Bakının dalana dirənmiş "pilot layihəsi" - "Sabah Residence"MTK-dan ŞİKAYƏT
1-03-2019, 07:56

Artıq bir neçə ildir ki, Bakıda keçmiş SSRİ zamanında tikilmiş binaların yerində yeni tikililərin inşası üzrə pilot layihə həyata keçirilir. Şəhərin Nərimanov, Səbail, Yasamal və s rayonları ərazisində reallaşdırılan bu layihələr Nazirlər Kabinetinin uyğun sərəncamı ilə icra olunur. Sərəncama görə, şəhərin müəyyən küçələrində yerləşən binaların ərazisi icra hakimiyyətləri tərəfindən seçilmiş tikinti idarələrinə verilir və həmin şirkətlər qarşısında binaları sökmək, yerində yenisini tikmək , köhnə bina sakinlərini tikilən binalarda təmir olunmuş yeni mənzillə təmin etmək öhdəliyi qoyulur. Özü də yeni binanın tikildiyi zaman kəsiyində tender qalibi olan şirkət köhnə bina sakinlərinin kirayə qalmaq xərcini 100 faiz dəyərində mütləq ödəməlidir.
İlk baxışdan düşünülə bilər ki, bundan yaxşı nə təklif ola bilər? Köhnə binaların yeniləri ilə əvəzlənməsi həm şəhərimizin simasını gözəlləşdirir, həm də sakinlərə tavanı alçaq, sahəsi kiçik mənzillərini daha geniş yaşayış sahəsi ilə əvəzlmək imkanı yaradır.
Amma Bakının Səbail rayonu, Əli bəy Hüseynzadə küçəsi, 8 ünvanında yaranmış vəziyyət heç də düşünüldüyü kimi sadə deyil. Bu ünvanda yaşayan sakinlərlə həmin ərazidə bina tikməyə məsul olan "Sabah Residence” MTK və onun təsisçisi olan"Qala Group” MMC arasında yaranan münaqişə pilot layihə çərçivəsində tikilməsi nəzərdə tutulan evin inşasını dalana dirəyib.
Əli bəy Hüseynzadə küçəsi, 8 ünvanında 48 ailə yaşayır, onlardan 23 ailə MTK ilə razılaşıb, 25 ailə isə sökülən binanın yerində tikiləcək binada mənzil almaq istəmir. Həmin ailələr MTK-dan ya onların mənzillərini bazar qiymətinə almağı, ya da ətrafda olan binalarda yerləşdirməyi tələb edir. Əks halda sakinlər mənzillərini tərk etməyəcəklərini deyirlər.
"Sabah Residence” MTK-dan şikayət edən binanın sakinləri redaksiyamıza müraciət edərək bildirdilər ki, onları narahat edən məsələlərdən biri tikintinin qanunsuz aparılması ehtimalıdır. Belə ki, sakinlərin fikrincə, 2016-ci ildə Nazirlər Kabineti tərəfindən pilot layihə çərçivəsində Səbail rayonu, Xanlar küçəsində yerləşən yaşayış evləri ilə bağlı sərəncam verilib. Həmin sərəncamda Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanında yerləşən bina göstərilməyib. Sakinlər hesab edir ki, onların yaşadıqları küçə sənəddə qeyd olunan Xanlar küçəsi ilə horizontal yerləşdiyindən pilot layihəyə daxil edilə bilməz. Odur ki, Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanında yerləşən binaların sökülməsi sakinlərin təbirincə desək MTK əməkdaşlarının, özfəaliyyətidir.
"Bizim binamızı da sökəcəklərini deyəndə onlara bildirdik ki, bizim binamız pilot layihəyə düşməyib, sərəncam da yoxdur, dedilər ki, problem deyil. Səhərisi gün sərəncam gətirdilər ki, sizin bina da plana düşür. "Sabah Residence” MTK əməkdaşlarının sözlərinə görə onlar evlərimızı söküb yerində 19 mərtəbəli olan 4 bina tikəcəklər və bizə də oradan ev veriləcək. İstəmədiyimiz təqdirdə bizi traktorun altına alıb binadan çıxaracaqlar”, - deyə şikayətçilər vurğulayır.
Sakinləri narahat edən məqamlardan biri də 30 avqust 2017-ci il tarixində yaradılan "Sabah Rezidence” MTK-nın indiyə qədər hündürmərtəbəli bina tikmək təcrübəsinə malik olmamasıdır. "MTK məhz bu layihəni icra etmək üçün yaradılıb, heç bir təcrübəsi yoxdur. Odur ki, onlara sürüşmə zonasında 19 mərtəbəli binanın tikintisinin tapşırılması düzgün deyil. Biz əmin deyilik ki, bu MTK keyfiyyətli bina inşa edə bilər”, - deyə sakinlər etiraz edir.
"Biz dəfələrlə aidiyyəti qurumlara (Nazirlər kabineti, Prezident Administrasiyası, İcra Hakimiyyəti və s.) müraciət etsək də heç bir nəticə əldə edə bilməmişik. Yazdığımız bütün müraciətlər, məktublar hamısı qayıdır İcra Hakimiyyətinə. İcra Hakimiyyətinin də cavabı odur ki, bina söküləcək, yerinə təzə bina tikiləcək. Lakin onlardan tikinti ilə bağlı sərəncamı, ayrıc aktını, MTK-nın tikinti aparma haqqında lisenziyasını, inşaat pasportunu, xüsusi nişanı, Fövqəladə Hallar Nazirliyindən (FHN) binanın qəzalı vəziyyətdə olması haqqında sənədləri, layihənin şəhərsalma tərəfindən əsaslandırılması haqda sənədi, FHN-dən geoloji mərkəzin rəyini, dövlət zamanətinin olması haqqında sənədləri, ən nəhayət MTK-nın (nizamnamə kapitalı 500 AZN olub , 30 avqust 2017-ci il tarixində yaradılıb) aktivləri haqqında sənədi istədikdə bizə heç bir sənəd göstərə bilmədilər”, - deyə sakinlər bildirir.
Şikayətçilər deyirlər ki, yaşadıqları binanın yararsız vəziyyətdə olması barədə Azərtikintilayihə Dövlət Layihə İnstitutunun aktı da saxtadır. Belə ki, sakinlər binalarına texniki baxış keçirmək üçün öz vəsaitləri hesabına özəl ixtisaslaşmış "MBA Consulting Group” şirkətinə müraciət edib. Şirkətin gəldiyi rəydə bildirilir ki, Bakı şəhəri Səbail rayonu, Əli bəy Hüseynzadə, 8 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının orta fiziki aşınma göstəricisi 35,66 faiz təşkil edir. Qüvvədə olan normalara görə isə yaşayış binasının fiziki aşınma dərəcəsi 70 faiz və daha yuxarı olduqda bina yaşayış üçün yararsız sayılır.
anews.az