PREZİDENTLƏRİN MÜAMMALI ÖLÜMLƏRİ- Xərçəng xəstəliyi hansı liderlərin həyatına son qoyub?
25-09-2018, 21:31
Vyetnam prezidenti Çan Day Kuanq sentyabrın 21-də 62 yaşında vəfat etdi. Həkimlərin dediyinə görə, prezident tam müalicəsi mümkün olmayan nadir virus xəstəliyindən dünyasını dəyişib. Çan Day Kuanq bu xəstəliyə 2017-ci ilin iyul ayında yoluxub və həmin dövrdən bəri müalicə üçün altı dəfə Yaponiyaya gedib. Yaponiyadan olan həkimlər prezidentin müalicəsi ilə bir ilə yaxın məşğul olublar. Lakin məlum olub ki, bu xəstəliyi tam sağaltmağa qadir dərmanlar yoxdur və müalicə ilə yalnız onun inkişafını zəiflətmək mümkündür. Sentyabrın 20-də səhər saatlarında mərkəzi hərbi hospitala yerləşdirilən Çan Day Kuanq həmin gün axşam komaya düşüb və bir daha ayılmayıb.
Ölkə rəhbərinin vəfatı ilə əlaqədar sentyabrın 26-27-si Vyetnamda ümummilli matəm günü elan edilib.
Dünya konspiroloqları Kuanqın bu ölümünü “siyasi liderlərin qəribə ölümləri” siyahısına daxil edir.
Çan Day Kuanq
Çan Day Kuanq ölkəyə 2016-cı ildən rəhbərlik edirdi və beş il müddətinə prezident seçilmişdi. Lakin o, prezidentlik müddətinin sadəcə yarısını tamamlaya bildi. Onun qəfil ölümü hamı üçün gözlənilməz oldu.
Prezident seçiləndən bir il sonra həkimlər Çan Day Kuanqın qanında xərçəng aşkarladılar. Həm Vyetnamdakı, həm də Yaponiyadakı tibbi müdaxilələrin heç bir nəticəsi olmadı. Həkimlərin dediyinə görə, prezidentin yoluxduğu xəstəlik o qədər nadirdir ki, hətta onunla bağlı hər hansı elmi statistika da yoxdur.
Xəstəlik müddətində Vyetnam liderinin səhhəti ilə bağlı mətbuata hər hansı məlumat verilmədi. Xəstəlik isə getdikcə şiddətlənirdi. Ölümündən sonra elan olundu ki, prezident virus təbiətli onkoloji xəstəlikdən dünyasını dəyişib. Bunun leykoz, yoxsa limfoma olduğu isə qeyri-müəyyən qaldı. Yalnız o məlum oldu ki, ölümcül xəstəliyə prezidentin orqanizminə düşən virus səbəb olub.
Uqo Çaves
Venesuela prezidenti Uqo Çaves də 2013-cü ildə, 53 yaşında onkoloji xəstəlikdən ölmüşdü. Venesuelladan olan mütəxəssislər xəstəliyi yaradan yad maddə aşkarlamışdılar. Həmin vaxt ekspertlər bildirmişdilər ki, prezidentin orqanizminə məqsədli şəkildə kimyəvi elementlər daxil edilib və bu da xərçəng şişinin yaranmasına səbəb olub.
Həmin vaxt “Aporrea” nəşri yazırdı ki, Çavesin ölümündə ABŞ xüsusi xidmət orqanlarının əli ola bilər. Nəşrin iddiasına görə, 2003-cü ildə hazırlanan plana əsasən, Latın Amerikasının 7 prezidenti aradan götürlməli idi. Hamısı da təhlükəli virusa yoluxdurularaq.
Konspiroloqların 2013-ün statistikasına əsaslanan siyahısı:
– Çavesin dostu, Argentina prezidenti Nestor Kirşner 60 yaşında bağırsaq xərçəngindən həyatını itirdi.
– Braziliya prezidenti Lula da Silvanın 66 yaşında boğazında xərçəng aşkardandı. Onu əvəz edən varisi Dilma Rusefə isə inauqurasiyasından 2 il sonra – 2011-ci ildə döş xərçəngi diaqnozu qoyuldu.
– 2013-cü ildə Paraqvayın 59 yaşlı prezidenti Fernando Luqoda limfoma, Boliviyanın 54 yaşlı prezidenti Evo Moralesdə burun xərçəngi, Kolumbiyanın 62 yaşlı prezidenti Xuan Manuel Santosda prostat xərçəngi tapıldı.
Özündə narahatlıq hiss edən Uqo Çaves ilk dəfə 2011-ci ildə Kubada əməliyyat olunur və Venesuela prezidentinin bağırsağındakı şiş götürülür. Bir neçə siyasi liderin eyni vaxtlarda ağır xəstələnməsindən danışarkən Çaves bildirmişdi ki, eyni ildə baş verən bu olaylara izah verməyə çətinlik çəkir: “Birləşmiş Ştatların xərçəngə yoluxdurmaq üçün texnologiya işləyib hazırladığı üzə çıxarsa, heç kim təəccüblənməz. Fidel mənə xəbərdarlıq etmişdi ki, ehtiyatlı olum və nə yediyimə fikir verim. Çünki onlar balaca bir iynə ilə sənə istədikləri şeyi yeridə bilərlər. Mən heç kimi ittiham etmirəm. Sadəcə hamımızın eyni anda niyə xərçəngə tutulmağımızın mümkün səbəblərini düşünürəm”.
Fidel Kastro
Fidel Kastro özü də xərçəngdən ölmüşdü. Kuba liderinə xərçəng diaqnozu ilk dəfə 79 yaşındaykən qoyulmuşdu. Lakin o, 11 il sonra dünyasını dəyişmişdi.
Xərçəngdən ölən prezidentlər təkcə Latın Amerikasına məxsus deyil. Dünyanın ayrı-ayrı nöqtələrində məhz onkoloji xəstəliyə görə həyatını itirən liderlər olub.
– 21.01.2006 – Kosovo prezidenti 62 yaşında ağciyər xərçəngindən həyatını itirib;
– 23.02.2008 – Sloveniyanın keçmiş (2002-2007) prezidenti Yanez Drnovşek xərçəngdən ölüb;
– 08.06.2009 – Qabon prezidenti Omar Bonqo Ondimba 73 yaşında bağırsaq xərçəngindən həyatını itirib;
– 01.04.2009 – Argentinanın keçmiş prezidenti Raul Alfonsin 83 yaşında ağciyər xərçəngindən ölüb;
– 18.12.2009 – Suriyanın keçmiş prezidenti Amin Hafes 89 yaşında xərçəngəndən həyatını itirib;
27.06.2010 – Litva prezidenti Alqirdas Brazauskas 77 yaşında xərçəngdən ölüb;
17.05.2010 – Honduras prezidenti Osvaldo Lopes xərçəngdən dünyasını dəyişib;
29.05.2011 – Abxaziya prezidenti Sergey Baqapş Moskvada onkoloji xəstəlikdən vəfat edib.
19.12.2011 – Çexiyanın birinci prezidenti Vatslav Qavel ağciyər xərçəngindən ölüb;
06.10.2012 – Əlcəzairin keçmiş prezidenti Şadli Bencedid 84 yaşında xərçəngdən ölüb;
25.07.2012 – Qana prezidenti Evans Atta Mills 68 yaşında boğazındakı xərçəngə görə həyatını itirib.
Tərcümə Strateq.az-ındır