Vüsal Novruzov Əbülfəz Məlikovun əli ilə Səfər Mehdiyevi necə vurdurur - Yeni gömrük rəhbərliyi ilə köhnə qvardiya arasında hibrid müharibəsi
12-12-2018, 16:45

Ötənlərdə xəbər başlıqlarında belə bir xətt keçirdi ki, büdcə kəsirlərinin yarısını gömrük gəlirləri örtəcək.
Anaxeber.info yazır ki, 2018-ci ilin dürüstləşmiş dövlət büdcəsində Dövlət Gömrük Komitəsi üçün müəyyən olunmuş 3 190,0 milyon manat illik proqnoz məbləği 101,98%, yəni 63,1 milyon manat artıqlaması ilə 11 ay ərzində vaxtından qabaq icra edilib.
Belə çıxır ki, gömrük daxilolmalarından bəs deyincə büdcənin xəzinəsinə pul daxil olub. DGK xətti ilə daxil olan vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 869,7 milyon manat və ya 36,49% çox olub.
Bu rəqəmlər istər-istəməz millət vəkili Vahid Əhmədovun gömrükdə 27 milyardın mənimsənildiyini deməsini yada salır.
Digər tərəfdən, belə qənaət hasil olur ki, yeni gömrük rəhbərliyi əvvəlki komanda ilə müqayisədə daha şəffaf işləyib, büdcəyə daha çox pul transfer edib.
Yəni açıqlanan rəqəmlər sabiq gömrük şefi Aydın Əliyev, onun sağ əli olan keçmiş Bakı gömrüyünün rəisi Vüsal Novruzov, inhisarçı Əbülfəz Məlikov və onlara xidmət edən şəbəkənin “bostanına daş atmaq” idi.
Üstəgəl, bu müqayisəli faktlar o zamana təsadüf edir ki, DGK Ə.Məlikovun Abşeron gömrük postuna rəis təyin olunması hada yayılan xəbərləri operativ şəkildə təkzib elədi.
Bu o demək idi ki, biz köhnə qvardiya üzvlərini, adı çirkin gömrük korrupsiyasına bulaşmış adamları yanımızda görmürük, vəzifələrə təyin etmirik.
Qısacası, yeni gömrük rəhbərliyi ilə köhnə qvardiya arasında bir hibrid müharibəsi gedir. Bu müharibənin əks-təbliğat siyasətini A.Əliyev-V.Novruzov cütlüyünün təşkil etdiyi iddiaları səslənir.
Onlar vaxtilə müavin vəzifəsi tutmuş, onlarla bütün qeyri-leqal əməliyyatlarda iştirak eləmiş, indi gömrük rəisi təyin olunmuş Səfər Mehdiyevə qarşı bir kampaniya başladıb.
Bu kampaniyanın baş ideoloqunun illərlə gömrüyün qeyri-rəsmi hökmranı olmuş fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu iddia edilir.
K.Heydərovun gömrüyə nəzarət erasının bitməsi, ölkəni ikinci büdcəsi sayılan sərhəd məntəqələrindəki kapitalını itirməsi, V.Novruzov, A.Əliyev kimi kadrlarının sistemdən kənarlaşdırılması və əvəzində bu qruplaşmaya əks cinahda dayanan yeni hakim gücün adamı olan S.Mehdiyevin DGK sədri təyin olunması böyük bir savaş səngəri açıb.
Iddia edirlir ki, mətbuatda S.Mehdiyev barəsində davamlı olaraq tənqidi materialların tirajlanması, onun fəaliyyəti haqda iç məlumatların sızdırılması V.Novruzov “mətbəxi”ndən sızır.
Yeni gömrük sədrinin barəsində aparılan qara piar kampaniyası sırf qarşıdurmanın olmasından irəli gəlir. Eyni zamanda gömrükdə 27 milyard mənimsənilməsi bəyanatını vermiş deputata K.Heydərova yaxın bəzi KİV-lərdə embarqo qoyulduğu bildirilir.
Ona görə də bu il ötən dövrlə müqayisədə büdcəyə gömrükdən daha çox maliyyə daxil olması informasiyasının ictimaiyyətə verilməsi S.Mehdiyevin keçmiş gömrük boslarına verilən cavab kimi qiymətləndirilə bilər.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 6 dekabrda mətbuata verdiyi açıqlamada bildirib ki, həmin gün üçün DGK illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib və həmin tarixə 3 mlrd. 380 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Gömrük şefi bununla K.Heydərov dönəmində talanın və büdcədən nə qədər vəsait yayındırılmasının, kölgə iqtisadiyyatının həcminin hansı səviyyədə olmasının fərqini ortaya qoymağa çalışıb.
Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli isə bildirib ki, komitə sədrinin açıqlamasına və on bir aylıq daxilolma rəqəmlərinə əsaslanaraq deyə bilərik ki, dekabrın ilk on günü ərzində DGK tərəfindən büdcəyə ödənilən vəsaitin məbləği 150,0 milyon manatdan çox olub.
Burdan belə nəticəyə gəlmək olar ki, dekabr ayı üçün daxilolmanın həcmi təqribən 400,0 milyon manat ətrafında ola bilər. Bu da indiyədək olan dövrdə DGK tərəfindən bir ayda təmin olunan ən yuxarı göstərici olar.
Göründüyü kimi, Heydərov komandası ilə Mehdiyev arasında informasiya müharibəsi açıq müstəviyə keçib. Ona görə də demək olar ki, hər gün müxtəlif media quruluşlarında yeni gömrük sədri haqda neqativ xəbərlər yayımlanır.