BAKIDA AĞARTI ADINA HƏR CÜR ZİR-ZİBİL SATANLAR - Quru süd tozu və nişasta, üstündə salfet, oldu “camış qatığı”...
24-11-2019, 20:11
Azərbaycanın qida bazarında uzun illərdir mənşəyi və hansı şəraitdə hazırlandığı məlum olmayan ağartı məhsulları, xüsusilə də “camış qatığı”, pendir, süd, nehrə yağı satılır. Virtualaz.org araşdırıb ki, ölkədə camışçılıq təsərrüfatının sayı son bir neçə ildə dəfələrlə azalıb, fərdi təsərrüfatlar isə məhv olmaq üzrədir. Bir-iki iri təsərrüfat qalıb ki, onlar da sərfəli olmadığından məhsulu birbaşa bazara çıxarmır, yağ, qaymaq istehsal edən müəssisələrə satırlar.
“Camış qatığı” adı ilə satılan məhsullar isə quru süd, nişasta və qatqılardan, birdəfəlik plastik qablarda satılan pendir isə nişasta, jelatin, quru süd və mayadan hazırlanır. Bazarlarda kiloqramı 9-12 manat arası satılan nehrə yağlarının tərkibi isə hətta satıcılara belə bəlli deyil, güman edilir ki, yağın içərisinə palma yağından tutmuş marqarin yağlarınadək bütün növ yağlar qatılır. Amma paytaxt bazarlarında, məhəllə marketlərində, yol kənarlarında, hətta maşınlarla məhəllələrə qədər aparılıb satılan belə məhsulların məhz kəndlərdən gətirildiyi iddia olunur. Üzərində istehsal tarixi, saxlanma müddəti, sağlamlığa yararlı olub-olmaması ilə bağlı hər hansı qeyd olmadığından istehlakçılar satıcının şifahi təminatı ilə kifayətlənməli olurlar.
Qida Təhlükəsizlik Agentliyinin son monitorinqləri də göstərdi ki, xüsusilə Bakıətrafı qəsəbələrdə zirzəmi və ya yarımtikililərdə, natəmizlik içərisində ağartı məhsulları hazırlanırmış, üstəlik istifadə olunan xammalın nə keyfiyyət göstəriciləri, nə mənşəyi bəlli deyil.
Salfet çəkib, yağ damızdırırsan...
Paytaxtın Nəsimi rayonu, 28 may küçəsində (Səməd Vurğun bağının ətrafında) bir-birinin yaxınlığında yerləşən marketlərdə, eləcə də küçədə maşınların yük yerində süd məhsulları satılır. Satıcılar deyiblər ki, “camış qatığı”na təlabat var, məhsul gələn kimi satılır.
“Gördüyünüz məhsulları birbaşa Daşkəsəndən gətirirəm, öz həyətimizin məhsullarıdır”,-satıcı maşının yük yerinə doldurduğu pendirdən tutmuş toyuğa qədər məhsulları göstərir.
Amma çox keçmir plastik qablara doldurulmuş südü, qatığı Bakı kəndlərindən aldığını etiraf edir: “Daşkəsəndə az da olsa camış saxlayanlar var, südü alıb özümüz hazırlayırıq. Bəzən sifariş olanda Bakı kəndlərindən də alıb gətirirəm. Alıcı üçün fərqi yoxdur, heç maraqlanan da olmur”.
“Camış qatığı adı altında elə sırıyırlar ki…”
Teymur adlı digər satıcı isə süd məhsullarını Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki topdansatış bazarından aldığını, üzərinə 15-20 qəpik qoyub satdığını deyib. “Mən ancaq tanıdığım yerlərdən məhsul götürürəm, çünki qatığın üzünə nazik qatla salfet qoyurlar ki, qaymağa oxşasın, içərisinə də cüzi yağ damızdırırlar. Hamıya inanmaq olmur ”, -satıcı deyib və əmin edib ki, indi kənd-şəhər məhsullarının arasında çox da fərq yoxdur. Məsələn, kəndlərdə də nehrə yağının içərisinə bitki yağları qatıb satırlar, tərkibinə kərə yağı ətirləyicisi də qatırlar. Yaxud quru süddən hazırlanan qatığı camış qatığı ilə elə sırıyırlar ki, alıcı fərqində belə olmur.
Metronun 28 May stansiyasının yaxınlığındakı bazarda da ağartı məhsullarının Bakı kəndlərindən, eləcə də Şəmkir və Gəncədən gətirildiyini deyiblər. Satıcılardan biri söyləyib ki, Bakı kəndlərindən inək, bölgələrdən camış qatığı, inək pendiri, xama, qaymaq gətirənlər var: “Biz bazarın daimi satıcıalrıyıq, maşınlardan məhsul almaq təhlükəlidir. Öz başıma gəlib, heyvanın üstünə yağ çəkib satırlarmış. Evə alıb aparanda bildim”,-satıcılardan biri danışıb.
