“QAÇQINKOM”U SİLKƏLƏYƏCƏK “CABBAROVLARIN İŞİ” – MƏCBURİ KÖÇKÜN STATUSU OLMAYANLARA MƏNZİLLƏR NECƏ SATILIB?

24-11-2019, 09:18           
“QAÇQINKOM”U SİLKƏLƏYƏCƏK “CABBAROVLARIN İŞİ” – MƏCBURİ KÖÇKÜN STATUSU OLMAYANLARA MƏNZİLLƏR NECƏ SATILIB?
Bu bir həqiqətdir ki, Avropanın qabaqcıl inkişaf etmiş dövlətlərinin onlara pənah aparan qaçqınları sərhəddən buraxmadıqları, qovduqları, deportasiya etdikləri indiki zamanda qaçqın və məcburi köçkünləri çadırlardan yeni, abad qəsəbələrdə tikilmiş evlərə, mənzillərə köçürmək hər dövlətin işi deyil və bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin, digər tərəfdən isə dövlətimizi idarə edən şəxslərin həmvətənlərimizə münasibətdə qədirşünaslığının və insanpərvərliyinin göstəricisidir.

Ancaq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə tikilən evlərin məhz köçkünlər üçün nəzərdə tutulduğunu aləmə car çəksə də, belə statusa malik olmayan şəxslərin də həmin evlərdən mənzil aldıqları barədə məlumatlar dolaşırdı. Düzü, həmin informasiyalarla rastlaşanda inanmağımız gəlmirdi. Təkcə ona görə yox ki, hələ köçkün soydaşlarımız arasında illər uzunu zirzəmilərdə yaşayanlar, Qaçqınkoma ayaq döyməkdən dabanı qabar bağlayan zavallılar az deyil. Həm də ona görə ki, mənzil – məişət şəraitinin yaxşılaşdırılmasını haqq etmək üçün imtiyazın tanınması məsələsində sərt seçim vardır.

Məsələn, yerli sakinlərlə ailə quran qaçqın və köçkünlərin övladları; məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvləri; ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvləri; “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlər imtiyazlarından məhrum edilirlər.

İnanmırdıq, amma etibarlı mənbədən redaksiyamıza daxil olan məlumatlarla tanış olandan və onların əsasında apardığımız araşdırmanın nəticələrini təhlil etdikdən sonra inanmaqdan başqa əlacımız qalmadı. Həmin məlumata görə, Beyləqan rayonunun Milabad kənd sakinləri olan Cabbarovlar ailəsinin nə az, nə çox – düz 5 nəfər üzvü – Cabbarov Bayram İslam oğlu, Cabbarov İslam Ərşad oğlu, Cabbarova Fitat Səfəralı qızı, Cabbarova Aygün İslam qızı, Cabbarova Aynyrə İslam qızı, Cabbarova Səbinə İslam qızı paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunmuş evlərdən mənzillər almağa müvəffəq olublar.

RealMedia.az məsələ ilə bağlı araşdırma apararkən, Beyləqan RİH-nin Milabad inzibati ərazi vahidi üzrə nümayəndəliyindən təsdiqlədilər ki, Cabbarovlar uzun müddətdir ki, Milabad kəndinin sakinləridirlər. Milabad bələdiyyəsindən isə öyrəndik ki, Cabbarovlar öz pay torpaqlarını notarial qaydada imzalayaraq başqa şəxslərə satıblar. Yəqin ki, bu işə məhz köçkün statusuna yiyələnmək üçün “təmizlik” məqsədilə qol qoyublar. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beyləqan rayon nümayəndəliyindən də dəqiqləşdirdik ki, Cabbarovlar qaçqın və ya məcburi köçkün kimi qediyyata alınmayıblar.

Söz yox, hüquq müstəvisində araşdırılacağı təqdirdə bu “kələfin ucu” gedib Komitənin sabiq sədri Əli Həsənovun hakimiyyəti dönəminə çıxacaq. Amma əlbəttə ki, cavabdeh qismində dindiriləcək şəxs və ya şəxslər Cabbarovların haqq etmədikləri mənzillərə kuryoz bir səhv nəticəsində, təsadüfən yiyələndiklərini iddia edə bilməzlər. Çünki, bu məsələ özündə uzun prosedurlardan keçməyi nəzərdə tutur ki, həmin sırada da birinci yerdə köçkünlük statusunun və həmin statusu təsdiqləən vəsiqənin əldə edilməsidir. İşin alınması üçün üstündə mütəşəkkil dəstə çalışıb, vəssalam.

Qeyd olunan məsələylə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
realmedia.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.