qala bir qərinə ərzində məndən çox iqtidarın müdafiəsinə məqalə yazan olmayıb, necə ola bilər ki, mənim indi dərman almağa pulum yoxdur, amma Elmira Axundova dönüb olub cah-cəlalı sahibi?
Axı onun ştamplayıb buraxdığı primitiv mədhiyyə dolu kitabların iki qara qəpiklik nə elmi, nə bədii dəyəri var. Belə kitabların aqibətini görmüşük.
(90-cı illərin əvvəllərində zibil qutularına atılmış marksizm-leninizm klassiklərinin, Brejnevin və digər Siyasi büro üzvlərinin külliyatlarını yada salın!) Onların yuxarıdan gələn əmrin əsasəında qorxudan ödlərini udmuş məmurlara necə sırındığını da bilirik. Hakimiyyətin bəzi başbilənləri çox yaxşı bilirdi ki, ancaq maaş cədvəlinə qol çəkən xırda məmurlar qorxudan artı-əskik eləmədən, məcbur olub ürəklərində min söyüş yağdıra-yağdıra onları alacaq.
Mənəvi əzaba dözməyərək ölkənin birinci vitse-prezidenti hörmətli Mehriban xanıma müraciət elədim. Yazdım ki, mərhum Ulu Öndər təklənəndə, ağır xəstə yatanda Moskvada A. Vaksberq, Nuykin bandası daha o təhqir, nifrin qalmadı onun üzərinə yağdırmasın. Çapay Sultanov başda olmaqla onlarla qeyrətli ziyalı ayağa qalxdı. Bəs indi özünü gözə soxa bilmiş Elmira Axundova harada idi?
Yaxşı tutaq ki, Elmira xanım illər boyu durub–oturduğu Moskva haramzadalarından çəkinrdi, bəs burada, Aynur Camalqızı adlı söz zinakarından niyə çəkinirdi? Bir qadın kimi onun cavabını verə bilməzdi? Biz indi dərmansız, çörəksiz qalanlar isə, nəinki onun, pərdə arxasından onun ipini çəkib marionet kimi oynadan şərəfsizlərin üzərinə gedirdik.
Ömrüm boyu unutmaram, məhz o ağır günlərdə Milli Məclisdə qəşəng kreslolarda yayxanıb oturan düymə basan deputatlar, nəinki İlham Əliyevin, indi hətta üzəngitutanların qarşısında min dəfə əyilənlər Rauf Arifoğluna söz deməyə cürət eləmirdilər. Elmira Axundovanın heç səsi də çıxmırdı.
Məhkəmə iclasıarının birində vəkillər Elmira Axundovanın Cəmil Həsənliyə həsr etdiyi mədhiyyəni də ortaya qoydular. Bu əsl riyakarlıq idi! Həm prezidentin qarşısında təzim edəsən, həm də ona qarşı ən kəskin ittihamları verməkdən çəkinməyən şəxsi tərifləyib göylərə qaldırasan.
Belə əməlin bir adı var, ikiüzlülük, ya da “Sabaha əl yeri qoymaq!” Elmira Axundova bu məqalənin çap olunduğu kitabı göz qabağından yığışdırmaq üçün dəridən-qabıqdan çıxdı...
Məxləs, həftələr ötdü, aylar dolandı Ali Məhkəmə qərar verdi: “Furuz Haşımov üzr istəməməlidir, amma iki min manat cərimə verməlidir!”
Rəzalətə baxın, bu da mənim dövlətim, bu da illər boyu dilənçi qonorarı ala-ala, dişlə-dırnaqla, çoxunu özümə düşmən edə-edə müdafiə etdiyim iqtidar!
Rəhmətlik Əşrəf Mehdiyevin vaxtilə mənə dediyi sözlər düz çıxdı: “Bu nanəciblər sənə elə “Sağ ol!” deyəcəklər ki, dadı damağından getməyəcək!” Doqquz aydır mənim 190 manatlıq qocalıq təqaüdümdən yüz manat kəsib, saray məddahı Elmira Axundovaya göndərirlər!
Firdovsi rəhmətlik demişkən, çərxin belə gərdişinə tüpürüm!
Qocalıq təqaüdünü Sovet hökuməti müəyyən etmişdi. Heç bir yerdən gəlirim yoxdur. Hamı bilir ki, poliklinikaya getmək üçün cibində ən azı on manat olmalıdır, təcili yardım çağıranda həkimlərin cibinə on-on beş manat atmaq lazımdır, mən hələ dava-dərmandan danışmıram.
Neçə vaxtdır nəvələrimi bayramlarda, ad günlərində də təbrik edə bilmirəm. İndi mən belə üsul-idarənin nəyinə hörmət eləməliyəm? “Hannibal andı” içmişəm, rizə-rizə doğransam da, bu iqtidardan yardım, kömək diləmərəm.
Yerimək mənim üçün müşkülə dönüb. Balalarımın maddi vəziyyətini nəzərə alaraq, qəbir yeri üçün Prezidentə də, hörmətli Birinci vitse-prezidentə də neçə dəfə müraciət elədim. Bizləri heç adam yerinə qoyub cavab da vermədilər.