İnək zibilliklə qidalanır, sonra südün, qatığın satırlar...
Bir də Bakının kənd və qəsəbələrində fərdi evlərdə saxlanılan, otlaq sahəsi olmadığından zibilxanalarda tullantılarla qidalanan mal-qaranı və bu mal-qaradan alınan südün, qatığın, qaymağın çox zaman elə həmin zibilxanaların ətrafından toplanan plastik qablara doldurularaq satıldığını da əlavə edin, ağartı bazarında mənzərə həqiqətən çox acınacaqlı görünür.
Məsələn, Suraxanı rayonu, Zığ kəndindəki fərdi təsərrüfatların heyvanları ilin bütün fəsillərində Zığ qəsəbəsindəki zibilxanadan qidalanır. Həmin heyvanların məhsulları isə ətraf mağazalara, məhəllə marketlərinə, meyvə-tərəvəz satılan köşklərə paylanılır. Zığ kəndi ilə qəsəbə arasındakı magistral yolun kənarındakı mağazanın satıcısı etiraf edir ki, inəklərin zibilliklə qidalanmasının şahidi olub, ona görə də satdığı məhsuldan özü istifadə etməyib.
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində avtomobilin baqajında ağartı məhsulları satan Cəfər İsayev də satdığı məhsulların keyfiyyəti ilə bağlı hər hansı sənəd göstərə bilmir. Ancaq onu deyir ki, Masallıda öz ailə təsərrüfatında hazırlanıb. Satıcıdan öyrənirik ki, illərdir burada alver etdiyindən daimi müştəriləri var. Demək olar ki, gətirdiyi məhsullar, xüsusən də, süd, qatıq və nehrə yağı satışa çıxan kimi qurtarır.
Əlavə edir ki, hələ indiyə kimi satdığı ağartıdan zəhərlənən olmayıb. Binəqədi rayonunda, 6-cı mikrorayonda yerləşən məhəllə marketlərindən birində isə satıcı and-aman edib ki, satdığı məhsulları Şamaxıdan gətirilir. Özü hazırlamasa da, keyfiyyətinə təminat verir: “Təmiz kənd məhsullarıdır, bu gün səhər Şamaxıdan gətiriblər. Balamın canına and olsun ki, heyvanın heç bir xəstəliyi yoxdur. Qonşum 6 aylıq uşağı üçün bundan alır...”
Beyləqanda camış südü 1.5 manat, Bakıda camış qatığı 1 manat?
Amma alıcılar fərqli düşünürlər. Meyvə-tərəvəz bazarlığı edən müştəri Mehparə Məmmədova deyir ki, heç vaxt küçədə və ya dükanda kənd qatığı, südü adı ilə satılan məhsulları almır: “Bir neçə il əvvəl yaxın qohumum belə mağazadan alınan süddən bruselyoz xəstəliyinə yoluxub. Uzun müddət müalicə olundu, çox əziyyət çəkdi. Fəsadları hələ də qalır, ağartı məhsullarına yaxın gedə bilmir. Elə o vaxtdan məndə də qorxu yaranıb. Əvvəl ancaq tanıdığım, inandığım adamdan qatıq, süd alırdım, indi yalnız firmaların ağartı məhsullarından istifadə edirəm”, - müsahibimiz deyib.
Alıcılardan Fazil Məmmədli isə deyib ki əslən Beyləqanlıdır, rayonda camış südünün litrini 1 manat 50 qəpikdən satırlar: “Beyləqanda camış südünün litri 1 manat 50 qəpikdən satılır. Necə olur ki, rayonda o qiymətə süd alıb, qatıq hazırlayıb Bakıda 1 manata satırlar? Bunun hələ yol xərci də var. Quru süd tökülür, qatıq mayası vurulur. Bir müddətdən sonra həmin məhsul bərkiyir, sonra üzərinə təkrar quru süd tökürlər. Bunu ancaq rayon adamları bilirlər, dadından hiss edirlər”. Məmmədli deyir ki, yaxşı pendirin məsamələri az olur, duza qoyulanda bərkimir, əksinə yumuşalır. Bazarlarda satılan pendirlərə mayanı o qədər qatırlar ki, bir az qalan kimi elə bil daşa dönür.
“6 litr süddən 1 kiloqram pendir çıxır, südü neçiyə alırlar ki, pendiri 5 manata satırlar”,-o şübhəsini əsaslandıraraq deyir.
Satıcılardan onu da öyrənirik ki, ağartı məhsullarının tez xarab olmaması üçün tərkibinə antibiotiklərin qatılması variantından da istifadə edənlər var.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildiriblər ki, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Ümumiyyətlə isə AQTA vətəndaşlara mənşəyi məlum olmayan və antisanitar şəraitdə hazırlanan qida məhsullarını almamağı tövsiyə edir.
Ü.Xudiyeva, G.Əliyeva