“Gəncəbank” rəhbərinin zorakılığı ilə üzləşmiş qadın Qurbanovlara müraciət etdi

27-04-2015, 23:28           
“Gəncəbank” rəhbərinin zorakılığı ilə üzləşmiş qadın Qurbanovlara müraciət etdi
Natalya Kərimova “Dədə Şəmşir”dən bəhs edib Qənbər Qurbanovdan ədalət istədi...

Gəncə şəhər sakini Natalya Kərimova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və onun atası Qənbər Qurbanova müraciət edib. N.Kərimova “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın onun biznesini, obyektini, əmkakını zorakılıqla əlindən aldığını qeyd edir.

Xeberci.com-un məlumatına görə, milliyyətcə rus olan qadın ASC-nin səhmdarı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri, Qənbər Şəmşiroğluna, Milli Məclisin deputatı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qənbər oğluna müraciətində yazır: “Hörmətli Qənbər müəllim! Yəqin ki, ”Gəncəbank" ASC-nin qadın rəhbəri Pərvanə Cəmilqızının mənim başıma oyun açaraq Gəncədəki mülklərimi ələ keçirməsi barədə ölkə prezidenti cənab İlham Əliyevə, 1-ci xanım Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına və Rusiyanının Azərbaycandakı səfirliyinə etdiyim müraciətdən məlumatınız vardır. Mən Azərbaycana gəlmək istəmirdim. Araşdıranda ki, Azərbaycan necə bir demokratik ölkə olub və ölkə prezidentinin insanlara və xüsusən də milli azlıqlara göstərdiyi diqqət və qayğı mənim yenidən Azərbaycana gəlməyimə və Pərvanə Cəmilqızı tərəfindən tapdalanmış hüquqlarımın bərpa edilməsi üçün müraciət etməyimə səbəb oldu.

Mən ölkə prezidenti cənab İlham Əliyevə çox inanıram. Azərbaycan onun sayəsində regionda, mən deyərdim ki, dünyada söz sahibi olan ölkə həddinə çatmış və ən nümunəvi tolerant ölkədir. 2001-ci ildə mənə imkan vermədilər ki, rəhmətlik mərhum Heydər Əliyevin qəbuluna düşüm. Ona görə ki, mənim mülklərimi ələ keçirtmək məqsədilə Pərvanə Cəmilqızı iki azyaşlı qızımın başına oyun açdırmaq hədəsi ilə məni ölkədən çıxmağa vadar etdi. Mən dediyim kimi, Azərbaycana gəlməmişdən araşdırdım ki, Sizin də həmin bankda səhmləriniz var. Sizin kim olduğunuzu araşdırdım. Gördüm ki, Azərbaycanda hörmət edilən el ağsaqqalı və ədalətli insansınız.

Mən bu sözləri səmimi hislərimlə yazıram. Düzdür, Sizin 2001-ci ildə həmin bankda səhmləriniz olmamışdır. Ancaq keçmişi cinayətkar qrupu maliyyələşdirən və rəhbəri (Pərvanə Cəmilqızı) yetirən bir bankda Sizin səhmlərinizin olması məni çox təəccübləndirdi. Sonra fikirləşdim ki, bu hadisələrdən Sizin xəbəriniz olmaz. Çünki Siz böyük bir elin, Kəlbəcərin ağsaqqalı, Azərbaycan xalqının ürəyində xoş bir yeriniz olan bir insan və ən əsası “Dədə Şəmşir” Ocağının yetirməsisiniz. “Dədə Şəmşir” öz əsərlərində daima haqqı və ədaləti təmsil etmiş və həmişə də bu cür haqsızlıqlara baş əymədən ömür sürmüşdür. Mən hesab edirəm ki, onun övladı və nəvəsi də bu cür insandı. Sadəcə, mənim Sizdən bir xahişim var ki, bu işin ədalətli şəkildə araşdırılmasında maraqlı olasınız. Kimsəsiz və sahibsiz bir rus qadınının başına açılmış bu oyunlara göz yummayacağınızdan əminəm. Mənim sonda bir xahişim də var: vaxtınızdan 5 dəqiqə ayırıb məni dinləyəsiniz".

Yada salaq ki, N.Kərimova “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın onun biznesini, mülklərini zorakılıqla ələ keçirdiyini bildirib, səlahiyyət sahiblərindən imdad diləyir. Bununla bağlı ötən saylarımızda “Cavid Qurbanovun bankının qadın rəhbəri haqda şok ittihamlar” sərlövhəli yazıda N.Kərimovanın yazdıqlarına istinadən qeyd edilir ki, P.Novruzovanın göstərişi ilə onu və qızını oğurlayaraq Gəncə ətrafında bir əraziyə aparıb zirzəmiyə salıblar. Orada qızının zorlanması təhdidi ilə əmlaklarından imtina etməsinə nail olublar.

Bir daha vurğulayırıq ki, “Gəncəbank” haqda yazılanlar N.Kərimovanın iddialarıdır və o, bu iddiaların araşdırılması istəyi ilə ölkə rəhbərliyinə, bankın sahibləri arasında atası Qənbər Qurbanov olan Cavid Qurbanova da müraciət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.