İradə Gülməmmədova özünü 1-ci ledi sayır? – Fotosu dərsliklərdə
12-04-2019, 08:14

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova
Məktəb dərsliklərində, jurnallarda mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin şəkilləri olur. Abşeronun icra başçısı İradə Gülməmmədova isə özünü onlarla eyni ranqda görür. Azeuronews.com xəbər verir ki, Abşeron İH başçısı özünün şəkli olan məktəbli kitabçalarını təhsil ocaqlarına paylamaqda davam edir. Ona izah edən olmayıb ki, İradə xanım, siz dövlət rəhbərliyində təmsil olunmursunuz, Azərbaycan tarixində adını keçmir, məktəblilər onlara paylanan kitabçaları açanda niyə sizin şəklinizi görməlidirlər?

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova
İ.Gülməmmədova bəlkə Azərbaycanın görkəmli alimidir, yaxud akademikdir, bilmirik… Fotolardan aydın olur ki, məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilib. Bu cür gündəliklər rayonun digər məktəblərində də şagirdlərə verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib. Nə bildirilsin axı?! Sözsüz ki, Abşeron RİH başçısı, el arasında “kraliça”, “imperatriça” adları qazanmış İradə Gülməmmədovanın tapşırığı əsasında hazırlanıb.

Ümumiyyətlə, məktəbli kitabçasında Novruz şənliyi ilə bağlı Abşeron RİH-nin tədbiri niyə işıqlandırılmalıdır? Bəzi kitablarda Azərbaycanın I vitse-prezidenti Mehiban xanım Əliyevanın fotoları olur. İradə Gülməmmədova isə özünü görkəmli ictimai-siyasi xadim hesab edir. Yaxşı olar ki, xeyirxah bir əməllə məşğul olsun, Abşeron sakinlərinin problemlərini həll eləsin, Xırdalan yollarını heç olmasa düzəltsin, sonra məktəbli kitabçalarına fotolarını vurar. İ.Gülməmmədova isə Mehriban xanımın yolunu getmir, onun kimi kimsəsizlərə, çarəsiz vətəndaşlara əl tutmur, Abşeron sakinlərinə “qan uddurmaq”la ad çıxarır. Ən azından internetdə onun adını axtarış verəndə müsbət məlumata rast gəlmək olmur. Prezident sosial islahatlara başladığını bəyan edir, Abşeronun xanım icra başçısı isə heç bir iş görmür, abadlıq işləri aparmır.