Birinci vacib ricət
Dəqiq öyrənə bildim ki, müxtəlif vaxtlarda istər hörmətli Prezidentə, istərsə də Birinci vitse-prezidentə ünvanladığım ərizələrin qarşısı alınıb. Mən nə kömək umurdum, nə mənzil istəyirdim, nə də iş... Sadəcə olaraq ideoloji aparatın yarıtmaz fəaliyyətindən yazmışdım.
Bədnam Suslov metodologiyasından hələ də əl çəkə bilməmiş bizim başabəla ədalı aparat məmurlarının “fədakar” fəaliyyətinə qiymət vermək üçün hamının ikrahla baxdığı telekanallara iki-üç saat ərzində diqqət yetirmək kifayətdir.
Efir sözün tam mənasında toyxana həşəratının, mütrüfəbənzər məxluqların ixtiyarındadır. Küçədən kimi istəyirlər onu da studiyaya gətirirlər.
Studiyada otrurub havalanmış kimi nəyə gəldi əl çalan arsız sürüsünə baxanda, mən azərbaycanlı olmağımdan utanıram. Ağ saçlarından utanmayıb, milləti açıqdan-açığa dolayan “müğənnilərə” əl çalan ahıllar, zövqsüz makiyajla üz-gözünü eybəcər günə salıb kresloda güclə yerləşmiş sallaq qarınlı qadınlar... Fikirləşirsən, İlahi bunların ev-eşiklərində iş-gücləri yoxdur? İrz-namusu tapdanmış, müqəddəs ocaqları murdarlanmış qövmün qadınları belə olmalı idi?
Mənim qocalıq təqüdümdən mərhum edilməyimə çoxu inanmır. Hörmətli Birinci vitse-prezidentə ərizəmdə yazmışdım ki, hətta nasistlər rəqiblərinə qarşı belə əməli rəva görməyiblər. İdeoloji işi bərbad günə qoyanların bilavasitə tabeliyində olan aparatın heç nəyə qadir olmadığını nəinki bu son ərizələrimdə həm də neçə il bundan əvvəl qəzetlərdə də açıqlamışdım. Yazmışdım ki, özləri üçün gözəl bağ evləri, əmlak, qohum -əqrəbaları üçünsə hər cürə şərait sahmanlamış aparat məmurları ölkənin mənəvi, ideoloji təhlükəsizliyi məsələsini çoxdan güdaza veriblər. QMİ Prezident aparatının adı buyruq quluna dönüb. Bizim hörmətli Şeyxülislam cənablarının çıxışlarına da qulaq asın. Sonra da pravoslav kilsəsi xadimlərinin nitqlərini dinləyin.
Bütün xalq görür ki, bizim hörmətli şeyximiz iki cümləni bir-birinə qoşub danışa bilmir. Hüzür yerlərində din xadimlərimiz hürkə-hürkə oturub qorxularından ağızlarını da açmırlar, “Yasin”, dörd-beş dua, vəssəlam, mərasim bununla bitir...
Bir nəfər cürət edib nailiyyətləri, misilsiz quruculuq, abadlıq işlərini, şəhərlərin, kəndlərin gündən günə gözəlləşməsini inklar edə bilməz.
Amma, marqinalların, lümpenləşən insanların sayının artmasını, yolların qan çanağına dönməsini, cinayətkarlığın pandemiya kimi yayılmasını görməzliyə vurmaq da mümkün deyil.
Küçə-bazarda “Yoxdur!” sözü yoxdur, hər yerdə ərzaq, hər cürə tələbatmalları aşıb-daşır. Amma, insani münasibətlər ilğım kimi yox olub. Camaatda daha heç kimə inam qalmayıb. Kimi dindirirsən hamının ağzı söyüşlə açılır, o adam yoxdur ki, teleməddahları, YAP-ın yağ-bal içində üzən knyazlarını, harın həyat tərzi ilə kasıb-kusuba acıq verənləri, tam cəzasızlıq mühitində ölkənin milyardlarını talayıb astaca aradan çıxanları lənətləməsin. Hər yerdə bolluqdur, amma on minlərlə uşaq təhsildən qıraqda qalıb, insan alveri gündən-günə daha geniş vüsət alır. Bakı müxtəlif çaplı beynəlxalq siyasətbazların, ərəb əxlaqsızlarının cövlangahına çevrilib. Mənim tüfeyli ideoloq və saray məddahları ilə davam çoxdan başlayıb. Mənhus “beşinci kalonna” məhz bunlardır.
Məhz bu alçaqlar bu gün sabah öləcək mənim kimi xəstə bimarı Elmira Axundovanın köməyilə qocalıq təqaüdümdən mərhum etdilər. Başqa cür məni susdurmaq mümkün deyildi, axı nə vəzifəm vardı, nə dükanım, nə bankım, nə də biznesim.
Varlı-karlı qohum əqrəba da yox... Mənim kimi ipə-sapa yatmayan kişiləri ya pulsuz –parasız qoyub mərhumiyyətlə öldürürlər, ya da təcili yardım həkimlərinin bir iynəsi ilə. Gəlirlər bir iynə vururlar, beş-on gündən sonra adam öləndə, deyirlər onsuz da yaşı keçmişdi, həm də xəstə idi, vəssəlam.
Yenə də deyirəm, respublikada böyük vüsətlə aparılan quruculuq işlərinin fonunda ideoloji iş sıfır səviyyəsindədir.
(Ardı var)
Firuz Haşımov
hurriyyet.org