ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİNİN KOMMUNAL MÜAVİNƏTLƏRİ NİYƏ ARTIRILMIR? PREZİDENTİN QARABAĞ ƏLİLLƏRİNİN SOSİAL MÜDAFİƏSİNƏ AYIRDIĞI VƏSAİT MƏNİMSƏNİLİR
2-03-2019, 13:40

Azərbaycan Respublikası Prezidentininin 26 dekabr 2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ Fərmanı ilə Qarabağ , Böyük Vətən Müharibəsi, Çernobıl , 20 Yanvar əlillərinə və şəhid ailələrinə kommunal, nəqliyyat, rabitə , tibb (dərman) xidməti haqqlarının ödənilməsi üçün 2002-ci ilin yanvarından aylıq 130 min manat (hazırkı 26 manat ) müavinət müəyyən olunub. Hər il indeksasiya olunması fərmanda əks olunan , lakin 17 ildir dəyişməyən bu müavinət tamam unudulub. Təsəvvür edin, elektrik enerjisini, qazın, suyun, rabitənin, dərmanın qiymətləri on dəfələrlə artsa da buna uyğun olaraq verilən kompensasiya dəyişməz qalıb. Ümumiyyətlə, bu fərmana “ögey ilgi”nin nədən qaynaqlandığı bilinmir. Konstitusiyanın 149-cu maddəsinə görə, prezident fərman və sərəncamlarının icrası məcburidir. Bəs niyə fərmanı icra et(dir)məyə borclu olan sosial müdafiə , sosial qanunvericilik və icra hakimiyyəti orqanları susur? Eləcə də prezidentin 29 dekabr 2000-ci il tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” prezident sərəncamının 1-ci bəndində 1-ci, 2-ci və 3-cü qrup Qarabağ və 20 Yanvar əlillərinə verilən aylıq müavinətlərin artırılaraq müvafiq olaraq 70 min (14) , 60 min (12) və 50 min (10) manat müəyyən edilməsi təsbit olunub və 18 ildir dəyişməz olaraq qalır!?Müqayisə üçün deyək ki, həmin sərəncamın 2-ci bəndi ilə müəyyən olunmuş uşaq doğularkən verilən 70 min, yəni 14 manatlıq birdəfəlik müavinət prezidentin bir neçə gün öncə verdiyi son sərəncamla 109 manatdan 200 manata qaldırıldı. Başqa sözlə, 18 il qabaq eyni olan müavinətin biri dəyişməyib, amma digəri ortalıq 15 dəfə (!) artıb. Maraqlıdır , dövlət başçısını hələ də qüvvədə olan bu normativ hüquqi aktları “unutmağa” nə vadar edir? Aydındır ki , sosial sahəyə cavabdeh olan qurumlar müvafiq aktları və bu aktlar ilə müəyyən olunan məbləğlərin indeksasiyasını prezidentin diqqətinə və imzasına “təqdim etməyə” borcludurlar. Vəzifə borcunu yerinə yetirməmək müavinətlərin mənimsənilməsi ilə bağlı deyil ki?
Media borcumuzu yerinə yetirib, Prezidentin diqqətini 17 -18 ildir dəyişməyən əlil və şəhid ailələrinə ayrılan müavinətlərə yönəldirik.
MƏĞRUR BƏDƏLSOY
Teref.az